Məhkəmə qərarları › İş №e-2(049)-667/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-667/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-667/2024 14.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: xx.xx.2024-cü il Lənkəran şəhəri Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı Ləğv prossesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Ləğv prossesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" KB QSC ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi üzrə 9985.73 ABŞ dolları əsas borc, 3309.13 ABŞ dolları faiz borcu, 1907.08 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 4409.75 ABŞ dolları cərimə - cəmi 19611.69 ABŞ dolları borc və 190.02 manat dövlət rüsumu məbləğinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 birgə qaydada tutularaq iddiaçının hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədilə illik 26 % dərəcəsi ilə 48 ay müddətinə 11500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 18611.99 ABŞ dolları əsas borc və faiz borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 1xx/xx/95987/15 və 1xx/xx/95987/15-1 nömrəli zaminlik müqavilələrinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 onunla birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına riayət etməyərək borcun ödənilməsini gecikdirmişdir. Kredit müqaviləsinin şərtinə əsasən borcun gecikdirilməsinə görə gündəlik 1 % dərəcəsi ilə cərimə hesablanır. Hazırda Cavabdeh2 xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 9985.73 ABŞ dolları əsas borcu və 3309.13 ABŞ dolları faiz borcu, 1907.08 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 4409.75 ABŞ dolları cərimə - cəmi 19611.69 ABŞ dolları borcu vardır. Cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq onlar borcun ödənilməsini təmin etməmiş, onlarla iddiaçı arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəlikləri icra etməmişlər. Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 190.02 manat dövlət rüsumu ödənilmişdir. Hazırda iddiaçı cəmi 19611.69 ABŞ dolları borc və 190.02 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada tutulmasını tələb edir. İddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəməyə gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində qeyd etmişdir ki, iddiaçıdan, həqiqətən də, illik 26 % dərəcəsi ilə 48 ay müddətinə 11500 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş yeri bağlananadək kreditin aylıq ödənişlərini həyata keçirmiş, daha sonra ödənişləri dayandırmışdır. Bununla belə, o, 2023-cü ildə də iddiaçının hesabına ödənişlər etmişdir. Bu səbəbdən iddiaçının ondan tələb etdiyi 3309.13 ABŞ dolları faiz borcu, 1907.08 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və 4409.75 ABŞ dolları cərimənin miqdarı ilə razı deyildir. Ona görə də iş üzrə ekspertiza təyin edilməsini məhkəmədən xahiş edir. İş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 da məhkəməyə gəlməmiş, məhkəməyə ayrı-ayrılıqda ərizələr göndərərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsində qeyd edilən əsaslarla iddia müddətinin tətbiq edilərək iddia tələbinin onlara aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişlər. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar Cavabdeh2 vəsatəti əsasında xx.xx.2015ci il tarixli 1xx/xx/93609/15 nömrəli nömrəli kredit müqaviləsi üzrə iddiaçıya olan borcun miqdarının müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Məhkəmə-mühasibat ekspertizasının xx.xx.2024-cü il tarixli 9/3340 nömrəli rəyində qeyd edilmişdir ki, xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli nömrəli kredit müqaviləsi üzrə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilənədək, yəni xx.xx.2024cü il tarixədək iddiaçıya olan əsas borcun miqdarı 9463.45 ABŞ dolları, faiz borcunun miqdarı 8206.26 ABŞ dolları, gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcunun miqdarı 2375.59 ABŞ dolları təşkil etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsində cərimə hesablanması nəzərdə tutulsa da, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə cərimə hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdehə cərimə borcu hesablanmamışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). İddiaçının nümayəndəsi Nümayəndə2 iş üzrə məhkəmə mühasibat ekspertizaları keçiriləndən sonra təyin edilmiş növbəti məhkəmə iclasında da ekspertin rəyinə hər hansı etirazının olmadığını, iddia tələbini müdafiə etdiyini bildirdi və həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, həqiqətən də, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi qüvvədə olduğu müddətdə, eyni zamanda, həmin müqavilənin müddəti bitdikdən sonra da ayrı-ayrı vaxtlarda, o cümlədən, 2023 və 2024-cü illərdə də iddiaçının hesabına müəyyən məbləğlərdə vəsait ödəmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər iş üzrə məhkəmə-mühasibat ekspertizası keçiriləndən sonra təyin edilmiş növbəti məhkəmə iclasına gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının cavabdehlərin iştirakı olmadan davam etdirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş, istehlak kreditinin alınması haqda xx.xx.2015-ci il tarixli ərizə və həmin tarixli bank hesabı müqaviləsi, xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2015-ci il tarixli 1xx/xx/95987/15 və 1xx/xx/95987/15-1 nömrəli zaminlik müqavilələri, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli bildirişlər, həmin bildirişlərə aid xəbərnamələr, hesabdan çıxarış, borc qalığına dair xx.xx.2022-ci il tarixli arayış və xx.xx.2024-cü il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, Cavabdeh2 müraciəti əsasında onunla iddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh2 istehlak məqsədi ilə istifadə edilməsi üçün illik 26 % dərəcəsi ilə 48 ay müddətinə 11500 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 müqavilə ilə müəyyən edilmiş müddətdə cəmi 18611.99 ABŞ dolları əsas borc və faiz borcunu tam şəkildə ödəməli olması ilə bağlı ödəniş cədvəli təqdim edilmişdir. Kredit müqaviləsində borcun gecikdirilməsinə görə gündəlik 1 % dərəcəsi ilə cərimə hesablanacağı qeyd edilmişdir. Kredit müqaviləsinin təminatı kimi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etməmişdir. Cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 190.02 manat dövlət rüsumu ödənilmişdir. İşin qeyd edilən halları cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. İddiaçı hazırda xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi üzrə 9985.73 ABŞ dolları əsas borc, 3309.13 ABŞ dolları faiz borcu, 1907.08 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, 4409.75 ABŞ dolları cərimə - cəmi 19611.69 ABŞ dolları borc və 190.02 manat dövlət rüsumu məbləğinin cavabdehlərdən birgə qaydada qaydada tutulmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və zaminlik müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, hesabdan çıxarışa və maliyyə arayışına istinad edir. Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində kredit müqaviləsi üzrə iddiaçıdan, həqiqətən də, illik 26 % dərəcəsi ilə 48 ay müddətinə 11500 ABŞ dolları məbləğində kredit götürdüyünü, bir müddət kredit borcunu müntəzəm olaraq ödədiyini, sonradan borcun gecikdirildiyini, son illərdə də iddiaçının hesabına müəyyən məbləğlərdə vəsait ödədiyini, lakin iddiaçının ondan tələb etdiyi 3309.13 ABŞ dolları faiz borcu, 1907.08 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu və 4409.75 ABŞ dolları cərimənin miqdarı ilə razı olmadığını bildirərək iş üzrə ekspertiza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər də məhkəmə iclaslarına gəlməmiş, lakin iddia tələbinə etirazlarının əsası kimi məhkəməyə ərizə göndərərək iddia müddətinin tətbiq edilərək iddia tələbinin onlara aid hissədə rədd edilməsini məhkəmədən xahiş etmişlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, xx.xx.2015-ci il tarixdə tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi bağlanmış, iddiaçı həmin kredit müqaviləsinə əsasən Cavabdeh2 istehlak məqsədi ilə istifadə edilməsi üçün illik 26 % dərəcəsi ilə 48 ay müddətinə 11500 ABŞ dolları məbləğində kredit verməklə müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirmişdir. Cavabdeh2 isə müqavilə ilə müəyyən edilmiş müddətdə əsas borc və faiz borcunu ödəniş qrafikinə uyğun olaraq ödəməyi öhdəsinə götürsə də, müqavilə öhdəliklərinə tam şəkildə əməl etməmişdir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə maddi məsuliyyət daşıyır. İddiaçıdan qeyd olunan şərtlərlə və həmin miqdarda kredit aldığını Cavabdeh2 özü də təsdiq etmiş, iddia tələbinin yalnız faiz borcu və cərimə tutulmasına dair hissəslərində borcun miqdarı ilə razı olmadığını bildirmişdir. Məhkəmə iddia tələbinin digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 dair hissəsi ilə əlaqədar ilk növbədə qeyd edir ki, iddiaçı ilə həmin cavabdehlər arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqavilələri qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmaqla, həmin müqavilələrin etibarsızlığına dəlalət edə biləcək hər hansı əsas və ya səbəb məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəymiş zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qaşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtı xx.xx.2019-cu il tarixdə başa çatmış və həmin vaxtdan hazırki iddia ilə məhkəməyə müraciət edilənədək 5 ilə yaxın müddət keçmişdir. Həmin gündən sonra kreditor zaminlərə qarşı iddia irəli sürməmiş, yalnız 2024-cü ilin yanvar ayında hər üç cavabdehə qarşı borcun ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. xx.xx.2015-ci il tarixli 1xx/xx/95987/15 nömrəli zaminlik müqaviləsi üzrə zaminliyin təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyinə görə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 zaminliyinə xitam verilmiş hesab edilməlidir. Bu səbəbdən xx.xx.2015-ci il tarixli 1xx/xx/95987/15 nömrəli və 1xx/xx/95987/15-1 nömrəli zaminlik müqavilələri qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlanmaqla, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 həmin müqavilələri imzalamış olsalar da, zaminlik müqavilələrində göstərilmiş müddət keçdiyindən hazırki vəziyyətdə onlar iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsinə görə hər hansı maddi məsuliyyət daşımamalıdırlar. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında və işin faktiki halları ilə əlaqəli şəkildə qiymət verərək qərara gəlir ki, xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi üzrə borc məbləği yalnız Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 dair hissədə təmin edilməməlidir. Məhkəmə xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli olan əsas borcun miqdarını müəyyən edərkən qeyd edir ki, cavabdeh iddia tələbində qeyd edilən 9985.73 ABŞ dolları əsas borc miqdarını mübahisələndirməsə də, məhkəmə tərəfindən təyin edilmiş məhkəməmühasibat ekspertizasının müvafiq rəyinə əsasən həmin kredit müqaviləsi üzrə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilənədək iddiaçıya olan əsas borcun miqdarı 9463.45 ABŞ dolları müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə iddia tələbinin xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi üzrə əsas borca dair hissəsinin ekspertiza tərəfindən müəyyən edilən miqdara uyğun olaraq 9463.45 ABŞ dolları həddində təmin edilməsini qanunauyğun hesab edir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi üzrə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilənədək faiz borcu məhkəmə-mühasibat ekspertizasının müvafiq rəyinə əsasən 8206.26 ABŞ dolları miqdarında müəyyən edilmişdir. Lakin iddiaçı öz iddia tələbində cavabdehdən 3309.13 ABŞ dolları faiz borcu tələb etdiyindən və ekspertiza keçirildiyi vaxtdan hal-hazıradək də məhkəməyə iddia tələbinin həcminin artırılması ilə bağlı müraciət etmədiyindən məhkəmə iddia tələbinin xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi üzrə faiz borcuna dair hissəsinin iddia tələbində qeyd edilən miqdara uyğun olaraq 3309.13 ABŞ dolları həddində təmin edilməsini qanunauyğun hesab edir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi üzrə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilənədək gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcu məhkəmə-mühasibat ekspertizasının müvafiq rəyinə əsasən 2375.59 ABŞ dolları miqdarında müəyyən edilsə də, iddiaçı iddia tələbinin həmin hissəsi ilə də əlaqədar məhkəməyə iddia tələbinin həcminin artırılması ilə bağlı müraciət etmədiyindən məhkəmə iddia tələbinin xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanmış faiz borcuna dair hissəsinin iddia tələbində qeyd edilən miqdara uyğun olaraq 1907.08 ABŞ dolları həddində təmin edilməsini qanunauyğun hesab edir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının müvafiq rəyində qeyd edilmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində cərimə hesablanması nəzərdə tutulsa da, itərəfindən təqdim edilən sənədlərdə cərimə hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün cavabdehə cərimə borcu hesablanmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ekspertizanın rəyi nəzərə alınmaqla, xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi üzrə cərimə məbləği hesablanmamalı, iddia tələbinin həmin kredit müqaviləsi üzrə cavabdehdən 4409.75 ABŞ dolları cərimə tutulmasına dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndində qeyd edilmişdir ki, alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər qətnamədə Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə borc məbləği xarici valyuta ilə göstərildiyindən qətnamədə alınan məbləğin qərarın icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 190.02 manat dövlət rüsumunun 164.86 manatdan ibarət hissəsi Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, qalan 25.16 manatdan ibarət hissəsi isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə və işin faktik hallarına görə məhkəmə 100 manat ekspertiza xərcinin 25 manatdan ibarət hissəsinin iddiaçıdan, 75 manatdan ibarət hissəsinin isə cavabdehdən tutulmasını qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 iddiaçı Ləğv prossesində olan "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2015-ci il tarixli 1xx/xx/93609/15 nömrəli kredit müqaviləsi üzrə qətnamənin icra olunacağı günə tətbiq olunan dərəcədə Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 9463.45 ABŞ dolları əsas borc, 3309.13 ABŞ dolları faiz, 1907.08 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5 % dərəcəsi ilə hesablanan faiz borcu - cəmi 14679.66 ABŞ dolları və 164.86 manat dövlət rüsumu məbləği tutulsun. İddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 190.02 manat dövlət rüsumu məbləğinin qalan 25.16 manatdan ibarət hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə, eyni zamanda, digər hissələrdə rədd edilsin. İş üzrə 100 manat ekspertiza xərcinin 25 manatdan ibarət hissəsi iddiaçı "xxxx" KB Qapalı Səhmdar Cəmiyyətindən, 75 manatdan ibarət hissəsi isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar