Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-38/2025 01.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştriakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 38245.52 (otuz səkkiz min iki yüz qırx beş manat, 52 qəpik) manat, bundan 20170.11 (iyirmi min bir yüz yetmiş manat, 11 qəpik) manat əsas, 18075.41 (on səkkiz min yetmiş beş manat, 41 qəpik) manat və iş üzrə ödənilmiş 205 (iki yüz beş) manat dövlət rüsumunun Cavabdeh tutulması, - tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə, 1-ci yaşayış binasında B blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 159 kv.m olmaqla 4 otaqdan ibarət 74 nömrəli mənzilə yönəlməsi, - yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 182 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 (bir yüz səksən) ay müddətinə illik 10 (on) faiz dərəcəsi ilə 143100 (bir yüz qırx üç min bir yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 222/R saylı müqavilə əsasında X1 olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə, 1-ci yaşayış binasında B blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 159 kv.m olmaqla 4 otaqdan ibarət 74 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə, 1-ci yaşayış binasında B blokunun 11-ci mərtəbəsində ümumi sahəsi 159 kv.m olmaqla 4 otaqdan ibarət 74 nömrəli mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 182/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2024-cü il tarixə cəmi borcu 38245.52 (otuz səkkiz min iki yüz qırx beş manat, 52 qəpik) manat təşkil edir. Bundan 20170.11 (iyirmi min bir yüz yetmiş manat, 11 qəpik) manat əsas, 18075.41 (on səkkiz min yetmiş beş manat, 41 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasındakı izahatında və məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etiraz ərizəsində bildirmişdir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsində Cavabdeh 11 aprel 2013-cü il tarixli 182 saylı kredit müqaviləsinə və 11 aprel 2013-cü il tarixli 182/1 saylı İpoteka müqaviləsinə istinad etmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh ilə "xxxx" MTK ilə aralarında 10 aprel 2013-cü il tarixli, 222/R saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunun 11-ci mərtəbəsində 159 kv.metrdən ibarət olan 74 saylı mənzilin bir kv.metrini 900 manata razılaşaraq almışdır. Qeyd edilən mənizilin dəyərini 2015-ci il tarixdə tam ödədikdən sonra MTK tərəfindən Cavabdeh maliyyə arayışı təqdim edilmişdir. Bundan sonra xx.xx.2015-ci il tarixdə ******* reyestr nömrəli mülkiyyəti təsdiq edən çıxarış təqdim edilmişdir. 2013-cü ildən bu günə qədər ailəsi ilə birlikdə mülkiyyətində olan və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunun 11-ci mərtəbəsində 159 kv.metrdən ibarət olan 74 saylı mənzildə yaşayır. İddiaçının iş materiallarına əlavə etdiyi 11 aprel 2013-cü il tarixli kredit və ipoteka müqavilələrindən göründüyü kimi müqavilələr iddiaçı tərəfindən imzalnmış Cavabdeh tərəfindən isə hər iki müqavilə imzalanmamışdır. Bu isə onu təsdiq edir ki, iddiaçının təqdim etdiyi və istinad etdiyi müavilələr tam təsdiqlənməmiş, təsdiqlənmədiyi isə cavabdeh tərəfindən iddiaçıdan hər-hansı bir təminat verilməklə pul məbləği götürülməmişdir. Əgər həqiətən də müqavilə bağlanmışdırsa, bəs nə üçün kreditin təminatı olan və Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 1-ci yaşayış binasının B blokunun 11-ci mərtəbəsində 159 kv.metrdən ibarət olan 74 saylı mənzilin yüklü edilməsi barədə dövlət reyestrində qeydiyyat aparılmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş iddia tam əsassızdır və heç bir sübutla təsdiq edilmir. Ona görə də, iddia tamamı ilə rədd edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart tarixli qərarına əsasən, Daşınmaz əşyalar üzərində əşya hüquqlarının şəffaflığı daşınmaz əşyaların dövlət reyestrindəki qeydiyyatla təmin edilir. Belə ki, daşınmaz əşya üzərində əşya hüquqlarının qeydiyyatını dövlət özü aparır və qəbul etdiyi qanunlar vasitəsilə də şəxsləri özünün apardığı bu qeydiyyata görə hərəkət etməyə vadar və məcbur edir. Bu səbəbdən də mülki hüquq subyektləri dövlət tərəfindən aparılan bu qeydiyyata arxayın olaraq daşınmaz əşya ilə bağlı əşya hüquqlarını əldə etdiklərini güman etməkdə tam haqlı hesab olunurlar. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarına əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsi Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda qeyd edir ki, iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Belə ki, iş materiallarında olan sübutlar əsasında məhkəmə yekun məhkəmə aktı qəbul edə bilər. İşin məhkəmə baxışının yekunlaşması mümkündür. Odur ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavadeh Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcunun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan iddianın rədd edilməsi barədə qətmanə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərtib edilmiş 12 iyul 2024-cü il tarixli maliyyə arayışından qeyd edilmişdir ki, Cavabdeh **********0292090000 saylı 11 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı banka xx.xx.2024-cü il tarixə cəmi borcu 38245.52 (otuz səkkiz min iki yüz qırx beş manat, 52 qəpik) manat təşkil edir. Bundan 20170.11 (iyirmi min bir yüz yetmiş manat, 11 qəpik) manat əsas, 18075.41 (on səkkiz min yetmiş beş manat, 41 qəpik) manat faiz borcu təşkil edir. Ödəniş qəbzlərinin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə xx.xx.2013-cü il tarixdə 20.000 manat, xx.xx.2013-cü il tarixdə 20.000 manat, xx.xx.2014cü il tarixdə 10.000 manat, xx.xx.2014-cü il tarixdə 20.000 manat ödəniş edilmişdir. Kassa məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2014-cü il tarixdə 201.981 manat ödəniş edilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh oöluna ünvanlanmış Bildirişdən görünür ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə 38.245,52 manat borcunu 3 gün müddətində ödəməsi ondan tələb edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* nömrəli xx.xx.2015-ci il tarixli qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 148,8 kv.m. olan daşınmaz əmlak (mənzil) Cavabdeh xüsusi mülkiyyətindədir. "xxxx" MTK tərəfindən təqdim edilmiş MTK-nın üzvlərinin ümumi iclasının 1 №-li Protokolundan xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh kooperativə üzv qəbul olunmaqla, MTK-nın Bakı şəhəri, Xətari rayonu, 1130-cu məhəllə, Babək prospektində yerləşən 10 “a” saylı evin 74 saylı mənzilininpayçısı olması təsdiq edilərək, sənədlər payçıya çıxarış verilməsi üçün DƏDRX-nə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 2007-ci il 26 iyul tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probatio (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (Makhmudov v. Russia, № 35082/04, § 68, 26 iyul 2007-ci il). Qeyd edilən prinsip universal olaraq hazırkı iş üzrə araşdırma qaydasına tətbiq olunmalıdır. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti öz iddia tələbində Cavabdeh ilə iddiaçı bank arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 182 saylı kredit müqaviləsinə və tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Bank ilə Cavabdeh arasında bağlanmış 182/1 saylı müqaviləyə əsaslanır. Məhkəmə iddia tələbinin “kredit borcunun qaytarılması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 386.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Məhkəmə ilk növbədə qeyd edir, məhkəmə tərəfindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 182 saylı kredit müqaviləsinin əslinin, xx.xx.2013-cü il tarixli, 182/1 saylı ipoteka müqaviləsinin əslinin və həmin kredit müqaviləsinə əsasən, Cavabdeh kredit vəsaitinin ödənilməsini təsdiq edən sənədlərin (kassa məxaric orderi, ödəniş tapşırığı və s.) əslinin məhkəməyə təqdim edilməsi barədə müvafiq sorğu göndərilmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə tərəflər arasında təsdiqlənmiş xx.xx.2013-cü il tarixli, 182 saylı kredit müqaviləsi, xx.xx.2013-cü il tarixli, 182/1 saylı ipoteka müqaviləsi və həmin kredit müqaviləsinə əsasən, Cavabdeh kredit vəsaitinin ödənilməsini təsdiq edən sənədlərin (kassa məxaric orderi, ödəniş tapşırığı və s.) təqdim edilməmişdir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2013-cü il tarixli, 182 saylı kredit müqaviləsi və xx.xx.2013-cü il tarixli, 182/1 saylı ipoteka müqaviləsində yalnız İddiaçı ASC-nin İdarə heyətinin sədri Z.B.Quliyevin imzası və bankın möhürü olmaqla, Cavabdeh imzası mövcud deyildir. Kassa məxaric orderinin əli isə ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilən xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbini əsaslandırmaq üçün həmin sənədin surətini iddia ərizəsinə əlavə etsə də həmin sənəddə Cavabdeh pul vəsaitinin hansı əsasla, yəni hansı müqaviləyə əsasən ödənildiyi qeyd edilməmişdir. Həmçinin iddia tələbində istinad edilən kredit müqaviləsinin xx.xx.2013cü il tarixdə bağlandğı qeyd edilsə də təqdim edilmiş kassa məxaric orderində pul vəsaitinin həmin müddətdən 10 ay 10 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə ödənildiyi qeyd edilmişdir. Eyni zamanda iddia ərizəsində qeyd edilən kredit müqaviləsinə əsasən cavabdehə verilmiş kreditin məbləği (143.100 manat) ilə kassa məxaric orderində qeyd edilən məbləğ (201.981 manat) arasında uyğunsuzluq vardır. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilən ödəniş qəbzlərinə münasibət bildirərək qeyd edir ki, həmin qəbzlərdə Cavabdeh tərəfindən ödənişlərin İddiaçı ASC-yə hansı kredit müqaviləsinə əsasən ödənildiyi qeyd edilməmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir. Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “kredit borcunun qaytarılması” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. Həmin Məcəllənin 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Həmin məcəllənin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir... Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində ipoteka predmeti kimi qeyd edilmiş Bakı şəhəri, Xətai rayonu, 1130-cu məhəllə, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak (mənzil) hazırda Cavabdeh xüsusi mülkiyyətindədir. Qeyd edilən mənzilə dair bağlanmış, tərəflər arasında və notariat qaydasında təsdiqlənmiş ipoteka müqaviləsi məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə sorğusu əsasında Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2013-cü il tarixli, 182/1 saylı ipoteka müqaviləsində yalnız İddiaçı ASC-nin İdarə heyətinin sədri Z.B.Quliyevin imzası və bankın möhürü olmaqla, Cavabdeh imzası mövcud deyildir. Həmçinin həmin müqavilə notariat qaydasında təsdiqlənməmişdir. Mənzilin ipoteka ilə yüklü edilərək, ipoteka haqqında müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə əlaqadar məhkəməyə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda iddia tələbinin “tutmanın ipoteka predmetinə yönəldilməsi” hissəsi “kredit borcunun qaytarılması” hissəsi ilə əlaqadar olduğundan və ilkin hissədə iddia əsaslı hesab edilmədiyindən məhkəmə tələbin ikinci hissəsini də əsaslı hesab etmir. Qeyd edilənlərə əsasən, yəni tərəflər arasında ipoteka müqaviləsinin qanunvericiliyin tələbinə əsasən bağlanması, iddia ərizəsində ipoteka predmeti kimi istinad edilən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və kredit borcunun yaranmasına əsas kimi istinad edilən kredit müqaviləsinin tərəflər arasında bağlanması müəyyən edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi “tələbin ipoteka predmetinə yönəldilməsi” hissəsində də təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 205 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddiası təmin edilməsin. İddia tələbi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) tərəfindən ödənilmiş 205 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-38/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-38/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver