Məhkəmə qərarları › İş №e-2(049)-730/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-730/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-730/2024 30.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1650 manat məbləğində borc pulun və iddia qaldırılması üçün ödədiyi 36.50 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Lənkəran şəhəri, X3 yerləşən “Murad Market”inin sahibəsidir. Həmin marketin yerləşdiyi ərazidə yerləşən yaşayış binalarında yaşayan sakinlərin, eləcə də hərbi hissədə xidmət edə hərbi qulluqçuların əksəriyyəti onun marketindən gündəlik tələbat mallarından alver edirlər. Bu səbəbdən də ətrafda olan sakinlər onu tanıyırlar. Onun işlətdiyi marketdən alış veriş edən sakinlkərdən bir çoxu ilə tanışlığı yarandığından, alış-veriş zamanı pulları olmayan vaxt onlara nisiyə də mal vermiş və sonradan borclarını hissə-hissə qaytarmışlar. Bəzi müştərilər isə borclarını qaytarmamış, bəzi iləri isə borclarını bir hissəsini qaytarmaqla müəyyən məbləğlərdə borclu qalmışlar. Həmin müştərilərdən biri də Cavabdehdır. O, 2019-cu ildən etibarən onunla gah nağd, gah da nisiyə ərzaq malları alıb, sonradan hissə-hissə dükana olan borcunu geri qaytarmışdır. 2022-ci ilin sonlarından sonuncu dəfə nisiyə ərzaq malları götürmüş və ümumilikdə onun ona borcu 1880 manat olmuş, 80 manatı ona bağışlamış və 1800 manatı isə ödəməsini tələb etsə də o hər dəfə ondan ödəməsini tələb etsə də, gah pulunun olmamasını, gah ərinin xəstə olmasını qeyd edərək 2 il ərzində cəmi 150 manat ödəmiş və 1650 manat pulu ödəməmişdir. Borcun qaytarılması üçün onun mobil telefon nömrəsi olan ***-***-**-** saylı telefon nömrəsinin bağlı olduğu vatsap sosial şəbəkəsi ilə əlaqə saxlasa da, onu məhkəməyə verməməyini xahiş etmiş, borcunu ödəyəcəyini demişdir. Lakin hazırki vaxta kimi də borcunu ödəməmişdir. Cavabdehlə yazışmalarında yazışmalar və səs yazıları göndərmiş, o da ona cavabında ona olan borcunu bir daha etiraf etmiş, borcunu qaytaracağını dəfələrlə bildirsə də hazırki vaxta kimi qaytarmamışdır. Belə olan halda cavabdehin öhdəsinə götürdüyü borcun ödənilməmiş 1650 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib izahat verərək bildirdi ki, əsli məhkəmə tərəfindən ona təqdim edsilmiş, surəti isə işə əlavə edilmiş xx.xx.2022-ci il tarixdə imzalanmış əlyazmanı özü yazmış, oradakı imza ona məxsusdur. Lakin borcunu tam olaraq ödəmişdir. Belə ki, iddiaçı ondan onun sosial və maaş kartlarını götürərək həmin kartlarla terminallardan pullarını çıxararaq borcunu geri götürmüşdür. Həmin pulları onun kartlarından məhkəməyə şahid qismində dəvət etdiyi rəfiqəsi Xuraman çıxararaq iddiaçıya vermişdir. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Əslinə məhkəmə iclasında baxış keçirilmiş və surəti iş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazmada qeyd edilmişdir: “Südabənin mənə borcu 1800 manat qalıb. Cavabdeh hər ay maaşından 200 manat verəcəmə söz verirəm.” Məhkəmə iclasında cavabdehin dəvəti ilə şahid qismində dindirilmiş X1 bildirdi ki, tərəflərlə ədavət və düşmənçiliyi yoxdur. Pandemiya dövründə bekar olduğundan çox vaxtlar iddiaçının dükanında olmuşdur. İddiaçı ilə səmimi münasibətdə olduğundan iddiaçı ona kart verib həmin kartla terminalardan pulların çıxarmasını ondan xahiş edirdi. Günlərin bir günü cavabdehin iddiaçının dükanından alver etdiyini görmüş, lakin cavabdehin iddiaçıya borclu qalmasını bilməmişdir. İddiaçı ona cavabdehin kartını vermiş, o da, həmin kartla terminallardan pul çıxararaq iddiaçıya vermişdir. Lakin həmin kartla nə qədər pul çıxarıb iddiaçıya verdiyini xatırlamır. Lakin, cavabdehin kartı ilə terminallardan pulları 2022-ci ilin yaz və yay aylarında çıxarmış və iddiaçıya vermişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının satdığı məhsulların dəyərinin qaytarılmaması ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Yuxarıda qeyd olunmuş xx.xx.2022-ci il tarixli iltizamın məzmunundan görünür ki, iddiaçı malını nisyə olaraq cavabdehə satmış, cavabeh iddiaçıdan aldığı mala görə 1800 manat borclu qaldığını etiraf edərək ayda 200 manat olmaqla onu hissə-hissə qaytaracağını öhdəsinə götürmüşdür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh nisyə satış əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən malın qiymətini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh nisyə satış əsasında iddiaçıdan malı almasına dair hüququndan istifadə etmiş, malın qiymətini hissə-hissə, hər ay 200 manat olmaqla ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı nisyə verdiyi mala görə dəyərini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Həmin Məcəllənin 600.4 -cü maddəsində göstərilmişdir ki, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçının iltizamda göstərilmiş 1800 manat məbləğdən fərqli olan 1650 manat pulun tələbi ilə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan iltizamda 1800 mana göstərilsə də, iddiaçı bildirmişdir ki, həmin məbləğdən 150 manat cavabdeh tərəfindən ödənilmiş, yerdə 1650 manat ödənilməmiş borc qalmışdır. İddiaçı məhz 1650 manat məbləğində pul tələb etdiyindən, məhkəmə məhz həmin tələbə qiymət verməlidir Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Cavabdeh iddiaçıya olan borcunu ödədiyini bildirsə də, buna dair məhkəməyə hər hansı bir sübutunu təqdim edə bilməmişdir. Onun məhkəməyə dəvət etdiyi şahid bildirmişdir ki, iddiaçı cavabdehin kartını ona vermiş, o da, 2022-ci ilin yaz-yay aylarında cavabdehin kartı ilə sonuncunun hesabından pullar şıxararaq iddiaçıya vermişdir. Yəni, şahidin ifadəsinə istinad edilsə, onda belə nəticə çıxarmaq olar ki, cavabdehin iddiaçıya olan borcu tam olaraq 2022-ci ilin yaz-yay aylarında bağlanmışdır. Lakin, cavabdeh 2022ci ilin yaz-yay aylarından 06 ay sonra, xx.xx.2022-ci il tarixdə iltizam verərək iddiaçıya 1800 manat borclu qaldığını etiraf etmişdir. xx.xx.2022-ci il tarixdən sonra isə o, borcun qaytarılmasına dair məhkəməyə hər hansi bir sübutunu təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar iddianın əsaslılığını təsdiq edir. Belə ki, tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən, Cavabdeh İddiaçı 1800 manat dəyərində nisyə ərzaq malları götürmüş, həmin borcu ayda 200 manat olmaqla hissə-hissə qaytaracağını öhdəsinə götürmüş, borcundan cəmi 150 manat ödəniş etmiş, qalan borcunu ödəməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət edərək həmin məbləğin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, yalnız izahatında formal mülahizələrə əsaslanan, hər hansı sübutla təsdiq olunmayan dəlillər irəli sürmüş, həmin dəlillər isə öz növbəsində iddianın rədd edilməsi üçün məhkəmə tərəfindən yetərli hesab edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Həmin normanın mənasına görə sübutların toplanması və təqdim edilməsi yükü, yəni sübutetmə vəzifəsi bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunan Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddianın verilməsinə görə, iddiaçı tərəfindən 36.50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, 1650 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu məbləği olan 36.50 manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 1650 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu məbləği olan 36.50 manat məbləğində pul, cəmi 1686.50 (bir min altı yüz səksən altı) manat 50 qəpik Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar