Məhkəmə qərarları › İş №e-2(049)-669/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-669/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-669/2024 14.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə 14 mart 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: Ləğv prosesində olan «Bank Standard” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edədək Cavabdeh kredit müqaviləsi üzrə 388.51 manat əsas borc, 239.24 manat faiz borcu, 297.32 manat cərimə borcu, 116.05 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 1041.12 manat borcun və 30.42 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, ” QSC "xxxx" KB ilə Cavabdeh arasında 01 iyul 2015-ci il tarixli 1xx/xx/114210/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 24 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin Banka 388.51 manat məbləğində əsas borc, 239.24 manat məbləğində faiz borcu, 297.32 manat məbləğində cərimə borcu, 116.05 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1041.12 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh əvvəllər polis işlədiyini və hər ay 348 manat kredit məbləğinin onun əmək haqqından tutulduğunu, lakin sonradan əmək haqqı kartlarının Beynəlxalq Banka keçirildiyi üçün ödənişin dayandığını bildirmişdir. Əmək haqqı kartının digər banka keçirilməsində o günahkar deyil. Bundan sonra müqavilənin bağlanma tarixindən 9 il müddət keçmiş və iddiaçı 9 il sonra məhkəməyə müraciət etmişdir. Müqavilənin bitmə tarixindən isə 7 il müddət keçmişdir. Sadalananlara əsasən Ləğv prosesində olan «Bank Standard” QSC-nin ona qarşı iddiasına iddia müddətinin tətbiq edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 01 iyul 2015-cü il tarixli 1xx/xx/114210/15 saylı müqavilədən görünür ki, Cavabdeh "xxxx" ASC-dən 18 ay müddətinə 3000 manat məbləğində kredit almışdır. İş materiallarında olangündəlik dövriyyədən görünür ki, sonuncu dəfə cavabdehdənson dəfə faiz xx.xx.2016-cı il tarixdə silinmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə, kredit müqaviləsi üzrə banka 388.51 manat əsas borc, 239.24 manat faiz borcu, 297.32 manat cərimə borcu, 116.05 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 1041.12 manat məbləğində borcu vardır. İş materiallarında olan 08 yanvar 2024-cü il tarixli ödəmə tapşırığından görünür ki, iddiaçı Ləğv prosesində olan «Bank Standard” QSC tərəfindən dövlət nəfinə 30.42 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı «Bank Standard” QSC ilə Cavabdeh arasında bağlanmış 01 iyul 2015-cü il tarixli 1xx/xx/114210/15 saylı kredit müqaviləsinə əsasən borcluya 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh Ləğv prosesində olan «Bank Standard” QSC-yə olan borcu 388.51 manat əsas borc, 239.24 manat faiz borcu, 297.32 manat cərimə borcu, 116.05 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, ümumilikdə 1041.12 manat məbləğində təşkil edir. Buna baxmayaraq, iddiaçı Ləğv prosesində olan «Bank Standard” QSC kredit müqaviləsi üzrə hesablanmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 01 dekabr 2019-cu il tarixə qədər məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı Ləğv prosesində olan «Bank Standard” QSC 08 yanvar 2024-ci ildə məhkəməyə müraciət etmişdir. Bununla da, qanunda müqavilə tələbləri üzrə nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 372.2-ci maddəsinə müvafiq olaraq, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Həmin qərara əsasən Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Ləğv prosesində olan «Bank Standard” QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası qanunla müqavilə tələbləri üzrə müəyyən olunmuş iddia müddəti keçdikdən sonra verildiyi üçün təmin edilməməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan «Bank Standard” QSC-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar