Məhkəmə qərarları › İş №e-2(049)-852/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-852/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-852/2024 13.05.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadıyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Ləğv prosessində olan QSC “Bank Standart” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Ləğv prosessində olan QSC “Bank Standart” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 11101.03 manat əsas borc və 3680.60 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 14781.63 manat məbləğində pulun, 134.35 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyan Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında 0,0455 hektar yardımçı sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 241,4 kv.metr ümumi, 41,5 kv.metr yaşayış, 199,9 kv.metr yardımçı sahədən ibarət 20 saylı fərdi yaşayış evi və mülkiyyətində olan 0,0455 hektar torpaq sahəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 22 faiz dərəcəsi ilə 23500 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. İddiaçı 2018-ci ildə hazırki iş üzrə cavabdehlərə qarşı iddia ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə 2900.65 manat əsas borc, 719.73 manat faiz borcu, 240.43 manat cərimə borcu - cəmi 3860.81 manat məbləğində borc, həmçinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat cəmi 60 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiyməti 40000 manat məbləğində müəyyən edilməklə, Cavabdeh1 tutulmalı olan məbləğin bank qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 mülkiyyətində olan, ünvan 1 ünvanında 0,0455 hektar yardımçı sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 241,4 kv.metr ümumi, 41,5 kv.metr yaşayış, 199,9 kv.metr yardımçı sahədən ibarət 20 saylı fərdi yaşayış evi və mülkiyyətində olan 0,0455 hektar torpaq sahəsinə yönəldilməklə həmin əmlakların açıq hərracda satılması, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ipoteka qoyan Cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsindən məcburi çıxarılmaları və həmin evin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-157/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2900.65 manat əsas borc, 719.73 manat faiz borcu, 100 manat cərimə olmaqla - cəmi 3720.38 manat pulun və cəmi 60 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul olunmuşdur. İddiaçı məhkəməyə müraciət edərkən kredit müqaviləsi üzrə borcun miqdarı ilə bağlı iddia ərizəsində yanlışlığa yol vermişdir. Belə ki, həmin iddia tələbində xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə tələb olunan məbləğlər tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/84839/14 saylı digər kredit müqaviləsi üzrə tələb olunan məbləğlərlə səhv salınaraq həmin iddia ərizəsində əsas borc, faiz borcu və cərimə məbləğləri faktiki miqdarından az yazılmışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(049)-1536/2018 nömrəli qətnaməsi ilə də cavabdehin digər kredit müqaviləsi üzrə borcuna dair iddia tələbi də qismən təmin edilmişdir. hazırki vəziyyətdə tərəflər arasında mübahisəli münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehlərə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onlar tərəfindən lazımınca icra edilməmişdir. Hazırda iddiaçı mövcud vəziyyətdə çıxış yolu kimi xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 11101.03 manat əsas borc və 3680.60 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu məbləğlərinin tutulması tələbi ilə yenidən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Müqaviləyə əsasən borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların borcalana verilməsi və ya borcalanın adından göndərilməsi üzrə xərcləri kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürmüşdür. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilir. İddiaçının nümayəndəsi X1 məhkəmə baxış iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə baxış iclasında izahat verərək göstərdi ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqavilələri üzrə o, kredit borcunun bir hissəsini ödəmiş, sonradan ailəsində yaranan problemlərlə bağlı maddi imkansızlıq üzündən borcunun qalan hissəsini ödəyə bilməmişdir. Cavabdeh2 onun əri olmuş və o, xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. O, iddiaçının hazırki tələbini əsassız hesab edir. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə məhkəmədə ona və ərinə qarşı 2018-ci və 2019-cu illərdə iddia tələbi qaldırmışdır. Lənkəran Rayon Məhkəməsində həmin tələblər üzrə mülki işlərə baxılaraq müvafiq qətnamə qəbul edilmişdir. Qeyd olunan qətnamələr qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin qətnamələrdən biri tam şəkildə icra edilmiş, digər qətnamə üzrə tutulmalar davam edir. 2018-ci və 2019-cu illərdə qəbul edilmiş və hazırda qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə onun hər iki kredit müqaviləsi üzrə iddiaçıya olan borcunun miqdarı müəyyən edilmiş və həmin vaxtdan sonra o, iddiaçının ona qarşı hər hansı tələbinin olmayacağına arxayın olmuşdur. xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsinin bağlandığı vaxtdan 10 ilə yaxın, müqavilənin müddətinin bitdiyi vaxtdan isə 7 ilə yaxın müddət keçmişdir. Həmin müqavilə üzrə borcun tutulması ilə bağlı xx.xx.2019-cu il tarixli 2(049)-157/2019 nömrəli məhkəmə qətnaməsi qəbul ediləndən sonra keçən 5 ilə yaxın müddət ərezində də iddiaçının ona qarşı hər hansı tələb və ya iddiası olmamış, yalnız 2024-cü ilin yanvar ayında iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə müraciət еtmək üçün qanunla müəyyən edilmiş iddia müddətini keçirdiyindən hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsassızdır. Ona görə də iddia müddətinin keçməsi əsası ilə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş elektron məlumat sistemindən olan çıxarışdan və Lənkəran rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 105578 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Məhkəmə araşdırması zamanı Cavabdeh1 izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi, həmin müqaviləyə əlavə edilən ödəniş cədvəli, xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli ipoteka müqaviləsi, xx.xx.2014-cü il tarixli məxaric orderi, xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli bildirişlər, Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli çıxarışın, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(049)-1536/2018 nömrəli və xx.xx.2019-cu il tarixli 2(049)-157/2019 nömrəli qətnamələrinin surətləri, notarial qaydada təsdiq olunmuş xx.xx.2014-cü il tarixli ərizə, Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ 105578 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, xx.xx.2024-cü il tarixli hesabdan çıxarış, xx.xx.2024-cü il tarixli maliyyə arayışı, xx.xx.2024-cü il tarixli ödəniş qəbzi ilə müəyyən edildi ki, Cavabdeh1 müraciəti əsasında onunla "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik 22 % dərəcəsi ilə 36 ay müddətinə 23500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli ipoteka müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında 0,0455 hektar yardımçı sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 241,4 kv.metr ümumi, 41,5 kv.metr yaşayış, 199,9 kv.metr yardımçı sahədən ibarət 20 saylı fərdi yaşayış evi və mülkiyyətində olan 0,0455 hektar torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərini lazımi qaydada icra etməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət etmədiyinə görə 2018-ci ildə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmiş, məhkəmənin müvafiq qətnaməsi ilə iddia tələbi qismən (cərimə məbləği azaldılmaqla) təmin edilmişdir. İddiaçı hazırki iddia ərizəsi məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 134,35 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı hazırda QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 11101.03 manat əsas borc və 3680.60 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 14781.63 manat məbləğində pulun, 134.35 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka qoyan Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanında 0,0455 hektar yardımçı sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 241,4 kv.metr ümumi, 41,5 kv.metr yaşayış, 199,9 kv.metr yardımçı sahədən ibarət 20 saylı fərdi yaşayış evi və mülkiyyətində olan 0,0455 hektar torpaq sahəsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsasları kimi kredit və ipoteka müqavilələrinə, həmin müqavilələrə əlavə edilmiş sənədlərə, ödəniş cədvəli, maliyyə arayışı və hesabdan çıxarışlara istinad edir. İş üzrə Cavabdeh1 iddia tələbini əsassız hesab edir, iddia tələbinə etirazının əsası olaraq iddia müddətinin tətbiq edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir.Digər Cavabdeh2 xx.xx.2020ci il tarixdə vəfat etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdırıb işdə iştirak edən şəxslərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə iddiaçının öz iddia tələbinin əsası kimi istinad etdiyi hallarla əlaqədar qeyd edir ki, xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi 36 ay müddətinə bağlanmaqla, qeyd olunan müqavilə üzrə öhdəliyin icrası vaxtı xx.xx.2017-ci il tarixdə başa çatmış və həmin vaxtdan 7 ilə yaxın müddət keçmişdir. İş materiallarından da görünür ki, xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə borc gecikdirildiyi üçün həmin müqavilə üzrə əsas borc və faiz borcu məbləğlərinin tutulması ilə bağlı iddiaçı tərəfindən 2018-ci ildə məhkəməyə müraciət edilmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli 2(049)-157/2019-cu il nömrəli qətnaməsi ilə iddia tələbinin əsas borc və faiz borcu məbləğlərinin cavabdehdən tutulmasına dair hissələri, habelə, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair hissəsi tam şəkildə, yəni iddiaçının iddia tələbində qeyd etdiyi şəkildə, həmin iddianın yalnız 240.43 manat cərimə məbləği tələbinə dair hissəsi qismən - 100 manat həddində təmin edilmişdir. Başqa sözlə, iddiaçının xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə qalıq borcunun miqdarı ilə bağlı məhkəməyə təqdim etdiyi sənəd (sübut) məhkəmə tərəfindən də olduğu kimi qəbul edilməklə borcun qəti miqdarı kimi qətnamədə təsbit edilmişdir. Məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddiaçının hazırki iddiasında tələbin əsasları kimi istinad etdiyihallarla bağlı qeyd edir ki, qanunvericiliyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan, iddiaçı isə öz iddia tələbinin əsası kimi istinad etdiyi halı - 2018-ci ildə məhkəməyə müraciət edilərkən xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə tələb olunan məbləğlərin digər kredit müqaviləsi üzrə tələb olunan məbləğlərlə səhv salınaraq yanlış yazıldığı ilə bağlı sübut etmə yükü də məhz iddiaçının üzərinə düşür. Lakin iddiaçı bunun səbəbini mötəbər sübutlarla izah edə bilməmişdir. Həmçinin, iddiaçı tərəfindən belə bir yanlışlığa texniki səhv olaraq yol verilmiş olsa da, 2018-2019-cu illərdə həmin iddia məhkəmənin icraatında olduğu dövrdə iddiaçı tərəfindən tələbin həcminin artırılması və dəqiqləşdirilməsi üçün müraciət olunmamışdır. Cavabdeh isə xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə borcun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarı ilə razılaşaraq həmin məbləği ödəməyə başlamışdır. Hətta, həmin iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi vaxtdan sonra keçən 5 ilə yaxın müddət ərzində də iddiaçı cavabdeh(lər)ə qarşı hər hansı əlavə tələb irəli sürməmiş, bununla da iddia müddətini keçirmiş, yalnız xx.xx.2024cü il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il təşkil etdiyindən və iddiaçı da öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayaraq həmin müddəti keçirməklə hazırki tələblərlə məhkəməyə müraciət etdiyindən məhkəmə iddiaçının iddia tələbində göstərdiyi xüsusatları hazırki iddia tələbinin Cavabdeh1 münasibətdə təmin edilməsi üçün yetərli əsas hesab etmir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair hazırki iddia tələbinin xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 11101.03 manat əsas borc və 3680.60 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə 14781.63 manat məbləğində pulun tutulmasına dair hissəsi iddia müddətinin keçməsi əsası ilə təmin edilməməlidir. Cavabdeh2 məxsus olmaqla, ünvan 1 ünvanında 0,0455 hektar yardımçı sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 241,4 kv.metr ümumi, 41,5 kv.metr yaşayış, 199,9 kv.metr yardımçı sahədən ibarət 20 saylı fərdi yaşayış evi və mülkiyyətində olan 0,0455 hektar torpaq sahəsi xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə ipoteka ilə yüklü edildiyindən, iddia tələbinin həmin kredit müqaviləsi üzrə borcun tutulmasına dair hissəsi təmin edilmədiyinə görə məhkəmə qərara gəlir ki, iddia tələbinin borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin əsaslara və qeyd olunan hüquq normalarının tələblərinə görə qərara gəlir ki, iddia tələbinin borc məbləğlərinə dair hissəsinin təmin edilməməsi nəzərə alınmaqla məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləği də iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Ləğv prosessində olan QSC “Bank Standart” KB-nın Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/74081/14 nömrəli kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar