Məhkəmə qərarları › İş №e-2(049)-532/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-532/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-532/2025 22.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmi 66,56 manat əsas, 1,22 manat faiz borcu- cəmi 67,78 (altmış yeddi manat 78 qəpik) manat məbləğində kredit borcunun və məhkəmə baxışı üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatının xeyrinə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlərdən Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2012-cü il tarixli MAS-580/1 №-li Kredit müqaviləsinə əsasən, MAS-580/1 №-li birgə borclu qrupunun üzvü kimi Cavabdeh1 700,0 (yeddi yüz) manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında ” 28 fevral 2019-cu il tarixli, 551 №-li Fərmanının icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 ilə 24 iyun 2019-cu il tarixli 093RST007 №-li kredit (restrukturizasiya) müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən kreditor borclunun xx.xx.2012-cü il tarixli MAS-580/1 №-li Kredit müqaviləsi ilə aldığı 700,0 (yeddi yüz) manat kredit məbləğindən vaxtı keçmiş əsas kredit borcunun 66,56 manatlıq hissəsinin ödənməsi məqsədilə bu məbləğdə güzəştli krediti verməyi, borclu və zamin isə verilmiş krediti və ona hesablanan faizləri ödəməyi öz öhdələrinə götürmüşlər. Kredit Fərmana uyğun olaraq illik faiz dərəcəsi 1% olmaqla 5 il müddətinə verilmişdir. Bağlanmış restrukturizasiya müqaviləsinin 2.2-ci bəndinə görə müqavilə üzrə aylıq kredit ödənişləri borclu ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, kreditor bu müqaviləni vaxtından əvvəl ləğv etmək və qalıq kredit borcunun vaxtından əvvəl ödənilməsini borcludan və zamindən tələb etmək hüququna malikdir. Həmin müqavilənin 3.4-cü bəndinə görə borclu və zamin bu müqavilə üzrə kreditora çatmalı olan kredit və hesablanmış faizləri və digər ödənişləri bu müqavilənin 5-ci bəndində nəzərdə tutulan müddətdə və qaydada ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.5-ci bəndinə görə borclu öhdəlikləri tam və vaxtında icra etmədiyi halda onun qalan öhdəliklərinin icra olunmasını zamin öz üzərinə götürür. Həmin müqavilənin 8.4-cü bəndinə görə tərəflər bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə və lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq məsuliyyət daşıyır. Cavabdehin kredit öhdəliyinin təminatı kimi Masallı rayon sakini Cavabdeh2 zamin kimi tanındığı 24 iyun 2019-cu il tarixli 093RST007 №-li kredit (restrukturizasiya) müqaviləsinin 3.4-cü bəndinə görə borclu öhdəliyi tam və vaxtında icra etmədiyi halda onun qalan öhdəliklərinin icra olunmasını zamin öz üzərinə götürür, 3.6-cı bəndinə görə isə borclu və zamin öhdəliklərin yerinə yetirilməməsi səbəbindən yarana biləcək məhkəmə xərclərini ödəməyi öz öhdələrinə götürürlər. Kredit müqaviləsinə əsasən, cavabdehlər tərəfindən ödəniş qrafiki pozularaq gecikdirilməklə, müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş və bununla da vurulan zərər nəticəsində "xxxx" MMC Bank olmayan Kredit Təşkilatını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onunr tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehlərə göndərilmiş xəbərdarlıq (pretenziya) məktubu da uzun müddət keçməsinə baxmayaraq cavabsız qalmışdır. Cavabdehlərin 24 iyun 2019-cu il tarixli 093RST007 №-li kredit (restrukturizasiya) müqaviləsinə əsasən, "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına xx.xx.2024-cü il tarixə olan borcu 66,56 manat əsas, 1,22 manat faiz borcu- cəmi cəmi: 67,78 (altmış yeddi manat 78 qəpik) manat təşkil edir ki, bu borcun da cavabdehlər tərəfindən ödənilməsi təmin edilməlidir. Cavabdehlə bağlanmış sözü gedən kredit müqaviləsinin 8.4-ci bəndinə görə müqavilənin icrası ilə bağlı mübahisələr qarşılıqlı müzakirə yolu ilə həll olunmadıqda mübahisənin məhkəmə qaydasında həlli hüququndan istifadə ediləcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehlər ayrı-ayrılıqda xx.xx.2025-ci il tarixdə bildiriş və iddia ərizəsinin surəti poçt vasitəsi ilə alsa da, iddiaya qarşı əsaslandırılmış etiraz göndərməmişlər. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2012-cü il tarixli MAS-580/1 №-li Kredit müqaviləsinə əsasən, MAS-580/1 №-li birgə borclu qrupunun üzvü kimi Cavabdeh1 700,0 (yeddi yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh1 ilə 24 iyun 2019-cu il tarixli 093RST007 №-li kredit (restrukturizasiya) müqaviləsi imzalanmış müqaviləyə əsasən kreditor borclunun xx.xx.2012-cü il tarixli MAS-580/1 №-li Kredit müqaviləsi ilə aldığı 700,0 (yeddi yüz) manat kredit məbləğindən vaxtı keçmiş əsas kredit borcunun 66,56 manatlıq hissəsinin ödənməsi məqsədilə bu məbləğdə güzəştli krediti verməyi, borclu və zamin isə verilmiş krediti və ona hesablanan faizləri ödəməyi öz öhdələrinə götürmüşlər. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehlərin əsas borcu 66.56 manat, 1.22 manat faiz borcu vardır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini tələb etmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. MPM-nin 217.2.1-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında kredit münasibətləri yaranarkən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşə əlavə edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə, cavabdehlər tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi tam təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada 66,56 manat əsas, 1,22 manat faiz borcu olmaqla cəmi 67,78 manat məbləğində kredit borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar