Məhkəmə qərarları › İş №e-2(049)-433/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-433/2025

03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-433/2025 03.02.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi verərək, Cavabdeh 145 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumata əsasən VÖEN: ********** nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Belə ki, o özünə məxsus olan VÖEN: ********** nömrəsinə bağlı olan "xxxx" MMC adından müştərilərinə bir hissəsini əvvəlcədən ödəməklə, qalan hissəsini isə aylar üzrə tərtib edilmiş qrafikə uyğun ödəməklə müxtəlif əşyların satışı ilə məşğul olur. Lakin hazırkı iş üzrə cavabdeh olan müştəri tərəfindən ona satılmış əmlakların ödənişi lazimi qaydada ödənilməmiş və cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıqların edilməsinə baxmayaraq cavabdeh üzərinə düşən öhdəlikləri icra etməmiş və aralarında bağlanmış müqavilənin şərtlərini pozmuşdur. Aralarında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi təşəbbüsünə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli 014451 nömrəli ödəmə müqaviləsi sənədinə əsasən cavabdehə 7 ay müddətinə dəyəri 185 manat olan 1 ədəd blender (0350) satılmışdır. Cavabdeh tərəfindən yalnız 40 manat ilkin ödəniş edilmişdir. Bu günə onun 145 manat borcu yaranmışdır. Göründüyü kimi ümumilikdə cavabdehin satılmış əşyalara görə 145 manat borcu yaranmışdır. Yaranmış borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə cavabdehlə danışıqlar aparılmış, həmçinin göndərdiyi xx.xx.2024-cü il tarixli pretenziya məktubunda müqavilənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Artıq hüququm pozulduğundan məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə uyğun olaraq ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi onun qeydiyyatda olduğu ünvana göndərilməsinə baxmayaraq sonuncu iddiaya qarşı əsaslandırılmış etirazını təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş materiallarında olan iddia ərizəsinə əlavə edilmiş sənədləri Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirib, habelə həmin sənədləri iddia ərizəsi ilə qarşılıqlı təhlil edib tətbiq edilməli olan maddi hüquq normaların istinadən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin qismən edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı, ilkin ödəniş 10 manat olmaqla, 175 manat dəyərində malı Cavabdeh təhvil vermişdir. xx.xx.2023-cü il tarixli müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü tarixədək, hər ay 25 manatı cavabdeh Abbaslı X1 Samir Məcid oğluna ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlə iddiaçı arasında 185 manat müqabilidə malın satışı barədə razılıq əldə edilmiş və cavabdeh tərəfindən ilkin olaraq 10 manat ödəniş edilmişdir. Hazırda iddiaçı cavabdehdən 145 manat pul tələb etsə də həmin ödəniş yekun məbləğdən çıxılmamışdır. Odur ki, cavabdehin iddiaçıya pul borclu olması faktı iş materialları ilə tam təsdiq olunduğu üçün iddia tələbi əsaslı sayılaraq qismən təmin edilməli, Cavabdeh 135 manat məbləğində pul tutularaq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 135 manat borc məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elvin Ələsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar