Məhkəmə qərarları › İş №e-2(049)-467/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-467/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-467/2024 21.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh1 arasında bağlanmış 04 fevral 2014-cü il tarixli 1xx/xx/57405/14 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Rzayeva Məmməd qızından müştərək qaydada 3.780,84 manat məbləğində əsas borc, 751,71 manat məbləğində faiz borcu, 1.105,67 manat məbləğində cərimə borcu, 1.320,23 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 6.958,45 manat məbləğində pulun, 89.59 manat dövlət rüsumunun ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə tutulmasına barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi Nümayəndə2 tələbini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh1 arasında 04 fevral 2014-cü il tarixli 1xx/xx/57405/14 saylı kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 04 fevral 2014-cü il tarixli 1xx/xx/57405/14 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 04 fevral 2014-cü il tarixli 1xx/xx/57405/14-1 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin Cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: 04 fevral 2014-cü il tarixli 1xx/xx/57405/14 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh1 QSC "xxxx" KB tərəfindən 24% olmaqla 36 ay ərzində qaytarmaq şərti ilə 7500 manat məbləğində kredit verilmişdir. 04 fevral 2014-cü il tarixli 1xx/xx/57405/14-1 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. 04 fevral 2014-cü il tarixli 1xx/xx/57405/14 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh1 04 fevral 2014-cü il tarixli 1xx/xx/57405/14 №-li kredit müqaviləsi üzrə 3.780,84 manat məbləğində əsas borc, 751,71 manat məbləğində faiz borcu, 1.105,67 manat məbləğində cərimə borcu, 1.320,23 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 6.958,45 manat məbləğində borcu vardır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 89,59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, QSC "xxxx" KB ilə Cavabdeh1 arasında 04 fevral 2014-cü il tarixli 1xx/xx/57405/14 saylı kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 və Cavabdeh2 04 fevral 2014-cü il tarixli 1xx/xx/57405/14 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşlər. Lakin Cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd olunan Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrıqayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icrae dilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1nun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda müəyyən miqdar ödəniş etsə də, sonradan ödəniş etməmiş və kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, mülki məhkəmə icraatı qaydasında müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı dəbbə pulunu Mülki Məcəllənin 467-ci maddəsinə əsasən azalda bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə istinad olunanlara əsasən hesab edir ki, işin hallarına görə 1xx/xx/57405/14 saylı kredit müqaviləsi üzrə 1105.67 manat cərimə pulu əsas borcla müqayisədə tənasübsüz surətdə yüksək məbləğdir, həmin məbləğin ödənilməsi ədalətsizliyə səbəb ola bilər. Odur ki, məhkəmə dəbbə pulunun cavabdehdən 100 manat həcmində tutulmasını daha ədalətli hesab edir. Məhkəmə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 04 fevral 2018-ci il tarixdə başa çatmış, lakin kreditor olaraq iddiaçı 04 fevral 2019-cu il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilməlidir. Belə ki, qeyd olunan normanın tələbinə görə zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Odur ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə məhkəmə hesab edir ki, 04 fevral 2014-cü il tarixli zaminlik müqaviləsi xitam olduğu üçün cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə iddia tələbi əsassızdır. MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, müqavilə üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh1 3.780,84 manat məbləğində əsas borc, 751,71 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 1.320,23 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 5.952,78 manat və 89.59 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ HİSSƏSİ: Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC "xxxx" KB ilə Cavabdeh1 arasında bağlanmış 04 fevral 2014-cü il tarixli 1xx/xx/57405/14 №-li kredit müqaviləsi üzrə yaranmış 3.780,84 manat məbləğində əsas borc, 751.71 manat məbləğində faiz borcu, 100 manat məbləğində cərimə borcu, 1.320,23 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, cəmi 5.952,78 manat məbləğində pul və dövlət rüsumuna görə 89.59 manat Cavabdeh1 tutularaq iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin xeyrinə ödənilsin. İddia qalan hissədə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar