Məhkəmə qərarları › İş №e-2(049)-3899/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3899/2025

09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3899/2025 09.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi və iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış xx.xx.2025-ci il tarixli müqavilənin ləğv olunmasını və Cavabdeh İddiaçı xeyrinə borca görə 15.700 (on beş min yeddi yüz) manat, dəymiş maddi zərərin əvəzi olaraq 457 manat, ümumilikdə 16.157 (on altı min bir yüz əlli yeddi) manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh və İddiaçı arasında xx.xx.2025ci il tarixdə Abşeron 1 saylı notariat ofisində borc müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 15.700 manat borc verilmişdir. Şəxslər arasında ailəvi dostluq münasibətləri olmuş, cavabdeh dəfələrlə çətin vəziyyətdə olanda iddiaçıdan az məbləğlərdə borc almış, lakin qaytarmamışdır. Sözügedən müqaviləyə əsasən cavabdeh xx.xx.2027-ci il tarixədək aylıq 654 manat qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə bağlandıqdan sonra cavabdeh heç bir ödəniş etməmişdir. Üstəlik əlaqə saxlanılıb ödənişi etməsi istənilsə də, müxtəlif bəhanələrlə hər dəfə borcu ödəməkdən yayınmışdır. Borc müqaviləsi üzrə faizlər nəzərdə tutulmamışdır. Nəticə etibarilə İddiaçı cavabdehin borcu könüllü şəkildə qaytarmayacağına dair əsaslı şübhələr yaranmış və müqavilənin ləğv olunması və dəymiş maddi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh müqavilənin şərtlərinə əməl etməmiş, müqavilə üzrə öhdəliklərini pozmuşdur. Borcu könüllü sürətdə qaytarmadığı üçün iddiaçı bir sıra problemlərlə üzləşib və məhkəmədə iddia qaldırmaq üçün əlavə xərclər çəkmişdir. Belə ki, iddianın məhkəməyə verilməsi üçün 137.10 manat dövlət rüsumu ödəmişdir və Bakı şəhərindən Lənkəran rayonu məhkəməsində keçirilən məhkəmə iclaslarına gəlibgetməyə görə təxmini 300 manat xərc çəkilmişdir Beləliklə, iddiaçı bütün bunları ona vurulmuş maddi dövlət rüsumunun ödənilməsi haqqında məlumat zərər kimi qiymətləndirir və ümumilikdə maddi zərərin 437 manat olması qənaətindədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh İddiaçı ilə bağladığı borc müqaviləsi üzrə öhdəliyini icra etməmişdir. İddiaçı dəfələrlə cavabdehə borcunu qaytarmağı bildirsə də ona borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Hətta müqavilənin icrası ilə bağlı pretenziya məktubunun göndərilməsinə baxmayaraq borclu göstərilən müddətdə də öhdəliyini icra etməmişdir. Bu səbəbdən müvəkkilinin verdiyi borcun və dəymiş maddi zərərin qaytarılmalı olduğunu bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə təqdim edilən və iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli borc müqaviləsinin məzmununda qeyd edilmişdir ki, “borc verən”, yəni İddiaçı "Borc alan"-a, yəni Cavabdeh 15.700 manat 00 qəpik (on beş min yeddi yüz manat sıfır qəpik) məbləğində pulu Notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verir. "Borc alan" xx.xx.2027-ci il tarixinədək borc verənə aylıq 654 (altı yüz əlli dörd) manat qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. "Borc alan" müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə notariusun depozit hesabı vasitəsilə həyata keçirməlidir. Ödəniş müddətinin keçirilməsi haqqında borclunun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. "Borc alan” müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır.Tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubunun məzmununda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2025-ci il tarixində Abşeron 1 saylı notariat ofisində bağlanmış borc müqaviləsinə əsasən 15.700 manat məbləğində pulu borc alan Cavabdeh vermişdir. Müqavilənin şərtinə əsasən borclu xx.xx.2027-ci il tarixinədək aylıq 654 manat qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilənin şərtlərinə zidd olaraq aylıq heç bir ödəniş edilməmişdir. Bu səbəbdən müqavilənin tələbinə uyğun olaraq gecikmiş aylıq pul ödənişini 5 gün müddətində ödəməli olduğu, əks halda borc müqaviləsinin birtərəfli ləğvi və borc verilmiş pulun geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək hüququnu saxladığı barədə xəbardarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən hazırki iddia tələbi üzrə 137,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 21.1 və 21.2-ci maddələrinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında Cavabdeh İddiaçı ümumilikdə 15.700 manat borc aldığınını göstərən borc müqaviləsi mövcuddur. İddiaçı həmin müqaviləni sübut növü kimi təqdim edərək, cavabdehin həmin müqaviləyə imza etməklə ondan pul aldığını və pulu qaytaracağı barədə razılaşmasına baxmayaraq qaytarmadığı göstərilmişdir. İş materiallarına əlavə edilən pretenziya məktubunun məzmununda göstərilən müddətdə də borcunu ödəmədiyi müəyyən edilmişdir. Ümumiyyətlə Cavabdeh hazırki mülki iş üzrə keçirilmiş məhkəmə iclaslarında iştirak etməmiş, ona qarşı irəli sürülmüş iddia tələbinə münasibət bildirməmiş və iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli borc müqaviləsini mübahisələndirməmişdir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırki iddia tələbi üzrə cavabdeh məhkəmə iclasında iştirak etməyərək və iddiaya münasibət bildirməyərək 15.700 manat iddiaçıdan borc pul alınması, həmin puldan hansı məbləğin qaytarılmasını sübut edə bilmir. Bu isə iddiaçının iddia tələbinə münasibətdə istinad etdiyi halları şübhə altına alan meyar kimi qəbul edilə bilməz. Çünki cavabdeh artıq məlumatlı olduğu iddia tələbi üzrə məhkəmə icraatından boyun qaçırmaqla iddiaya qarşı öz müdafiəsini həyata keçirməkdən imtina edir, belə olan halda sübutetmə yükü iddiaçının deyil cavabdehin üzərinə düşür və cavabdeh həmin pulu iddiaçıdan alıb-almaması və ya almışdırsa hansı hissəsinin qaytarılmasını sübut etməyə borcludur. Lakin cavabdeh məhkəmədə iştirak etməməklə belə bir sübut təqdim etməmişdir. Halbuki MPM-in 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, 15.700 (on beş min yeddi yüz) manat borc , dəymiş maddı zərərin əvəzi olaraq 337,50 manat cavadeh Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 121.1 maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin iş materiallarına əlavə edilmiş vəkil orderindən və etibarnamədən müəyyən edilir ki, Hüseynov iddiaçı Ramiz Əziz oğlu Vəkil ilə ona hüquqi yardım göstərilməsi üçün müqavilə bağlamışdır. Eyni zamanda iddiaçı və onun vəkili Bakı şəhərində qeydiyyatdadırlar. Odur ki, iddia tələbi üzrə ödənilmiş 137,10 manat dövlət rüsumu və maddi ziyana dair 200 manat pul vəsaiti cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh borca dair 15.700 (on beş min yeddi yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 137,50 manat və maddi ziyana dair 200 manat olmaqla, cəmi 16.037,50 ( on altı min otuz yeddi manat, 50 qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar