Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-715/2024 06.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X3, iddiaçının nümayəndəsi: X2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan “X4 Bankı” Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “X4 Bankı” Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında bağlanmış 19 iyun 2015-ci il tarixli 1xx/xx/112405/15 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 7984.77 (yeddi min doqquz yüz səksən dörd manat, 77 qəpik) manat məbləğində əsas borc, 2997.12 (iki min doqquz yüz doxsan yeddi manat, 12 qəpik) manat məbləğində faiz borcu, 1945.08 (bir min doqquz yüz qırx beş manat, 08 qəpik) manat məbləğində cərimə borcu, 1578.42 (bir min beş yüz yetmiş səkkiz manat 42 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 14505.39 (on dörd min beş yüz beş manat, 39 qəpik) manat məbləğində pulun, 133.52 (bir yüz otuz üç, 52 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – Bank) ilə Cavabdeh2 (bundan sonra – Cavabdeh) arasında 19 iyun 2015-ci il tarixli 1xx/xx/112405/15 saylı kredit müqaviləsi (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1(bundan sonra – Zamin)19 iyun 2015-ci il tarixli 1xx/xx/112405/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh3 (bundan sonra – Zamin)19 iyun 2015-ci il tarixli 1xx/xx/112405/15 - 1 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçının tələbinin əsaslandığı sənədlər (iddia ərizəsinə əlavə edilən) tərəflər arasında bağlanmış Kredit Müqaviləsi, Zaminlik Müqavilələri, ödəniş cədvəli, 17 may2023-cü il tarixli maliyyə arayışı və hesabdan çıxarışlardır. Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Lakin Cavabdehlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində CavabdehinBanka 7984.77 (yeddi min doqquz yüz səksən dörd manat, 77 qəpik) manat məbləğində əsas borc, 2997.12 (iki min doqquz yüz doxsan yeddi manat, 12 qəpik) manat məbləğində faiz borcu, 1945.08 (bir min doqquz yüz qırx beş manat, 08 qəpik) manat məbləğində cərimə borcu, 1578.42 (bir min beş yüz yetmiş səkkiz manat 42 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 14505.39 (on dörd min beş yüz beş manat, 39 qəpik) manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasına iştirak edən iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edib tam təmin edilməsini xahiş etdi. Məhkəmə sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və məhkəməyə ərizə göndərək iddianın qismən qəbul etdiyini, faiz və cərimələrin silinməsini və onun iştirakı olmadan məhkəmənin küçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh3 heç bir üzürlü səbəb təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış müqavilədən görünür ki, “X4 Bankı” Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 19 iyun 2015ci il tarixli 1xx/xx/112405/15 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinə əsasən Bank tərəfindən cavabdehə 24 ay müddətinə illik 48 faiz ödənilməsi şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış 19 iyun 2015-ci il tarixli 1xx/xx/112405/15 saylı və 1xx/xx/112405/15-1 saylı zaminlik müqavilələrindən görünür ki, “X4 Bankı” Qapalı Səhmdar Cəmiyyəti ilə müvafiq olaraq Cavabdeh1 və Cavabdeh3 arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmış, Cavabdeh1 və Cavabdeh3 ilə Bank Standart arasında 19 iyun 2015-ci il tarixli 1xx/xx/112405/15 saylı kredit müqavilə üzrə zamin kimi öhdəlik götürmüşlər. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət üçün 133.52 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış maliyə arayışından görünür ki, Cavabdeh2 QSC “Bank Standard” KB-yə 7984,77 manat məbləğində əsas borcu, 2997.12 manat məbləğində faiz borcu, 1945,08 manat cərimə borcun, 1578,42 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə cəmi 14505.39 manat borcu yaranmışdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış məktubdan görünür ki, Bank Standard LPO KB-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 xəbərdarlıq bildirişlərindən görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyi təqdirdə müqavilənin və qanunvericiliyin şərtlərinə uyğun olaraq borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, QSC “Bank Standard” KB ilə Cavabdeh2 arasında 19 iyun 2015-ci il tarixli 1xx/xx/112405/15 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 24 (faiz ödənilməsi şərti ilə 48 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh1 və Cavabdeh3 19 iyun 2015-ci il tarixli zaminlik müqavilələri əsasında kredit müqaviləsinin borclu Cavabdeh2 tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin şərtləri MM-nin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, MM-nin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, MM-nin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. İddiaçı ilə cavabdeh bağlanmış 19 iyun 2015-ci il tarixli kredit müqaviləsi 4 il müddətinə bağlanmışdır ki, buradan da müəyyən olunur ki, öhədlik 19 iyun 2019-cu il tarixdək həyata keçirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 19 iyun 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu X1 və zaminlər Cavabdeh1 və Cavabdeh3 birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminlərə qarşı 19 iyun 2020-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən MM-nin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq, məhkəmə, iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh1 və Cavabdeh3 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə rədd edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə, Cavabdeh2 tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas və faiz borcunun cavabdehdən tutulması hissəsində tam, cərimə hissəsində isə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Həmin qərarda göstərilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd edilənləri, nəzərə alaraq məhkəmə hesab edir ki, 7984.77 manat əsas, 2997.12 manat faiz borcunun, kredit müqaviləsi bitəndən sonra Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5% hesablanmış 1578.42 manat faiz borcu Cavabdeh2 tutulmalıdır. MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddianın əsas borca hesablanmış 1945.08 manat dəbbə pulu tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılaraq 700 manat məbləğində müəyyən edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş üzrə cavabdehdən 7984.77 manat məbləğində əsas, 2997.12 manat faiz, 700 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün 1578.42 manat borc olmaqla, cəmi 13260,31 manat məbləğində pulun tutulması qənatinı gəldiyindən hesab edir ki, belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilən dövlət rüsumunun iddianın təmin olunan hissəsinə münasibətdə, yəni 129.78 manat məbləğində dövlət rüsumu Cavabdeh2 aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 7984.77 manat məbləğində əsas, 2997.12 manat məbləğində hesablanmış faiz, 700 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün 1578.42 manat borc olmaqla, cəmi 13260,31 manat məbləğində borc, həmçinin ödənilmiş dövlət rüsumunun 129.78 manat hissəsi tutularaq iddiaçı Ləğv prosesində olan Ləğv prosesində olan “X4 Bankı” Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №e-2(049)-715/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-715/2024
06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver