Məhkəmə qərarları › İş №e-2(049)-49/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-49/2025

02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-49/2025 02.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, X1 kаtibliyi, İddiaçı Ləğv prossesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Ləğv prossesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi üzrə 2641.29 manat əsas borc, 1146.39 manat faiz borcu, 6166.01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 372.96 manat faiz borcu, cəmi 10326.65 manat borc məbləği və ödənilmiş 120.98 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 32 % dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməklə, müqavilə müddəti ərzində cəmi 6840 manat kredit borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, xx.xx.2013-cü il tarixli 3063 nömrəli zaminlik müqaviləsinə əsasən digər Cavabdeh1 onunla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Daha sonra tərəflər arasında xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə saziş bağlanmış və həmin saziş üzrə cavabdehin iddiaçı qarşısındakı kredit öhdəliyinin qalığı 9289.21 manat (3717.72 manat əsas borc, 3921.82 manat faiz borcu, 1649.67 manat cərimə) təşkil etmişdir. Əlavə sazişin şərtlərinə əsasən həmin saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabatda dondurulmuş,əsas borc üzrə illik 15 % olmaqla yeni ödəniş cədvəli təqdim edilərək müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Eyni zamanda, kredit öhdəliyinin təminatı kimi xx.xx.2013-cü il tarixli 3063 nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh1 ilə də həmin müddətə əlavə saziş imzalanmışdır. Cavabdeh2 kredit müqaviləsi və əlavə saziş üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmişdir. Hazırda Cavabdeh2 xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi və ona əlavə saziş üzrə iddiaçıya 2641.29 manat əsas borc, 1146.39 manat faiz borcu, 6166.01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 372.96 manat faiz borcu vardır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə ərizə ilə məhkəməyə müraciət edilmiş, məhkəməyə müraciət etmək üçün 120.98 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda 2641.29 manat əsas borc, 1146.39 manat faiz borcu, 6166.01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 372.96 manat faiz borcu, cəmi 10326.65 manat borc məbləğini, dövlət rüsumu kimi ödənilmiş 120.98 manat məbləği birgə qaydada cavabdehlərdən tələb edir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi üzrə 2641.29 manat əsas borc, 1146.39 manat faiz borcu, 6166.01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 372.96 manat faiz borcu, cəmi 10326.65 manat borc məbləği və ödənilmiş 120.98 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar xx.xx.2013-cü il tarixli 3063 nömrəli nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan borcun miqdarının müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibat ekspertizasının xx.xx.2025-ci il tarixli 9/8891 nömrəli rəyində qeyd edilmişdir ki, xx.xx.2013-cü il tarixli 3063 nömrəli nömrəli kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə iddiaçıya olan kredit borcu həmin sazişin müddəti bitənədək, yəni xx.xx.2021-ci il tarixədək əsas borcun miqdarı 2644.29 manat, faiz borcunun miqdarı 1015.85 manat, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilənədək, yəni xx.xx.2024-cü il tarixədək əsas borcun miqdarı 2644.29 manat, faiz borcunun miqdarı 1015.85 manat, gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun miqdarı 376.81 manat, ekspertiza keçirilənədək, yəni xx.xx.2025-ci il tarixədək əsas borcun miqdarı 2644.29 manat, faiz borcunun miqdarı 1015.85 manat, gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun miqdarı 444.75 manat təşkil etmişdir. Tərəflər arasında bağlanmış sazişdə cərimə hesablanması nəzərdə tutulsa da, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə cərimə hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdehə cərimə borcu hesablanmamışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iş üzrə məhkəmə mühasibat ekspertizası keçiriləndən sonra təyin edilmiş növbəti məhkəmə iclasında da iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, həqiqətən də, Cavabdeh2 xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi qüvvədə olduğu müddətdə, eyni zamanda, həmin müqavilənin müddəti bitdikdən sonra əlavə sazişin qüvvədə olduğu müddətdə ayrı-ayrı vaxtlarda, o cümlədən, 2018 və 2019-cu illərdə də iddiaçının hesabına müəyyən məbləğlərdə vəsait ödəmişdir. Eyni zamanda, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin (əlavə saziş) müddətinin bitdiyi vaxtdan sonra üç il tamam olmadan, yəni iddia müddətini keçirmədən məhkəməyə müraciət etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə məhkəmə mühasibat ekspertizası keçiriləndən sonra təyin edilmiş növbəti məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, 2013-cü ildə iş yoldaşı ilə birlikdə banka gedib onun öz adına olmaq şərti ilə 5000 manat kredit götürmüşlər. Arvadı Cavabdeh1 isə ona zamin olmuşdur. Kredit müqaviləsi üzrə əsas borclu o özü olsa da, iş yoldaşı ilə aralarında olan razılığa əsasən kredit məbləğini yarı bölməklə hər ay cədvəl üzrə ikisi də ödəniş etməli idi. Onlar müəyyən qədər ödəniş etmişlər, lakin onunla birlikdə razılaşıb kredit götürən iş yoldaşı vəfat etmiş və bundan sonra o, banka olan borcu təkbaşına ödəməyə məcbur olmuşdur. Maddi vəziyyəti ilə əlaqədar kredit borcunu vaxtıvaxtında ödəyə bilməmiş, qalıq borcu üzrə əlavə saziş bağlaması iddiaçı tərəfindən ona təklif olunmuş və o da razılaşmışdır. Onlarla iddiaçı arasında xx.xx.2017-ci il tarixdə əlavə sazişlər tərtib edilib imzalanmışdır. Həmin əlavə saziş üzrə kredit borcundan bir müddət ödəniş etmiş, lakin İddiaçı ASC ləğv olunduqdan sonra ödənişləri dayandırmışdır. O, iddiaçı ilə müqavilə bağlayıb kredit götürdüyünü və hazırda həmin müqavilə üzrə iddiaçıya borclu olduğunu qəbul edir. Məhkəməmühasibat ekspertizasının verdiyi rəyin əsas borca dair hissəsinə etirazı yoxdur, lakin hesab edir ki, əsas borca görə hesablanan digər məbləğlər, yəni faiz borcu və cərimə çoxdur. Qeyd etdiklərinə əsasən qərar qəbul edərkən maddi vəziyyətinin nəzərə alınaraq həmin məbləğlərin azaldılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəməyə ünvanladığı ərizəndə isə qeyd etmişdir ki, İddiaçı ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu ona hər hansı əlavə məbləğ ödəmədən onunla müqavilə bağlamışdır. Əmanətlərin Sığortalanması Fondu onun kredit borcunu özü bildiyi kimi hesablamış və yüksək həddə çatdırmışdır. O, son ödənişini xx.xx.2019-cu il tarixdə etməklə xx.xx.2017-ci il tarixli sazişin bağlandığı vaxtdan xx.xx.2019-cu il tarixədək cəmi 1700 manat pul ödəyərək faktiki olaraq götürdüyü borcu tam şəkildə ödəmişdir. O, krediti İddiaçı ASC-dən almışdır, İddiaçı ASC isə artıq mövcud deyildir. Hazırki iş üzrə iddiaçı kreditor kimi tanına bilməz. Həmçinin, iddiaçı iddia müddətini də keçirmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, lakin məhkəməyə ərizə göndərib iş üzrə iddia müddətinin üzürsüz səbəbdən keçdiyini bildirərək iddia müddəti tətbiq olunmaqla, ona qarşı olan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının Cavabdeh1 iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh1 məhkəməyə ünvanladığı ərizəni onunla əsaslandırmışdır ki, əri Cavabdeh2 İddiaçı ASC-dən xx.xx.2013-cü il tarixdə 5000 manat kredit götürmüş, həmin kreditin aylıq ödənişlərini xx.xx.2014-cü ilə qədər vaxtında ödəsələr də, bundan sonra xx.xx.2017-ci il tarixədək ödəməmişlər. Daha sonra xx.xx.2017-ci il tarixdə kredit borcu restrukturizasiya olunmuş, həmin tarixdə tərəflər arasında əlavə sazişlər bağlanmış və sazişdən sonra xx.xx.2019-cu il tarixədək daha 1700 manat ödəniş edilmişdir. Bundan sonra İddiaçı ASC ləgv edildiyinə görə daha ödəniş etməmişlər. Hazırda iddiaçı kredit müqaviləsi üzrə əsas borcla yanaşı faiz, cərimə və sair tutulmalarla birgə onlardan cəmi 10326.65 manat pul tələb edir. Onlar əlavə sazişdən sonra son ödənişi xx.xx.2019-cu il tarixdə etmişlər. Həmin gündən sonra son vaxtlaradək iddiaçı tərəf kreditin ödənilməsi üçün məhkəməyə müraciət etməmişdir. İş üzrə iddia müddəti üzürsüz olaraq buraxıldığına görə verilmiş iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları, həmçinin, iş materiallarına əlavə edilmiş, xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit və zaminlik müqaviləsi, həmin müqavilələr üzrə xx.xx.2017-ci il tarixli əlavə sazişlər, həmçinin, hər bir müqaviləyə aid ödəniş cədvəlləri, xx.xx.2024-cü il tarixli bildiriş, həmin bildirişə aid xəbərnamələr, hesab üzrə əməliyyatlara dair məlumat, xx.xx.2024-cü il tarixli hesabdan çıxarış, borc qalığına dair xx.xx.2024-cü il tarixli maliyyə arayışı və xx.xx.2024-cü il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, Cavabdeh2 müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 illik 32 % dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 6840 manat əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra tərəflər arasında xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 nömrəli əlavə saziş bağlanmış və həmin saziş üzrə cavabdehin iddiaçı qarşısındakı kredit öhdəliyinin qalığı 9289.21 manat (3717.72 manat əsas borc, 3921.82 manat faiz borcu, 1649.67 manat cərimə) təşkil etmişdir. Əlavə sazişin şərtlərinə əsasən həmin saziş qüvvəyə minənədək hesablanmış faiz və cərimə borcları ayrıca hesabatda dondurulmuş,əsas borc üzrə illik 15 % olmaqla yeni ödəniş cədvəli təqdim edilərək müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Eyni zamanda, xx.xx.2013-cü il tarixli 3063 nömrəli zaminlik müqaviləsi üzrə Cavabdeh1 ilə də həmin müddətə əlavə saziş imzalanmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etməmişdir. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 120.98 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi üzrə 2641.29 manat əsas borc, 1146.39 manat faiz borcu, 6166.01 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 372.96 manat faiz borcu, cəmi 10326.65 manat borc və ödənilmiş 120.98 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, əlavə sazişlərə, hesabdan çıxarışa və maliyyə arayışına istinad edir. Cavabdeh2 iştirak etdiyi məhkəmə iclasında iddia tələbini qismən qəbul etdiyini bildirmiş, maddi vəziyyəti nəzərə alınaraq faiz borcu və cərimə məbləğlərinin azaldılmasını məhkəmədən xahiş etmişdir. Digər Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş, lakin iddia tələbinə etirazlarının əsası kimi məhkəməyə ərizə göndərərək iddia müddətinin tətbiq edilərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2013-cü il tarixdə tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə kredit müqaviləsi bağlanmış, iddiaçı həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 32 % dərəcəsi ilə 24 ay müddətinə 5000 manat məbləğində kredit verməklə müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam şəkildə yerinə yetirmişdir. Cavabdeh2 isə müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərinə tam şəkildə əməl etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi və həmin müqaviləyə aid əlavə saziş üzrə öhdəliklərin icrasına görə maddi məsuliyyət daşıyır. İddiaçıdan qeyd olunan şərtlərlə və həmin miqdarda kredit aldığını Cavabdeh2 özü də etiraf etmiş, iştirak etdiyi sonuncu məhkəmə iclasında iddia tələbinin yalnız faiz borcu və cərimə məbləğləri tutulmasına dair hissəslərində borcun miqdarı ilə razı olmadığını bildirmişdir. Məhkəmə hazırki iddia tələbinin əsasları ilə bağlı ilk növbədə Cavabdeh2 məhkəməyə göndərdiyi ərizəsində hazırki iş üzrə iddiaçının tələb hüququ, iddia müddətinin tətbiqinə dair göstərdikləri ilə əlaqədar qeyd edir ki, iş materiallarından göründüyü kimi, xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsinə xx.xx.2017ci il tarixli 01 nömrəli əlavə saziş Əmanətlərin Sığortalanması Fondu ilə deyil, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış və həmin saziş üzrə cavabdehin kredit öhdəliyinin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Qeyd olunan hüquq normalarının tələbləri baxımından hesab edilir ki, hazırki iş üzrə iddia müddəti xx.xx.2024-cü il tarixədək müəyyən edilir. Belə ki, cavabdehin son ödənişi hansı tarixdə etməsindən asılı olmayaraq, müqavilə müddətinin bitdiyi vaxtdan sonra üç illik müddət xx.xx.2024-cü il tarixdə bitmişdir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixdə, yəni həmin müddət bitənədək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçının məhkəməyə müraciət edilənədək iddia müddətini keçirmiş olması halı istisna edilmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi və ona aid xx.xx.2017-ci il tarixli əlavə sazişə görə iddiaçının qarşısında maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinin məzmununa görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə iddia tələbinin digər Cavabdeh1 dair hissəsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, iddiaçı ilə həmin cavabdeh arasında bağlanmış zaminlik müqaviləsi və bu müqaviləyə əlavə saziş qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmaqla, həmin müqavilənin və sazişin etibarsızlığına dəlalət edə biləcək hər hansı əsas və ya səbəb məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 3063 nömrəli zaminlik müqaviləsinin 4.1-ci maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə, zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunan zaminlik müqaviləsinin 6.3-cü maddəsinə əsasən bu müqavilə tərəflərin imzaladığı gündən qüvvəyə minir və tərəflərin bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirəndək qüvvədə qalır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 3063 nömrəli zaminlik müqaviləsi 24 ay müddətinə, həmin müqaviləyə aid xx.xx.2017-ci il tarixli əlavə saziş isə 48 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixədək bağlanmış olsa da, zaminlik müqaviləsinin qeyd olunan maddələrinin məzmunundan göründüyü kimi, həmin zaminlik müqaviləsi xx.xx.2013-cü il tarixli kredit müqaviləsi (həmçinin, həmin müqaviləyə əlavə saziş) üzrə əsas öhdəliklər tam şəkildə icra edilənə qədər qüvvədə qalır. Bu baxımdan həmin müddət ərzində iddiaçının zaminə qarşı tələb hüququ da saxlanılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixli kredit müqaviləsi və ona aid xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə borcun tam şəkildə ödənilməsinə Cavabdeh2 ilə birgə maddi məsuliyyət daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında və işin faktiki halları ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, iddia tələbinin xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi və ona aid xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə əsas borc məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasına dair hissəsi təmin edilməlidir. Məhkəmə xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi və ona aid xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə cavabdehlərdən tutulmalı olan əsas borcun miqdarını müəyyən edərkən qeyd edir ki, əsas borcun miqdarı iddia tələbində 2641.29 manat, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının müvafiq rəyində isə 2644.29 manat qeyd edilmişdir. Həmin məbləğlər arasında fərq cüzi olsa da, iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə vermədiyindən və məhkəmə tələbdən kənara çıxmaq üçün hər hansı əsas görmədiyindən iddia tələbinin xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi və ona aid xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə əsas borca dair hissəsinin iddia tələbində qeyd edilən miqdara uyğun olaraq 2641.19 manat həddində təmin edilməsini qanunauyğun hesab edir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Məhkəmə xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi və ona aid xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olan faiz borcunun miqdarını müəyyən edərkən qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının müvafiq rəyinə əsasən həmin kredit müqaviləsi üzrə iddiaçıya olan faiz borcunun miqdarı həm əlavə sazişin müddəti bitənədək, həm hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilənədək, həm də ekspertiza keçirilənədək stabil məbləğdə - 1015.85 manat həddində müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə iddia tələbinin xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi və ona aid xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə faiz borcuna dair hissəsinin ekspertiza tərəfindən müəyyən edilən miqdara uyğun olaraq 1015.85 manat həddində təmin edilməsini qanunauyğun hesab edir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi və ona aid xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmalı faiz borcunun miqdarını müəyyən edərkən qeyd edir ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının müvafiq rəyinə əsasən həmin kredit müqaviləsi üzrə iddiaçıya olan bu növ faiz borcunun miqdarı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilənədək 376.81 manat, ekspertiza keçirilənədək isə 444.75 manat həddində müəyyən edilmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə vermədiyindən və məhkəmə tələbdən kənara çıxmaq üçün hər hansı əsas görmədiyindən iddia tələbinin xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi və ona aid xx.xx.2017-ci il tarixli əlavə saziş üzrə kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcuna dair hissəsinin iddia tələbində qeyd edilən miqdara uyğun olaraq 372.96 manat həddində təmin edilməsini qanunauyğun hesab edir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının müvafiq rəyində qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində cərimə hesablanması nəzərdə tutulsa da, tərəfindən təqdim edilən sənədlərdə cərimə hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdehə cərimə borcu hesablanmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ekspertizanın rəyi nəzərə alınmaqla, xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi üzrə cərimə məbləği hesablanmamalı, iddia tələbinin həmin kredit müqaviləsi üzrə cavabdehdən 6166.01 manat cərimə tutulmasına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla, məhkəməyə müraciət etmək üçün ödənilmiş 120.98 manat dövlət rüsumunun 47.21 manatdan ibarət hissəsi cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməli, qalan 73.77 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə və işin faktik hallarına görə məhkəmə 100 manat ekspertiza xərcinin 61 manatdan ibarət hissəsinin iddiaçıdan, 39 manatdan ibarət hissəsinin isə birgə qaydada cavabdehlərdən tutulmasını qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada iddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2013-cü il tarixli 3063 nömrəli kredit müqaviləsi üzrə 2641.29 manat əsas borc, 1015.85 manat faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 372.96 manat faiz borcu, cəmi 4030.10 manat borc və 48 manat dövlət rüsumu məbləği tutulsun. İddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 120.98 manat dövlət rüsumu məbləğinin qalan 72.98 manatdan ibarət hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə 100 manat ekspertiza xərcinin 61 manatdan ibarət hissəsi iddiaçı Ləğv prossesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 39 manatdan ibarət hissəsi isə birgə qaydada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar