Məhkəmə qərarları › İş №e-2(049)-4077/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4077/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4077/2023 14.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli XDNPU-05204/1 nömrəli kredit müqaviləsi üzrə 8123.30 manat əsas borc, 584.70 manat faiz borcu, 1530.25 manat cərimə, 120.72 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçıASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli XDNPU-05204/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 14 % faiz dərəcəsi ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 22-dan gec olmayaraq hər ay 341,78 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə əsas borc məbləğini hesablanmış faizləri ilə birlikdə tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdeh dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq o, öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Qeyd olunan kredit müqaviləsi üzrə cavabdehin 8123.30 manat əsas borc, 584.70 manat faiz borcu, 1530.25 manat cərimə - cəmi 10238.25 manat ödənilməmiş boru qalmışdır. Hazırda iddiaçı cəmi 10238.25 manat borc və ödənilmiş 120.72 manat dövlət rüsumu məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə göndərdiyi ərizəsində mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə iclaslarının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh məhkəmə baxışı iclasında izahat verərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə onunla iddiaçı arasında kredit müqaviləsi bağlanmış və ona illik 14 % faiz dərəcəsi ilə 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsində maddi vəziyyəti ilə əlaqədar gecikmələr yaranmışdır. Belə ki, o, kredit alan zaman işləyərək yüksək əmək haqqı aldığı üçün kredit borcunu hər ay vaxtlı-vaxtında ödəyə biləcəyini düşünmüş, lakin sonradan ştat ixtisarı ilə əlaqədar işdən azad edildiyinə görə maddi vəziyyəti ilə əlaqədar kredit borcunu ödəyə bilməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan xəbərdardır. Hazırda həmin borcu bir dəfəyə ödəmək üçün maddi imkanı olmasa da, borcun hissə-hissə ödənilməsini təmin edəcəkdir. Qeyd etdiklərinə əsasən maddi vəziyyəti nəzərə alınaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı cavabdehin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli XDNPU-05204/1 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2022-ci il tarixli sərəncam-order, xx.xx.2023-cü il tarixli bildiriş, həmin bildirişə aid poçt qəbzləri, xx.xx.2023-cü il tarixli maliyyə arayışı, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli mədaxil qəbzləri ilə müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli XDNPU- 05204/1 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 14 % olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdehə müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 12304 manat əsas borc və faiz borcunu ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Cavabdeh onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kredit borcunun cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət edilməmişdir. Qeyd olunan kredit müqaviləsi üzrə 8123.30 manat əsas borc qalmış, əsas borca 584.70 manat faiz borcu və 1530.25 manat cərimə hesablanmışdır. İddiaçı tərəfindən cavabdehə rəsmi qaydada xəbərdarlıq edildikdən sonra da kredit borcunun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmiş və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 120.72 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda xx.xx.2022-ci il tarixli XDNPU-05204/1 nömrəli kredit müqaviləsi üzrə 8123.30 manat əsas borc, 584.70 manat faiz borcu, 1530.25 manat cərimə və 120.72 manat dövlət rüsumu məbləğinin cavabdehdən tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası olaraq kredit müqaviləsinə, ödəniş cədvəlinə, xəbərdarlıq məktublarına və maliyyə arayışına istinad edir. Cavabdeh maddi vəziyyəti nəzərə alınaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı xx.xx.2022-ci il tarixli XDNPU-05204/1 nömrəli kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 8123.30 manat əsas borc qaldıı, əsas borca 584.70 manat faiz borcu hesablandığ müəyyən edilmiş, cavabdeh özü də həmin faktı inkar etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan hüquq normalarının tələblərinə görə məhkəmə hesab edir ki, iddia tələbinin xx.xx.2022-ci il tarixli XDNPU-05204/1 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 8123.30 manat əsas borc, 584.70 manat faiz borcu tutulmasına dair hissələri təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli XDNPU- 05204/1 kredit müqaviləsi üzrə 1530.25 manat cərimə məbləği müqavilənin cavabdeh tərəfindən də qəbul edilmiş şərtlərinə uyğun hesablansa da, qeyd olunan məbləğ işin faktiki hallarına uyğun deyildir və müqavilə üzrə faiz borcu ilə müqayisədə yüksək məbləğdir. Hazırda cavabdehin kredit müqaviləsi müddəti üçün faiz borcunun miqdarının cəmi 584.70 manat təşkil etdiyi halda, həmin müddət üçün cərimənin miqdarının 1530.25 manat olması cavabdehin mülkiyyət maraqlarının qorunması baxımından da məqsədə müvafiq deyildir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdehdən tələb edilən cərimənin miqdarının yüksək olması və işin yuxarıda qeyd edilən faktiki halları nəzərə alınmaqla iddia tələbinin xx.xx.2022-ci il tarixli XDNPU-05204/1 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 1530.25 manat cərimə məbləği tutulmasına dair hissəsi qismən - 30.00 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 120,72 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli XDNPU-05204/1 nömrəli kredit müqaviləsi üzrə 8123.30 manat əsas borc, 584.70 manat faiz borcu, 30.00 manat cərimə, 120.72 manat dövlət rüsumu - cəmi 8858.72 manat tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar