Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-666/2024 08.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X1 Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X1 Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti X1 Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması» tələbinə dair iddia qaldıraraq, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında bağlanmış 20 iyun 2015-ci il tarixli 1xx/xx/112682/15 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 2554.78 manat məbləğində əsas borc, 2969.96 manat məbləğində faiz borcu, 2609.46 manat məbləğində cərimə borcu, 696.50 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 8830.70 manat məbləğində pulun, 108.31 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə Cavabdeh2 (bundan sonra – Cavabdeh) arasında 20 iyun 2015-ci il tarixli 1xx/xx/112682/15 saylı kredit müqaviləsi (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 32 (otuz iki) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1(bundan sonra – Zamin) 20 iyun 2015-ci il tarixli 1xx/xx/112682/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçının tələbinin əsaslandığı sənədlər (iddia ərizəsinə əlavə edilən) tərəflər arasında bağlanmış Kredit Müqaviləsi, Zaminlik Müqaviləsi, ödəniş cədvəli, 07 dekabr 2023-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışlardır. Lakin Cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 2554.78 (iki min beş yüz əlli dörd manat, 78 qəpik) manat məbləğində əsas borc, 2969.96 (iki min doqquz yüz altmış doqquz manat, 96 qəpik) manat məbləğində faiz borcu, 2609.46 (iki min altı yüz doqquz manat, 46 qəpik) manat məbləğində cərimə borcu, 696.50 (altı yüz doxsan altı manat 50 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 8830.70 (səkkiz min səkkiz yüz otuz manat, 70 qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X2 Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etmədi, iddia müddətinin tətbiqi verdiyi ərizə təqdim edərək iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizədə qeyd edilmişdir ki, iddiaçının tərtib etdiyi iddia ərizəsində göstərilmişdir ki, “"Bank Standard" KB ilə Cavabdeh2 arasında 20 iyun 2015-ci il tarixli 1xx/xx/112682/15 saylı kredit müqaviləsi bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 32 (otuz iki) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İddiaçı özü də göstərir ki. mübahisəli müqavilə 20 iyun 2015-ci il tarixdə və 36 (otuz altı) ay müddətinə bağlanılmışdır və müqavilə üzrə öhdəliklərin icrasının son tarixi kimi 20 iyun 2018-ci il müəyyən edilmişdir. Ona görə də. qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçı özünün iddia tələbini 20 iyun 2021-ci il tarixinədək irəli sürməli idi. Lakin, iddiaçı özünün iddia tələbini 08 yanvar 2024-cü il tarixdə irəli sürmüşdür (məhkəməyə vermişdir). Yuxarıda göstərilən 20 iyun 2015-ci il tarixli, 1xx/xx/112682/15 saylı kredit müqaviləsi üzrə son ödəniş də yalnız 2016-cı ilin əvvəlinədək edilmişdir. Hesab edir ki, iddiaçı LPO QSC "Bank Standart” KB-nin cavabdehlərə qarşı “borcun qaytarılması" tələbinə dair tələb üzrə iddia müddəti tətbiq edilməli və həmin iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında 20 iyun 2015-ci il tarixli 1xx/xx/112682/15 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana illik 32 (otuz iki) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanılmış 20 iyun 2015-ci il tarixli 1xx/xx/112682/15 saylı zaminlik müqaviləsindən görünür ki, sonuncu QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında 20 iyun 2015-ci il tarixli 1xx/xx/112682/15 saylı kredit müqaviləsinin borclu tərəfindən icra edilməməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. 07 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 20 iyun 2015-ci il tarixli 1xx/xx/112682/15 saylı kredit müqaviləsi üzrə 01 dekabr 2023-cü il tarixinədək banka olan borcu əsas borc üzrə 2554.78 manat, faiz borcu üzrə 2969.96 manat, cərimə borcu üzrə 2609.46 manat, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 696.50 manat, ümumilikdə 8830.70 manat məbləğində təşkil edir. İş materiallarında olan ********** №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 108.31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə işin hallarına dair tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Mülki Prosessual Məcəllənin 217.3 və 218.1-ci maddələri). Məhkəmə göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit müqaviləsi üzrə yaranan mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehlərin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə qeyd edir ki, işin mübahisə olunmayan hallarıdır ki, borcalan aldığı krediti müqavilədə müəyyən olunmuş müddətlərdə və məbləğdə tam ödəməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. Lakin bununla belə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunla müəyyən olunmuş iddia müddətini ötürmüşdür. İddia müddətinin tətbiqi barədə isə cavabdeh Ağabəyim Sadıxova tərəfindən ərizə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2, 373.3 və 377.2-ci maddələrinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Vaxt dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (MM-in 368 və 377.2-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti qeyd olunaraq göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, «iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarından görünür ki, iddiaçının borcalanla bağladığı kredit müqaviləsi üzrə müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddətinin sonu xx.xx.2018-ci il tarix müəyyən edilmişdir. Lakin iddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməklə qanunla müəyyən olunmuş iddia müddətini buraxmışdır. Halbuki mövcud vəziyyətdə iddiaçı xx.xx.2021-ci il tarixədək məhkəmədə iddia qaldıra bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi müddətin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından göründüyü kimi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil baxılan iş üzrə iddia müddətinin tətbiq olunması barədə ərizə vermişdir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normasına əsaslanaraq hazırki tələb üzrə iddia müddətinin tətbiqini məqsədəmüvafiq hesab etmişdir. Qeyd olunmalıdır ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Sadalanan xüsusatları rəhbər tutan məhkəmə hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edildiyi üçün rədd edilməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Azərbaycan Respublikası MPM-nin 217.1 və 217.4-cü maddələri). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu "S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməlidir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəblərini göstərməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X1 Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kreditin, ona hesablanmış faiz və cərimə borcunun qaytarılması» tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-666/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-666/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver