Məhkəmə qərarları › İş №e-2(049)-373/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-373/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-373/2023 13.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun tutulması» tələbinə dair kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran rayon məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faiz və cərimə borcunun birgə qaydada cavabdehlərdən tutulması» tələbi barədə iddia ərizəsilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 096-EMB-0441-20 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 95.89 AZN (Doxsan beş manat 89 qəpik), həmçinin ərizəyə görə ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 126,29 (bir yüz iyirmi altı manat, 29 qəpik) manat borcun cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə iddiaçı ilə Cavabdeh ilə BOKT Embafinanas QSC arasında 096-EMB-0441-20 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən kreditor tərəfindən borc alana 18 ay müddətinə 8447 manat məbləğində kredit verilmişdir. Bununla bağlı onunla kredit təşkilatı arasında xx.xx.2020-ci il tarixli, 096-EMB-0441-20 nömrəli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğləri ödənilmədikdə və ya vaxtında ödənilmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tam tələb edə bilər. Həmin müqavilənin 2.4.5-ci bəndinə əsasən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə borcalan özünün şəxsi əmlakı hesabına borcun ödənilməsini təmin etməlidir. Lakin, borc alan bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin və əsas borc məbləğinə hesablanmış faiz məbləğlərinin ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Borc alanın öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində xx.xx.2020-ci il tarixli, 096-EMB-0441-20 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 95.89 manat əsas borcu, yaranmışdır. Kredit müqaviləsi üzrə borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq cavabdehlə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, həmin şəxs tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli, 096-EMB-0441-20№ -li kredit müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə BOKT Embafinans QSC arasında 18 ay müddətinə 648.00 manat məbləğinin alınması üçün kredit müqaviləsi bağlanmış və Cavabdeh xx.xx.2020-ci ildən başlayaraq kredit borcunu qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli NMA-0026994-22 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 096-EMB-0441-20 №-li kredit müqaviləsindən irəli gələn ödənilməmiş 95.89 manat əsas borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30.00 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 95.89 manat, ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 126,29 manat borcu alınaraq, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar