Məhkəmə qərarları › İş №e-2(049)-422/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-422/2025

11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-422/2025 11.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul və mənəvi zərər tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh tərəfindən 31000 (otuz bir min) manat borcun ona qaytarılması, vurulmuş mənəvi zərərə görə 1000 (bir min) manat pulun cavabdehdən tutulması, bundan əlavə məhkəmə xərclərinin (ödənilmiş dövlət rüsumu məbləği, vəkilə ödənilmiş haqq və.s) də cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 31000 manat pul borc almış və qaytarmamışdır. Cavabdehin borcunu qaytarmaq niyyətinin olmadığı aşkar olmuşdur. Cavabdeh pula ehtiyacı olduğunu, ona borc verməsi xahiş etmiş, o da, cavabdehi tanıdığı üçün ona borc vermişdir. O uzun müddətdir ki, fiziki şəxs, fərdi sahibkar kimi ünvan 1 ünvanında lombard fəaliyyətilə məşğul olur, cavabdeh ona məxsus obyektdə (təsərrüfat sübyekti) zərgər-kassir vəzifəsində işləmişdir. Cavabdeh 2020-ci ilin dekabr ayında işə qəbul edilmiş, 2024-cü ilin sentyabr ayında öz xahişi ilə işdən çıxmışdır. Cavabdeh işlədiyi müddətdə onun etimadını qazanmış, özünü yaxşı işçi kimi göstərmişdir. Buna görə də Cavabdeh ondan borc istədikdə ona etibar edərək borc vermişdir. xx.xx.2024-cü il tarixdə aralarında 21000 manat borc verilməsi barədə borc müqaviləsi bağlanmış. Lakin çox keçmədən məlum olmuşdur ki, cavabdehin borcunu qaytarmaq fikri yoxdur. 2024-cü ilin sentyabr ayında cavabdeh işdən ayrılan zaman məlum oldu ki, müştərilərdən aldığı 10000 manat pulu borc qismində özündə saxlamışdır. Daha sonra cavabdeh bildirmişdir ki, təcili pul lazım olduğu üçün həmin vəsaiti borc olaraq götürmüşdür, ümumilikdə, 31 000 mant borcu vardır, qısa vaxda borcunu tam olaraq ödəyəcəkdir. Cavabdeh davamlı olarq yaxın vaxtlarda borcunu qaytaracağını deyib, söz verib, vəd versə də, lakin vədini əməl etməmişdir. Son zamanlarda isə ona məlum olmuşdur ki, cavabdeh, başqa şəxslərdən də borc pul almış və qaytarmamışdır. Belə olan halda o, cavabehdən dərhal, təxirəsalmadan ona olan borcunu tamamilə geri qaytarmağı tələb etmiş, lakin cavabdeh yenə də, bu gün, sabah, bu həftə, gələn həftə deməklə, vəd verməklə borcunu ödəməkdən yayınmağa davam etmişdir. Cavabdeh borcunu etiraf edir, qəbul edir, lakin ödəməkdən imtina etmişdir. Odur ki, o, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qanunvericiliyə görə cavabdehdən qaytarılmayan pul vəsaitinə görə faizlər, əldən çıxmış fayda, bundan başqa mənəvi zərərin də ödənilməsini tələb edə bilər və bu tələbində tamamilə haqlıdır. Ona vurulmuş mənəvi zərəri 1000 manat olaraq müəyyən edilməsini məqbul sayıram. Ona mənəvi zərər vurulduğu şübhəsizdir. O, bütün bu müddətdə narahatçılıq, əndişə və stress keçirmiş, ağır maddi duruma düşmüş, əsəbləri korlanmış, bədbinlik və ruh düşkünlüyünə düçar olmuşdur. Beləliklə, cavabdeh ondan borc aldığı 31000 (otuz bir min) manat pulu qaytarmalı, vurulmuş mənəvi zərərə görə 1000 (min) manat ödəməli, bundan əlavə məhkəmə xərcləri (ödənilən dövlət rüsumu, vəkil xərci və s.) də cavabdehdən tutulmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etmiş və əlavə olaraq iddia ərizəsində qeyd olunan cavabdehin lombardın adından borc qismində 10000 manat alıb, özündə saxlamasına dair X17, X14, X23, X7, X28, X18, X30, X31, X4, X5, X19, X20 və X8 ərizələrini, cavabdehin aldığı və borc qismində özündə saxladığı 10000 manat pulun nə qədər vəsait olaraq hansı müştərilərdən alması barədə cədvəl, (iddia ərizəsində cavabdehin müştəridən aldığı 242 manata dair) pul vəsaitinin kartdan karta köçürülməsinə dair qəbzin surətləri, (iddia ərizəsində cavabdehin müştəridən pul aldığı Aysel Məmmədovaya dair hissədə) pul vəsaitinin kartdan karta köçürülməsinə dair Whatsapp ani mesajlaşma tətbiqi üzərindən +994 60 *** ** ** nömrə ilə yazışmaların surətlərini, (iddia ərizəsində cavabdehin müştəridən pul aldığı Aysel Məmmədovaya dair hissədə) Whatsapp ani mesajlaşma tətbiqi üzərindən “Lanbart Baki” adlı şəxslə yazışmaların surətlərini, (iddia ərizəsində cavabdehin müştəridən pul aldığı Münəvvər Musazadəyə dair hissədə) pul vəsaitinin köçürülməsinə dair Whatsapp ani mesajlaşma tətbiqi üzərindən +994 99 *** ** ** nömrə ilə yazışmanın surətini, (iddia ərizəsində cavabdehin müştəridən pul aldığı Ramil Səfərova dair hissədə) pul vəsaitinin köçürülməsinə dair Whatsapp ani mesajlaşma tətbiqi üzərindən +994 268 *** ** ** nömrə ilə yazışmanın surətini, X27 Ş. adlı şəxsə kartdan karta ödəniş olunmasına dair Leobank tətbiqindən çıxarış, (iddia ərizəsində və təqdim olunmuş məlumat cədvəlində göstərilən cavabdehin müştəridən pul aldığı İbrahim İsrafilova dair hissədə) pul vəsaitinin köçürülməsinə dair Whatsapp ani mesajlaşma tətbiqi üzərindən +994 55 *** ** ** nömrə ilə yazışmaların surətlərini, pul vəsaitinin köçürülməsinə dair Whatsapp ani mesajlaşma tətbiqi üzərindən +994 55 *** ** ** nömrə ilə yazışmanın surətini, Cavabdeh dair imza nümunəsi üçün sübut qismində kassa orderlərini – girov biletlərini və cavabdehin digər şəxslərə borcları olması səs yazısını əks etdirən 1 ədəd dvd diski sübut qismində məhkəməyə təqdim edərək, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq İddiaçı və Cavabdeh məhkəmə bildirişi göndərilmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə prosesində iştirak etməmiş, Cavabdeh isə elektron məhkəmə informasiya sistemi üzərindən əldə olunmuş şəxsin qeydiyyat ünvanı üzrə ünvan 2ərilsə də, çatdırılmadan geri qaytarılmış, bundan sonra, Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsində göstərilənlərə uyğun olaraq cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məhkəmə bildirişi çatdırılmasından ötrü göndərilmişdir. Azərbaycan Respublikası Lənkəran ŞHİB-nin yanında Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş cavab məktublarında göstərilmişdir ki, Cavabdeh Lənkəran şəhəri, Sahil küçəsi, ev 86 ünvanında olmadığından məhkəmə sənədlərini çatdırmaq imkan xaricində olmaqla məhkəmə sənədləri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə saxlanılmışdır. Bundan əlavə hazırki mülki iş materiallarına əlavə olunmuş 1 ədəd DVD diskdəki çəkişmə prinsipinin təmin olunmasından ötrü məhkəmə iclas katibi tərəfindən +994 55 *** ** ** nömrə ilə iddia ərizəsində göstərilən +994 55 *** ** ** nömrəyə zəng olunsa da, zəng çatmamış, bundan sonra Whatsapp ani mesajlaşma və zəngli söhbət tətbiqi üzərindən 11 fevral 2025-ci il tarixdə saat 17:27-də hazırki iddia tələbi üzrə xx.xx.2025-ci il tarixdə saat 12:00-da keçiriləcək məhkəmə iclasında iştirakı üçün məhkəmə bildirişinin hansı ünvana göndərilməsinə dair məlumat alınmağa çalışmış, həmin +994 55 *** ** ** nömrə tərəfindən “vəkilinin olduğu və vəkilin yönləndiriləcəyini, səhhəti ilə bağlı yaxınlaşa bilmədiyi” bildirilmiş, daha sonra 13 fevral 2025-ci il tarixdə məhkəmə prosesindən öncə təkrar şəkildə məlumat alınmağa çalışılsa da, +994 55 *** ** ** nömrə tərəfindən əlaqə saxlanılacağı bildirilsə də, bundan sonra cavabdehin özü, nümayəndəsi və yaxud bildirdiyi üzrə vəkili tərəfindən heç bir əlaqə saxlanılmamışdır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü, 185.5-ci və 185.6-cı maddələrinə əsasən iddiaçının, cavabdehin və müəyyən iclaslarda iddiaçının nümayəndəsi və Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və mülki iş materiallarına əlavə olunmuş sənədləri, DVD diskləri nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: xx.xx.2024-cü il tarixli yazılı borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı Bakı şəhərində 21000 manat borc qismində pul götürmüş və hər ay 2000 manat ödəyəcəyi barədə öhdəlik götürmüşdür. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş DVD diskdə olan səs yazısından görünür ki, (iddiaçı tərəfindən hazırki iş üzrə cavabdeh kimi təqdim edilmiş Cavabdeh) iddiaçıya və başqa şəxslərə borclarının olduğunu, həmin pulları hara xərclədiyini özünün də bilmədiyini, buna görə həyat yoldaşının da ona iradlarını bildirdiyini qeyd edir. İddiaçının təqdim etdiyi siyahıdan örünür ki, Cavabdeh tərəfindən ümumilikdə 17 nəfər şəxsdən 9034 manat məbləğində pul vəsaiti alınaraq kassaya mədaxil edilməyərək borc kimi özündə saxlamışdır. X9 ərizəsinə əsasən 3150 manat, X6 ərizəsinə əsasən 669 manat, X13 ərizəsinə əsasən 265 manat, X3 ərizəsinə əsasən 520 manat, X15 ərizəsinə əsasən 242 manat, X10 ərizəsinə əsasən 149 manat, X24 ərizəsinə əsasən 231 manat, X25 ərizəsinə əsasən 500 manat, X1 ərizəsinə əsasən 360 manat, X2 ərizəsinə əsasən 93 manat, X11 ərizəsinə əsasən 36 manat, X12 ərizəsinə əsasən məbləği qeyd edilməmiş pul vəsaitləri və X8 ərizəsinə əsasən məbləği qeyd edilməmiş pul vəsaitləri Cavabdeh tərəfindən qeydə alınmayaraq ələ keçirilmişdir. Məhkəmə Cavabdeh İddiaçı tərəfindən 21000 manat borc verilməsi hissəsində iddianı əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2024-cü il tarixli yazılı müqavilədə çəkilmiş imzanın Cavabdeh məxsus olubolmamasının yoxlanılması üçün məhkəmə xəttşünaslıq ekspertizası təyin olunmuş, ekspert qarşısında müvafiq suallar qoyulmaqla məhkəmə xəttşünaslıq ekspertizası keçirilməsindən ötrü mülki iş materialları qərardadla birlikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Lakin lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfindən xətt və imza nümunələri təqdim edilmədiyindən qərardad icrasız saxlanılaraq məhkəmə ekspertizasının aparılmasından imtina edilərək mülki iş materialları geri qaytarılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə MPM-nin 97.5-ci maddəsinin tələbləri baxımından hesab edir ki, iddiaçı öz üzərinə düşən sübutetmə yükünü tam şəkildə yerinə yetirmişdir. Lakin cavabdeh tərəfindən iddaçının sübutlarına qarşı hər hansı dədillər təqdim edilməmiş, halbuki məhkəmə çəkişmə prinsipinin təmin edilməsi üçün bərabər imkanlar yaratmışdır. Məhkəmə bu halları nəzərə alır və xx.xx.2024-cü il tarixdə iddiaçı və cavabdeh arasında bağlanmış müqaviləni qanunu və əsaslı hesab edərək müqavilədəki imzanın Cavabdeh tərəfindən imzalanmasını təsdiq edir. Məhkəmə iddiaçının tələb etdiyi 10000 manat məbləğdə pul tələbinə münasibət belə qənaətə gəlir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76.1-ci, 76.2-ci və 77.3-cü maddələrini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən borc müqaviləsinin Cavabdeh tərəfindən imzalanmasına dair iddiaçı tərəfindən əsaslı sübutlar təqdim olunmuş, lakin iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş siyahı və ərizələr sübut kimi qəbul edilə bilməz. İlk növbədə ona görə ki, iddiaçı həmin şəxslərəi məhkəməyə gətirməmiş və şahid qismində ifadələri alınmamış, həmin şəxslərin şəxsiyyətini hazırda da müəyyən etmək mümkün deyildir. Bundan başqa qeyd edilən ərizələri nəzərdən keçirdikdə müəyyən edilir ki, iddiaçı təəfindən təqdim edilmiş ərizələrdə Cavabdeh müxtəlif məbləğlərdə pul vəsaitlərinin verildiyi və sonuncunun həmin məbləğləri qeydə almadığı göstərilmişdir. Belə olduğu halda həmin pul məbləğlərini tələb etmək hüququ hazırki iddiaçının deyil adları çəkilən ərizə vermiş şəxslərindir. Göstərilən halda iddiaçının haznsı hüququnun pozulması qeyri müəyyəndir. Əgər siyahıda göstərilən şəxslərə maddi zərər vurulmuşsa bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə hüquqları vardır. Odur ki, ərizə vermiş şəxslərin kimlər olması müəyyən edilmədiyinə, pul vəsaitini hazırki cavabdehə verilməsinin səbəbi qeyri müəyyən olduğuna, həmin pul vəsaitlərinin hazırki iddiaçıya məxsus olmasını təsdiq edəcək müvafiq sübutlar müəyyən edilmədiyinə görə iddia ərizəsinin 10000 manat tələbinə dair hissəsi təmin edilməməlidir. Məhkəmə iddiaçının mənəvi zərərə görə olan 1000 manat məbləğdə pul tələbinə münasibət bildirirək belə qənaətə gəlir ki, həmin hissədə də tələb rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin qərarda göstərilmişdir: “zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.” İddiaçı bildirdiyi üzrə mənəvi zərər tələbinin əsasını təşkil edən onun bütün bu müddətdə narahatçılıq, əndişə və stress keçirdiyindən, ağır maddi duruma düşdüyündən, əsəbləri korlandığından, bədbinlik və ruh düşkünlüyünə düçar olduğundan ona vurulmuş mənəvi zərəri 1000 manat olaraq müəyyən edilməsini məqbul sayaraq tələb etsə də, mənəvi iztirab, sarsıntının Cavabdeh tərəfindən olunmuş hərəkətlərə görə mənəvi zərər dəyməsi barədə heç bir sübut təqdim etməmişdir. İddiaçı bütün bu müddətdə narahatçılıq, əndişə və stress keçirdiyindən, ağır maddi duruma düşdüyündən, əsəbləri korlandığından, bədbinlik və ruh düşkünlüyünə düçar olduğundan ona vurulmuş mənəvi zərəri 1000 manat olaraq müəyyən edilməsini məqbul sayaraq tələb etsə də, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalaşdıran 2(102)-388/2023 nömrəli qərarına istinadən qeyd edir ki, mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddəti, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. Cavabdeh tərəfindən İddiaçı qarşı törədilmiş hüquqazidd əməldə, yəni borcun ödənilməməsində onun şərəfini, ləyaqətini, şəxsiyyətini alçaldan, ona sarsıntı, iztirab və ya işgəncə verilməsi ilə müşayiət olunan hərəkətlərə yol verilməsi aşkar edilməmişdir. Cavabdeh iddiaçıya qarşı hüquqazidd əməl törətmiş olsa belə, bu əməl onu aşağılayıcı tərzdə və nümayişkaranə şəkildə deyil, həmin anda tərəflər arasında yaranmış öhədliyin pozulması nəticəsində baş vermişdir. İddiaçı cavabdeh tərəfindən ona mənəvi iztirab formasında zərər vurulduğunu iddia etsə də, cavabdehin hərəkətləri ilə hansı mənəvi dəyərlərinə zərər dəymiş olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin tərəflər arasında yaranmış pul mübahisələri hadisələrinin axarı zəminində İddiaçı keçirdiyi bədbinlik, əsəb pozğunluğu, ruh düşkünlüyü mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, tərəflər arasında borc müqaviləsindən yaranan öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasında həmin öhdəlik barədə razılığa gəlmələrinə baxmayaraq, cavabdeh müqavilə üzrə göstərilən məbləği iddiaçıya qaytarmamış, bununla da onun iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək vəzifəsi yaranmışdır. Buna görə də, iddia tələbi 21000 manat hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 21000 (iyirmi bir min) manat məbləğində pul, 350 (üç yüz əlli) manat məbləğində vəkilə ödənilmiş pul vəsaiti və ödənilmiş 153 manat dövlət rüsumu, cəmi 21503 manat tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 350, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh borc müqaviləsi üzrə 21000 (iyirmi bir min) manat məbləğində pul, 350 (üç yüz əlli) manat məbləğində vəkilə ödənilmiş pul vəsaiti və ödənilmiş 153 manat dövlət rüsumu, cəmi 21503 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar