Məhkəmə qərarları › İş №e-2(049)-3945/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3945/2025

25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3945/2025 25.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətli «Xəzər Kredit İttifaqı»nın nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Məhdud Məsuliyyətli «Xəzər Kredit İttifaqı»nın cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 iyun 2023-cü il tarixli 01494-1575-01 nömrəli kredit müqaviləsi üzrə 17 oktyabr 2025-ci il tarixə İttifaqa ödənilməmiş cəmi 3202,00 (üç min iki yüz iki manat 00 qəpik) borcundan 1750,71 (bir min yeddi yüz əlli manat 71 qəpik) manat əsas, 982,23 (doqquz yüz səksən iki manat 93 qəpik) faiz borcu və 468.36 (dörd yüz altımış səkkiz manat 36 qəpik) manat kredit müqaviləsinin 6.2 bəndinə əsasən cərimə faizi borcunun və iş üzrə ödənilmiş 52.02 (əlli iki manat, 02 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqı ilə cavabdeh X1 arasında bağlanmış 02 iyun 2023-cü il tarixli 01494-1575-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 18(on səkkiz) ay müddətinə, illik 29(iyirmi doqquz) faiz dərəcəsi ilə 2.300,00(iki min üç yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən İttifaq ilə Cavabdeh1 arasında 02 iyun 2023-cü il tarixli 01493-1575-01 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələrinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə İttifaq qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1; 2.1; 2.2; 2.3; 2.4 və 3.3-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə İttifaq qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh2 02 iyun 2023-cü il tarixli 01494-1575-01 nömrəli kredit müqaviləsi üzrə 17 oktyabr 2025-ci il tarixə İttifaqa ödənilməmiş cəmi 3202,00(üç min iki yüz iki manat 00 qəpik) borcu vardır. Bundan 1750,71(bir min yeddi yüz əlli manat 71 qəpik) manat əsas, 982,23(doqquz yüz səksən iki manat 93 qəpik) faiz borcu və 468.36 (dörd yüz altımış səkkiz manat 36 qəpik) manat kredit müqaviləsinin 6.2 bəndinə əsasən cərimə faizi təşkil edir. İttifaq tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi və 21 avqust 2023-cü il tarixli 112 nömrəli və 29 avqust 2024-cü il tarixli 117 nömrəli xəbərdarlıq məktubu ilə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq kredit borcunun İttifaqa qaytarılması təmin edilməmiş və 29 dekabr 2023-cü il tarixdə sonuncu ödəniş edildikdən sonra kredit üzrə ödənişlər tam dayandırılmışdır. Göründüyü kimi İttifaq tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq, iş üzrə əlavə araşdırma aparılmasını xahiş etmişlər. Cavabdeh2 məhkəməyə ünvanladığı etirazda göstərmişdir ki, iddia ərizəsində göstərilmiş ümumi borc məbləği, xüsusilə:faiz borcu – 982,23 manat, cərimə faizləri – 468,36 manat, real borc öhdəliyinin nisbətdə həddindən artıq şişirdilmiş formada hesablanmışdır. Kredit dövrü ərzində ödənişləri nəzərə alınmayıb və ya natamam nəzərə alınıb. Tərəfindən əvvəlki dövrlərdə edilmiş bir sıra ödənişlər sistemdə gec əks olunmuş, bəziləri isə ümumiyyətlə faiz borcuna yönləndirilməmişdir. Kredit təşkilatı məbləğin bölünməsini şəffaf təqdim etmədiyindən nəticədə faiz və cərimə borcu süni şəkildə artırılmış görünür. Gecikmə cərimələrinin hesablanması Mülki Məcəllənin tələblərinə uyğun deyil. “Gecikmə cəriməsi borcun gecikdirilmiş hissəsinə tətbiq olunmalıdır və həddən artıq ölçüdə müəyyən edilə bilməz. Hazırkı iddia tələbində hesablanmış cərimələrin miqdarı real gecikmə müddətini dəfələrlə üstələyir. Tətbiq olunmuş cərimələr proporsionallıq və mütənasiblik prinsiplərinə uyğun deyil. Təqdim edilən hesablamada cərimə faizlərinin də yenidən cərimələndirildiyi görünür ki, bu isə qadağandır. Cərimə yalnız əsas borcun gecikmiş hissəsinə tətbiq oluna bilər, cərimənin özünə deyil. Kredit şərtləri və hesablamalar şəffaf təqdim olunmayıb. Belə ki, kredit təşkilatı tərəfindən borcun hər ay üzrə bölünməsi, faizlərin hesablanma üsulu, gecikmə günlərinin sayı, cərimə faizlərinin hüquqi əsası məndə olan məlumatlarla üst-üstə düşmür. Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna ziddir. Kredit təşkilatı borcun dəqiq və şəffaf hesablamasını təqdim etməli idi. İddiaçı hesablamalarda texniki və hüquqi uyğunsuzluqlara yol vermişdir. Faktiki olaraq, kreditin əsas borcu 1750.71 manat olsa da, faiz və cərimələrin bundan xeyli çox olması, bu məbləğin düzgün və qanuni şəkildə hesablanmadığını göstərir. Tərəfinmdən mübahisə ərizələri təqdim edilmədən və nəzərə alınmadan yekun borc cədvəli tərtib edilmişdir. Tələb olunan məbləğin yenidən hesablanması zəruridir. Yuxarıdakı qeyd olunan əsaslara görə hesab edir ki, faiz borcu, gecikmə cərimələri, əlavə tətbiq olunmuş hesablamalar yenidən və qanuni limitlər çərçivəsində hesablanmalıdır. Belə ki, istehlak kreditləri üzrə cərimə aylıq 0.1–0.2% sərhədini aşmamalıdır. İddiaçı tərəfindən təqdim edilən məbləğ bu hədləri dəfələrlə aşır. Cavabdeh1 məhkəməyə ünvanladığı etirazda göstərmişdir ki, ona tam və vaxtında məlumat verilməmişdir. Ona kreditin şərtləri, faiz dərəcələri, gecikmə cərimələri barədə heç bir yazılı bildiriş təqdim edilməmişdir. “Zaminlik müqaviləsi zaminin öhdəliklərinin mahiyyəti barədə tam məlumatlandırılması şərti ilə bağlanmalıdır.” Kreditin faktiki ödəniş vəziyyəti barədə mütəmadi olaraq məlumat verilməmiş, borcun artdığı yalnız iddia ərizəsi təqdim olunduqda ona məlum olmuşdur. Zaminin məsuliyyət daşıması üçün öncədən, aydın və yazılı şəkildə məlumatlandırılması qanunun tələblərindən biridir. Zamin öz üzərinə düşən risklər barədə məlumatlandırılmadıqda həmin öhdəlik qanuni qüvvə daşımır. Bundan əlavə zaminin məsuliyyəti subsidiar xarakter daşıyır və birinci növbədə borclu şəxsə yönəlməlidir. Əsas borclu — Cavabdeh2dur. Zamin yalnız borclu borcu ödəmədikdə və bunu sübut etmək mümkün olduqda məsuliyyət daşıya bilər. Zamin borclunun öhdəliyini yerinə yetirmədiyi halda cavabdeh ola bilər. Zaminə qarşı tələbdən əvvəl borcludan tələb olunur. İddiaçı ona qarşı tələb irəli sürməzdən əvvəl borcluya rəsmi xəbərdarlıq edilməsi, tələb məktublarının verilməsi, kredit şərtlərinin pozulması barədə sübutların təqdim edilməsi kimi prosedurların hansı qaydada yerinə yetirildiyini sübut etməmişdir. Bu isə zaminə qarşı tələb qanunsuz və vaxtından əvvəl irəli sürülməsi deməkdir. Cərimə və faizlərin şişirdilmiş formada hesablanması zaminə də tətbiq edilə bilməz. Zamin yalnız əsas borcun təminatçısı ola bilər. Qanunla qadağandır ki, zaminə, şişirdilmiş faizlər,qeyriproporsional cərimələr, kredit təşkilatının özünün gecikdirmə və düzgün hesablama müşküllərindən yaranan əlavə borclar tətbiq edilsin. Çünki cərimələr yalnız əsas borcun gecikmiş hissəsinə tətbiq oluna bilər və zamin borclunun öhdəliyini aşan əlavə cərimələr üçün cavabdeh deyil. Təqdim edilən hesablamalarda isə faiz və cərimələr həddindən artıq şişirdilmişdir, bu isə zaminə qarşı tətbiq edilə bilməz. Zaminlik müqaviləsinin şərtləri ona izah edilməmiş, imza prosesi şəffaf aparılmamışdır. Zaminlik müqaviləsinin hüquqi nəticələri, məsuliyyət həddi ona izah edilməmişdir. Zaminlik imzasının “formal” şəkildə alındığı ehtimalı var. Bu da zaminliyin etibarlılığını şübhə altına alır. Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(049)-3945/2025 nömrəli qərardadı ilə iddiaçı Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında verdiyi iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək əsas borc 1750,71 manat əsas, 468.36 manat faiz borcu, cərimə borcu 982.23 manat olmaqla 3201,30 manat pulun və 52.02 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqı ilə Cavabdeh2 arasında bağlanmış 02 iyun 2023-cü il tarixli 01494-1575-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 18(on səkkiz) ay müddətinə, illik 29(iyirmi doqquz) faiz dərəcəsi ilə 2.300,00(iki min üç yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən ittifaq ilə Cavabdeh1 arasında 02 iyun 2023-cü il tarixli 01493-1575-01 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zamin borcalan Cavabdeh2 kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqı tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2025 və xx.xx.2025-ci il tarixli xəbərdarlıqlardan görünür ki, 5 iş günü ərzində kredit borcunun ödənilməsi tələb edilmiş,əks halda məhkəməyə müraciət ediləcəyi diqqətə çatdırılmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 01494-1575-01 nömrəli kredit müqaviləsi üzrə 1750.71 manat məbləğində əsas borc, 982.93 manat məbləğində faiz borcu, 468.36 manat məbləğində cərimə borcu, olmaqla 3202 manat borcu vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 52.02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminlik müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələbetmənin əsası kimi xx.xx.2023-cü il tarixli, 01494-1575-01 nömrəli kredit müqaviləsi dayanır. Məhz iddiaçı təşkilat həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehlərdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə göstərir ki, öhdəlik hüquq münasibəti 3 quruluşdan ibarətdir:

1. Öhdəliyin tərəfləri;

2. Öhdəliyin məzmunu;

3. Öhdəliyin obyekti; Öhdəliyin tərəfləri öhdəlik hüquq münasibətlərində çıxış edən iştirakçılardır. Bura səlahiyyətli şəxs - kreditor və debitor - borclu şəxs daxildir. Öhdəliyin məzmunu həmin öhdəlik hüquq münasibətlərinin hüquq və vəzifələridir. Yəni kreditorun tələb hüququ, borclunun isə müəyyən hərəkətləri etmək vəzifəsi başa düşülür. Öhdəliyin obyekti isə yalnız borclunun davranışıdır. Bu elementlərin hər hansı birinin mövcud olmaması öhdəlik hüquq münasibətinin olmaması deməkdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan xx.xx.2023-cü il tarixli, 01494-1575-01 nömrəli kredit müqaviləsini Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh Afət Məmmədova isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır (Mülki Məcəllənin 448.1 və 449-cu maddələri). İş materiallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Nəticədə kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1 və 76.2-ci maddələri). İşin hallarına görə 982.23 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehlər dən 87 AZN həcmində tutulmasını daha ədalətli hesab edir. Tələbin zaminə qarşı hissəsi ilə bağlı məhkəmə göstərir ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470-477ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə göstərir ki, kreditor ilə zamin Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsi üzrə o, borcalanın kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Odur ki, ondan da pul tutulmalıdır. İddia tələbinin kredit müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə göstərir ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı Məhdud Məsuliyyətli «Xəzər Kredit İttifaqı»nın xeyrinə 1750.71 manat məbləğində əsas, 468.36 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 87 manat məbləğində cərimə borcu, cəmi 2306.07 manat borc və 43.06 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulmalı, ödənilmiş dövlət rüsumunun 8.96 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı Məhdud Məsuliyyətli «Xəzər Kredit İttifaqı»nın xeyrinə 1750.71 manat məbləğində əsas, 468.36 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 87 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2306.07 manat borc və 43.06 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Ödənilmiş dövlət rüsumunun 8.96 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar