Məhkəmə qərarları › İş №e-2(049)-436/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-436/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-436/2024 05.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, iddiaçı Ləğv prosesində ola QSC “Bank Standart” KB-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standart” KB-nin cavabdeh X1 qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində ola QSC “Bank Standart” KB-nin ləğvedcisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında bağlanmış 23 aprel 2014-cü il tarixli 1xx/xx/66888/14 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 317.85 manat məbləğində əsas borc, 4.58 manat məbləğində faiz borcu, 264.29 manat məbləğində cərimə borcu, 111.12 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 697.84 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında 23 aprel 2014-cü il tarixli 1xx/xx/66888/14 saylı kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 1500 (bir min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 (bundan sonra – Zamin) 23 aprel 2014-cü il tarixli 1xx/xx/66888/14 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 317.85 (üç yüz on yeddi manat, 85 qəpik) manat məbləğində əsas borc, 4.58 (dörd manat, 58 qəpik) manat məbləğində faiz borcu, 264.29 (iki yüz altmış dörd manat, 29 qəpik) manat məbləğində cərimə borcu, 111.12 (bir yüz on bir manat 12 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 697.84 (altı yüz doxsan yeddi manat, 84 qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: 23 aprel 2014-cü il tarixli 1xx/xx/66888/14 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh2 QSC “Bank Standard” KB tərəfindən illik 24% olmaqla 24 ay ərzində qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit verilmişdir. 23 aprel 2014-cü il tarixli 1xx/xx/66888/14 №-li zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 borcalan Cavabdeh2 kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. 07 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 23 aprel 2014cü il tarixli 1xx/xx/66888/14 №-li kredit müqaviləsi üzrə 317.85 manat məbləğində əsas borc, 4.58 manat məbləğində faiz borcu, 264.29 manat məbləğində cərimə borcu, 111.12 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 697.84 manat məbləğində borcu vardır. İş materiallarında olan ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, 23 aprel 2014cü il tarixində Cavabdeh2 QSC “Bank Standart” KB tərəfindən 1xx/xx/66888/14 №-li kredit müqaviləsi əsasında illik 24% olmaqla 24 ay ərzində qaytarmaq şərti ilə 1500 manat məbləğində kredit ayrılmışdır. 23 aprel 2014-cü il tarixli 1xx/xx/66888/14 №-li zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borcalan Cavabdeh2 kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Lakin cavabdehlər öz üzərinə götürdükləri kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka qeyd olunan məbləğdə borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları - fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünü idarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrıqayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icrae dilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Tələbin zaminə qarşı hissəsi ilə bağlı məhkəmə göstərir ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470-477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə göstərir ki, kreditor ilə zamin Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsi üzrə o, borcalanın kreditor qarşısında öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Odur ki, ondan da pul tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 23 aprel 2014-cü il tarixli 1xx/xx/66888/14 №-li kredit müqaviləsi üzrə 264.29 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 30 manat həcmində tutulmasını daha ədalətli hesab edir. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 317.85 manat məbləğində əsas borc, 4.58 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu, 111.12 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 463.55 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ödənilməli iddia qalan hissədə rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini göstərməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 317.85 manat məbləğində əsas borc, 4.58 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu, 111.12 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə 463.55 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar