Məhkəmə qərarları › İş №e-2(049)-3949/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3949/2025

01.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3949/2025 01.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 245.32 manat sığorta ödənişi, 30 manat dövlət rüsumu, cəmi 275.32 manat pul məbləğinin Cavabdeh tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri xx.xx.2025-ci il tarixdə cavabdehə rəsmi qaydada göndərilməklə izah edilmişdir ki, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməlidir. Eyni zamanda, cavabdehə izah edilmişdir ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılacaq və həmin işin həllinə dair qətnamə çıxarılacaqdır. Cavabdehin qeydiyyatda olduğu ünvana göndərilən məhkəmə sənədi onun həmin ünvanda yaşamaması əsası ilə geri qaytarılmışdır. Bundan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehin qeydiyyatda olduğu yer üzrə İcra Nümayəndəliyinə göndərilmişdir. Cavabdeh həmin Nümayəndəliyin ərazisində olmadığından məhkəmə sənədi nümayəndəlikdə saxlanılmaqla bu barədə xx.xx.2025-ci il tarixdə məhkəməyə rəsmi qaydada məlumat verilmişdir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” üzrə xx.xx.2018-ci il tarixdə bağlanmış icbari sığorta müqaviləsi əsasında "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “Subaru Legacy” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Binəqədi rayonu R.İsmayılov küçəsində X2 tərəfindən idarə edilən, "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı inzibati araşdırma aparılmış, cavabdeh həmin inzibati xətanı törətdiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2019-cu il tarixli protokol tərtib edilmişdir. Həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla cavabdeh 40 manat məbləğində cərimə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Subaru Legacy” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, yəni cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmişdir. Hadisə nəticəsində “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 245.32 manat maddi zərər dəymiş və həmin zərər iddiaçı tərəfindən ödənilmişdir. Bununla da iddiaçının sığortaçı olaraq ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmə hüququ yaranmışdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmiş və məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 245.32 manat sığorta ödənişi və 30 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən edildi ki, cavabdeh idarə etdiyi avtomobillə xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Cavabdeh inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmiş, həmçinin, onun hadisə baş verən vaxt nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığı müəyyən edilmişdir. “İveco Urbanway” markalı ** JX *** dövlət dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın miqdarı dəyişilməli ehtiyat hissələrinin qiyməti və təmir xərcləri ilə birlikdə 245.32 manat müəyyən edilmişdir. Həmin avtomobilə dəymiş 245.32 manat maddi ziyan iddiaçı tərəfindən ödənilmişdir. 245.32 manat maddi zərər məbləğinin ödənilməsi geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tələb edilmiş, lakin cavabdeh həmin məbləği indiyədək ödəməmişdir. Hazırda iddiaçı geriyə tələb (subroqasiya) qaydasında 245.32 manat sığorta məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddiaçının tələbinə dair hər hansı etirazını, dəlillərini və onları təsdiq edən sənədləri indiyədək məhkəməyə təqdim etməmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Həmin Qanunun 23.1 və 23.1.6-cı maddələrinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Həmin Qanunun 25.1 və 25.1.3-cü maddələrinin məzmununa görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddələrinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İşdə olan ödəniş tapşırıqlarından görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə "xxxx" ASC tərəfindən həmin avtomobilin mülkiyyətçisi "xxxx" MMC-nin hesabına ödənilmiş 245.32 manat sığorta məbləği iddiaçı tərəfindən sonradan "xxxx" ASC-yə ödənilmişdir. Cavabdehin inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilməsinə dair qərarla yol nəqliyyat hadisəsinin onun təqsiri üzündən baş vermiş olduğu və hadisə baş verən vaxt cavabdehin nəqliyyat vasitələrini idarə etmək hüququnun olmadığı sübuta yetirildiyinə, cavabdehin əməli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin təsiri altına düşdüyünə görə məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində “İveco Urbanway” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi üçün verilmiş 245.32 manat sığorta məbləği geriyə tələb (subroqasiya) qaydasında cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin cavabdehdən 30 manat dövlət rüsumu məbləği tutulmasına dair hissəsi də təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh 245.32 manat sığorta məbləği və 30 manat dövlət rüsumu - cəmi 275.32 manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar