Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-685/2025 25.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 189,300 (yüz səksən doqquz min üç yüz) manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 479.30 (dörd yüz yetmiş doqquz manat otuz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh 2020-ci il ərzində müxtəlif tarixlərdə ondan 436 000 (dörd yüz otuz altı min) manat dəyərində məişət əşyaları alıb. Ümumi məbləğin 226 000 (iki yüz iyirmi altı min) manat hissəsini xx.xx.2021-ci il tarixinədək ödəyib, qalan 210000 (iki yüz on min) manat məbləğini isə xx.xx.2022-ci il tarixinədək ödəyəcəyini bildirmişdir. Lakin Cavabdeh ödəməli olduğu 210 000 (iki yüz on min) manatdan xx.xx.2022-ci il tarixində 4300 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə 2500 manat, xx.xx.2022-ci il tarixdə 1000 manat,xx.xx.2022-ci il tarixdə 3 000 manat, xx.xx.2023-cü il tarixdə 3 000 manat, xx.xx.2023-cü il tarixdə 1 500, xx.xx.2024-cü il tarixdə 2000 manat, xx.xx.2024-cü il tarixdə 1400 manat olmaqla 20700 (iyirmi min yeddi yüz) manatı ödəmiş, ümumilikdə isə 189 300 (yüz səksən doqquz min üç yüz) manat məbləğində borcu bu günədək qaytarmamışdır. Dəfələrlə xəbərdar olmasına baxmayaraq borcu ödəməkdən yayınmışdır. Bakı şəhəri 54 saylı notariat ofisində Cavabdeh ərizə (№ **********900) ilə müraciət edərək 2020-ci il ərzində müxtəlif tarixlərdə İddiaçı 436 000 (dörd yüz otuz altı min) manat dəyərində məişət əşyaları aldığını, ümumi məbləğin 226 000 (iki yüz iyirmi altı min) manat hissəsini xx.xx.2021-ci il tarixinədək ödədiyini, qalan 210 000 (iki yüz on min) manat məbləğini isə xx.xx.2022-ci il tarixinədək ödəyəcəyini bildirmişdir. Qeyd olunan ərizə reyestrdə 8İ-6900 № ilə qeyd edilmişdir. İşin faktiki halarından göründüyü kimi, iş üzrə Cavabdeh iddiaçıya ödəməli olduğu 189 300 (yüz səksən doqquz min üç yüz) manat pul vəsaitini ödəməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, cavabdehdən 189 300 (yüz səksən doqquz min üç yüz) manat pul məbləği tutularaq ona verilməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmış Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş, sonuncu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə baxış iclasının cavabdehin müraciətinə əsasən başqa tarixə təxirə salınması işə baxılması müddətinin lüzumsuz şəkildə uzadılmasına gətirib çıxara, eyni zamanda xx.xx.2025-ci il tarixdən məhkəmənin icraatında olan sözügedən mülki işin qanunvericiliklə nəzərdə tutulmuş baxılma müddətinin pozulması ilə nəticələnə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.1 və 172.1.3-cü maddələrinə əsasən digər mübahisələrə dair işlərə - 4 ay müddətində baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Azərbaycan Respublikası MPMnin 47.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Məhkəmə bu baxımdan məhkəmə baxış iclasının təxirə salınmasına zərurət görməmiş, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Vəkil2 iddianı qismən etiraf etmiş, hüquqlarını müdafiə etdiyi cavabdehin iddiaçıya iddia tələbində göstərdildiyi qədər deyil, təqribən 35-40 min manat civarında ödənilməmiş borcu olduğunu, bununla əlaqədar məhkəməyə müvafiq sübutların təqdim ediləcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: Bakı şəhəri 54 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən reyestrdə 8İ-6900 № ilə qeyd olunaraq təsdiq edilmiş Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, 2020-ci il ərzində müxtəlif tarixlərdə İddiaçı 436000 (dörd yüz otuz altı min) manat dəyərində məişət əşyaları almış, həmin məbləğin 226000 (iki yüz iyirmi altı min) manat hissəsini ödəmiş, qalan 210000 (iki yüz on min) manat hissəsini isə xx.xx.2022-ci il tarixinədək ödəyəcəyini bildirmişdir. ********** nömrəli, xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia verilməsi üçün 480 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur (Mülki Məcəllənin 329.2 və 329.3-cü maddələri). Məhkəmə hesab edir ki, iddia nisyə alğı-satqı müqaviləsi üzrə yaranmış hüquq münasibətləri ilə əlaqədar olduğundan iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 600-cü maddəsi təşkil edir. MM-nin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflər arasında nisyə alğı-satqı münasibətləri mövcud olmuş və Cavabdeh İddiaçı 2020-ci il ərzində müxtəlif tarixlərdə 436000 (dörd yüz otuz altı min) manat dəyərində məişət əşyaları almış, həmin məbləğin 226000 (iki yüz iyirmi altı min) manat hissəsini ödəmiş, qalan 210000 (iki yüz on min) manat hissəsini isə xx.xx.2022-ci il tarixinədək ödəyəcəyini bildirmişdir. Hazırda ödənilməmiş hissə 189300 (yüz səksən doqquz min üç yüz) manat təşkil edir. Cavabdeh tərəf ödənilməmiş hissənin 35-40 min manat civarında olduğunu və bu barədə sübutların məhkəməyə təqdim ediləcəyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları mötəbər sübut qismində qəbul edərək, hesab edir ki, onlar iddianın əsaslılığını təsdiq etmək üçün kifayət edir. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. MM-nin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 189,300 (yüz səksən doqquz min üç yüz) manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 479.30 (dörd yüz yetmiş doqquz manat otuz qəpik) manat Cavabdeh tutularaq iddiaçı X1 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 189,300 (yüz səksən doqquz min üç yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olan 479.30 (dörd yüz yetmiş doqquz manat otuz qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X1 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №e-2(049)-685/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-685/2025
25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver