Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4320/2025 22.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra cavabdeh) 610.00 manat əsas borc və 30.00 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 640.00 manat borcun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli SN nömrəli avtomobil icarə müqaviləsi bağlanılmışdır. Nəqliyyat vasitəsi cavabdehə icarəyə verilmiş və ondan faktiki istifadə olunmuş, lakin yaranmış icarə borcu bu günədək ödənilməmişdir. Bu baxımdan cavabdehin ödənişi həyata keçirməməsi onun icarə müqaviləsi üzrə öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Həmin müqaviləyə əsasən cavabdehin 610.00 manat əsas borcu yaranmışdır. Müqavilədə qanunla başqa hal nəzərdə tutulmadığından, cavabdeh icarə haqqının ödənilməsinə dair öhdəliyin icra olunmamasına birbaşa vətam həcmdə məsuliyyət daşıyır. MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə öhdəliyin vaxtında yerinə yetirilməməsi, lazımınca icra olunmaması və məzmunla müəyyən edilmiş digər şərtlərin pozulması başa düşüldüyündən, cavabdehin davranışı məhz öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini pozaraq bu günədək icarə haqqını ödəmir. İddiaçı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı cavabdehdən 610.00 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2025-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Avtomobil icarə müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən ** EY *** dövlət nömrə nişanlı Hyundai Elantra markalı avtomobil gündəlik 60 manat icarə haqqı ödəməklə cavabdehə verilmişdir. - Maliyyə cədvəlindən görünür ki, ** EY *** dövlət nömrə nişanlı Hyundai Elantra markalı avtomobilin 14 gün icarə müddəti ərzində 840 manat yekun icarə haqqından 230 manat ödənilmiş, 610 manat ödənilməmiş qalmışdır. - İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, cavabdeh icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən “Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digərəsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.” Həmin Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 700.1.-ci maddəsinə əsasən “İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.” Həmin Məcəllənin 700.2.-ci maddəsinə əsasən “İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlarvə müəssisələr ola bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 610 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 640 manat məbləği alınaraq iddiaçının hesabına ödənilməlidir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 610 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 640 manat məbləği alınaraq İddiaçı hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron qaydada Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-4320/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4320/2025
22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver