Məhkəmə qərarları › İş №e-2(049)-380/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-380/2023

10.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-380/2023 10.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlu iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1458.29 manat əsas, 29.32 manat faiz, 1.44 manat cərimə, cəmi 1489.05 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 35.30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh2 arasında olan 701micLKN/21 saylı Əsas Kredit və X1 çərçivəsində bağlanmış 701micLKN/21 saylı xx.xx.2021-ci il tarixli Əlavə Kredit Müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 23% ödəmək şərtilə 1478 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Əlavə kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən müqavilədə qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin “Borcalan” tərəfindən “Borcverən”ə qaytarılmasının dövriliyi tərəflər arasında yazılı razılaşdırılmış ödəniş şərtləri ilə müəyyən olunur. Bundan başqa Cavabdeh1 701micLKN/21 saylı Zaminlik Müqaviləsini imzalamaqla “Zamin” kimi “Borcalan”ın yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, müqavilə üzrə müəyyən edilmiş əsas borc, kreditdən istifadəyə görə faiz borcları, “Borcalan”ın öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn dəbbə pulu, vurulmuş zərərin əvəzi, borc tutulması üzrə məhkəmə xərcləri və digər xərclərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdehlər мüqavilənin şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişlər. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5(beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 29 noyabr 2022-ci il tarixdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilməsinə və 06 dekabr 2022-ci il tarixində cavabdehlər tərəfindən alınmasına baxmayaraq sonuncular iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan, 701micLKN/21 saylı Əsas Kredit və X1 çərçivəsində bağlanmış 701micLKN/21 saylı xx.xx.2021-ci il tarixli Əlavə Kredit müqaviləsindən görünür ki, Cavabdeh2 24 ay müddətinə illik 23 faiz ödəmə şərti ilə 1478 manat məbləğində kredit verilmişdir. İş materiallarında kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödənişi cədvəli 1 saylı Əlavədən görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, hər ay 98.50 manat, cəmi 1935.5 manatı Cavabdeh2 "xxxx" ASC-yə ödəməlidir. xx.xx.2022-ci il tarixli maliyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2021-ci il tarixli 701MİCLKN/21 sayl kredit müqaviləsi üzrə 1458.29 manat əsas, 29.32 manat faiz, 1.44 manat cərimə olmaqla, cəmi 1489.05 manat borcu vardır. xx.xx.2021-ci il tarixli 701MİCLKN/21 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" KB ASCnin məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 35.30 manat dövlət rüsumu ödəmişdir. Beləliklə işin faktiki hallarından müəyyən olunur ki, "xxxx" KB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 701MİCLKN/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 1478 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 16 noyabr 2021-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bədinə əsasən Cavabdeh2 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə uyğun olaraq borc müqaviləsinin predmeti hər hansı pul məbəlği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd olunan Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 35.30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1458.29 manat, faiz borcu üzrə 29.32 manat, cərimə borcu üzrə 1.44 manat olmaqla cəmi 1489.05 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 35.30 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar