Məhkəmə qərarları › İş №e-2(049)-468/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-468/2024

16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-468/2024 16.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X3 iştirakı ilə, İddiaçı «Bank Standard” Ləğv Prosesində olan Kommersiya Bankı Cavabdeh Xanağa qızına qarşı “Əsas və faiz borcunun qaytarılması” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «Bank Standard” Ləğv Prosesində olan Kommersiya Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" KB ilə X9 arasında bağlanmış 14 avqust 2014-cü il tarixli 1xx/xx/78200/14 saylı kredit müqaviləsi üzrə cavabdehin faktiki varisi Cavabdeh 9991 (doqquz min doqquz yüz doxsan bir) manat məbləğindi əsas borc, 2455.80 (iki min dörd yüz əlli beş manat, 80 qəpik) manat məbləğində faiz borcu, 3201.17 (üç min iki yüz bir manat 17 qəpik manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 15647.97 (on beş min altı yüz qırx yeddi manat, 97 qəpik manat məbləğində pulun, 136.94 (bir yüz otuz altı, 94 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard" KB (bundan sonra - Bank) ilə X9(bundan sonra - Cavabdeh) arasında 14 avqust 2014-cü il tarixli 1xx/xx/78200/14 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir.Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 9991 (doqquz min doqquz yüz doxsan bir) manat məbləğində əsas borc, 2455.80 (iki min dörd yüz əlli beş manat, 80 qəpik) manat məbləğində faiz borcu, 3201.17 (üç min iki yüz bir manat 17 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 15647.97 (on beş min altı yüz qırx yeddi manat, 97 qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdeh X9 xx.xx.2022-ci il tarixində vəfat etmiş, Lənkəran rayon 1 saylı Notariat Ofisindən daxil olmuş xx.xx.2023-cü il tarixli 149 saylı cavaba əsasən mərhum X4 aid Elektron notariat Avtomatlaşdırılmış informasiya Sistemində araşdırılma aparılmış, vərəsəlik işinin açılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və ya mərhumun vərəsələrindən mirasdan imtinaya və ya mirasın qəbul edilməsinə dair ərizə verilməsi faktı müəyyən edilməməsi qeyd edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Lənkəran Şəhər icra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli 12-18/254 saylı cavaba əsasən mərhum X1 adları qeyd edilən ailə üzvləri vardır: həyat yoldaşı - Cavabdeh, övladı - X5, övladı - X7, övladı - X8. Faktiki vərəsə qismində mərhumun həyat yoldaşı Cavabdeh müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş QSC “Bank Standard" KB (bundan sonra - Bank) ilə X9 (bundan sonra - Cavabdeh) arasında 14 avqust 2014-cü il tarixli 1xx/xx/78200/14 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş QSC “Bank Standard" KB -nin 12 dekabr 2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X1 9991 (doqquz min doqquz yüz doxsan bir) manat məbləğində əsas borc, 2455.80 (iki min dörd yüz əlli beş manat, 80 qəpik) manat məbləğində faiz borcu, 3201.17 (üç min iki yüz bir manat 17 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 15647.97 (on beş min altı yüz qırx yeddi manat, 97 qəpik) manat məbləğində borcu qalmışdır. İş materiallarına əlavə edilmiş 28 iyul 2017-ci il tarixli bildirişin surətindən görünür ki, QSC “Bank Standard" KB (bundan sonra - Bank) tərəfindən X9 öhdəliyinin icra edilməsi tələb edilmiş, əks təqdirdə müvafiq borc məbləğinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdeh şəxsə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, 28 iyul 2017-ci il tarixli bildirişin 31 iyul 2017-ci il tarixdə X4 çatdırılmışdır. İş materiallarına əlavə edilmiş Lənkəran Rayon 1 saylı Notariat Ofisinin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, X4 vərəsəlik işinin açılması, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi və ya məhrumun vərəsələrindən mirasdan imtinaya və ya mirasın qəbul edilməsinə dair ərizə verilməsi faktı aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş 13 dekabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı QSC “Bank Standard" KB -nin tərəfindən 136.94 manat dövlət rüsumu ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan görünür ki, X1 ailə üzvləri arvadı Cavabdeh Xanağa qızı, övladları X5, X7, X2r. İş materiallarına əlavə olunmuş Cavabdeh nümayəndəsi Nümayəndə2 ərizələrindən görünür ki, cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.1 və 554.4-cü maddələrinə əsasən-müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh oğlunun nümayəndəsi Nümayəndə2ğa oğlu ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı işin hallarından, xüsusilə də iddiaçın ərizəsindən də müəyyən olunur ki, iddiaçı X10 arasında müqavilə 14 avqust 2014-cü il tarixdə bağlanmış, müqavilənin bitmə tarixi də 14 avqust 2017-cı il tarix kimi göstərilmiş, iddiaçı tərəfin hazırkı iş üzrə tələbi isə məhkəməyə 14 dekabr 2023-cü il tarixdə müraciət etmişdir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçı müqavilə üzrə tərəfə (X4) sonuncu dəfə bildirişi 28 iyul 2017-ci il tarixdə göndərmiş və həmin tarixdən sonra iddiaçının qeyd olunan müqavilə üzrə tələbinin olması, istər cavabdeh kimi X6, istərsə də onun vərəsində qarşı hər hansı tələb irəli sürməsi iş materiallarından müəyyən edilmir. Başqa sözlə ifadə etməli olunsa, iddiaçı müqavilədə göstərilən 3 illik müddətdən sonrakı qanun üzrə 3 illik müddət ərzində hər hansı tələblə çıxış etməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini yəni üç illik iddia müddətini ötürməklə iddia tələbi irəli sürmüş, bu səbəbdən də hazırkı iş üzrə iddia müddəti tətbiq edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankının Cavabdeh Xanağa qızına qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Kommersiya Bankına edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar