Məhkəmə qərarları › İş №e-2(049)-3886/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3886/2024

02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3886/2024 02.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, cavabdehlər Cavabdeh1 və X2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavbdehlər Cavabdeh1 və X3 qarşı «kreditin, ona hesablanmış faiz borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 5353.65 manat məbləğində əsas borcun, 92.34 manat məbləğində faiz borcunun, cəmi 5445.99 manat borcun və 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 24 ay müddətinə, illik 23% olmaqla 9965 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İddiaçı Bank of Baku ASC-nin nümayəndəsi “Elelktron məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini qeyd edib, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirmişdir ki, ona qarşı iddia tələbini qismən etiraf edir. Bələ ki, onun banka olan borcu şişirdilmişdir. İddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahatında bildirmişdir ki, ona qarşı iddia tələbini qismən etiraf edir. Bələ ki, onun banka olan borcu şişirdilmişdir. İddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İddia ərizəsinə əlavə edilmiş: xx.xx.2022-ci il tarixli RM/58134/89/28 saylı kredit müqaviləsi və ona əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən illik 23% olmaqla 24 ay ərzində qaytarmaq şərti ilə 9965 manat məbləğində kredit verilmişdir və həmin müqaviləyə əsasən Cavabdeh2 kredit öhdəliyinin yerinə yetirilməsi ilə əlaqadar Cavabdeh1 məsuliyyətini zamin kimi öz əhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 həmin tarixə banka 5353,65 manat məbləğində əsas borc, 92.,34 manat məbləğində faiz borcu vardır. xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit borcunun ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh1 24 ay müddətində kredit sazişi ilə müəyyən edilmiş qaydada götürmüş olduğu kredit üzrə hesablanmış əsas borcu və faizi İddiaçı ASC-nə qaytarmağı öhdəsinə götürmüşdür. Kassa məxaric orderindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli Kredit müqaviləsi üzrə İddiaçı ASC-dən 9.965 manat məbləğində nağd pul götürmüşdür. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit borcunun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə cavbdehlərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Cavabdeh1 İmanverd oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 24 ay müddətinə, illik 23% olmaqla 9965 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İşin göstərilən halları tərəflərin izahatı və iş materiallarında olan sənədlərlə tam təsdiq olunur. İddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isəöhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bu müddəaların tələblərinə və bağlanmış zaminlik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 bank qarşısında borclu Cavabdeh1 İmanverd oğlu ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 İmanverd oğlunun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onlar, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğları halda müəyyən miqdar ödəniş etsələr də, sonradan ödəniş etməmişlər və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 İmanverd oğlundan və X1 müştərək qaydada 5.353,65 manat məbləğində əsas borc, 92,34 manat məbləğində faiz borcu, cəmi 5.445,99 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hər tərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 132.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinın 216-130, 137, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 İmanverd oğlu və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli RM/58134/89/28 saylı kredit müqaviləsi üzrə 5.353,65 manat məbləğində əsas borc və 92,34 manat məbləğində faiz borcu olmaqla, cəmi 5.445,99 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 75 manat pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar