Məhkəmə qərarları › İş №e-2(049)-942/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-942/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-942/2023 08.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X2 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/0583/KBK saylı Kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 10500 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli Çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Lənkəran şəhəri, Şiləvar kəndində 0.04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 253.0 kv.m olan fərdi yaşayış evi ipotekaya qoyulmuş və bu barədə Bank ilə ipoteka qoyan arasında 26 iyul 2019-cu il tarixli 08/0583/KBK saylı İpoteka müqaviləsi bağlanmışdır. Borcalan Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 26 iyul 2019-cu il tarixli üç tərəfli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********044 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixinə Cavabdeh2 kredit üzrə cəmi borcu 12108,97 AZN təşkil edir. Bundan 8712,26 AZN əsas, 1713,99 AZN faiz və MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz məbləği 35,09 AZN borcu təşkil edir. Göstərilənləri nəzərə alaraq, 12108,97 manat borc olmaqla – bundan 8712,26 manat əsas, 1713,99 manat faiz və MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 35,09 manat faiz borcu, iş üzrə ödənilmiş 127 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 54 manat rüsumun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Lənkəran şəhəri, Şiləvar kəndində 0.04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 253.0 kv.m olan fərdi yaşayış evinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı elektron qaydada məhkəməyə iddiasının dəqiqləşdirlməsinə dair ərizə verərək göstərmişdir ki, iddia ərizəsində mexaniki səhvə yol verilərək faiz borcu kimi 3361,62 manat göstərilməli olduğu halda, səhvən 1713.99 manat kimi göstərilmişdir. Buna görə də tələblərinin faiz borcunu 3361.62 manat kimi göstərilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaхtı və yеri barəsində iddiaçıya lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat vеrməmişdir. Məhkəmə işə оnun nümayəndəsinin iştirakı оlmadan baхılmasını mümkün saymışdır. Məhkəmə iclasının vaхtı və yеri barəsində cavabdеh Cavabdeh2 lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat vеrməmişdir. Məhkəmə оnun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Rеspublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə оnun iştirakı оlmadan baхılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edib, göstərmişdir ki, əsas borclu olan Cavabdeh2 onun əridir və onun məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatı vardır. Lakin səhhətindəki problemlərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Özü məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının rəyləri ilə razıdır. İddianın faiz və cərimə hissələrini qəbul etmir. Yaxın vaxtlarda banka olan borcunu bağlayacaqdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarını araşdıraraq və təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Lənkəran filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/0583/KBK saylı Kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 10500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli İpoteka müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh1 məxsus olan Lənkəran şəhəri, Şiləvar kəndində 0.04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 253.0 kv.m olan fərdi yaşayış evi iddiaçı Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 məxsus olan Lənkəran rayonu, Şiləvar kəndində yerləşən torpaq sahəsi Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün «NBCBank” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan 26 iyul 2019-cu il tarixli üç tərəfli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 Cavabdeh2 kredit öhdəliklərinə görə onunla birgə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür . İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə banka 8712.26 manat əsas borcu, 3361,62 manat faiz borcu, gecikdirilmiş vaxt üçün faiz borcu 35,09 manat, cəmi 12108.97 manat təşkil edir. İş materiallarında olan bildirişin surətindən görünür ki, cavabdeh bank qarşısında öhdəliklərinin yerinə yetirilməsi, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcun məhkəmə qaydasında alınması üçün müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini, həmin müqavilə ilə müəyyən edilmiş faizləri və cəriməni iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz və cərimə borclarını ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı «NBCBank” ASC-nin verdiyi krediti, həmin kreditə hesablanmış faizləri, cəriməni və həmin kreditin əvəzinin ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “İpoteka haqqında” Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə, tələbin ipotekaya qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidərsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Göstərilən qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə borclu Cavabdeh2 iddiaçı «NBCBank” ASC-nə olan pul öhdəliyi Cavabdeh1 tərəfindən ipoteka ilə təmin edildiyindən və cavabdehlər, iddiaçı «NBCBank” ASC-nin qarşısında olan pul öhdəliyini yalnız özlərinin cavabdeh olduqları səbəblərdən icra etmədiklərindən, borc tələbi kreditin təminatı kimi ipoteka qoyulmuş göstərilən əmlaka yönəldilməlidir. Məhkəmə, eyni zamanda, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçı «NBCBank” ASC-nin tələbinin ipoteka qoyulmuş göstərilən əmlaklara yönəldilməsi Mülki Məcəllənin 317.2-ci maddəsinin tələbinə uyğun olaraq, ipoteka qoyulmuş göstərilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə Lənkəran şəhəri, Şiləvar kəndində 0.04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 253.0 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 73500 manat məbləğində müəyyən edilməlidir. Belə ki, işə əlavə edilmiş və ekspertiza tədqiqatının dəyəri 100 manat olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/6741-9/6834 saylı rəyindən görünür ki, Lənkəran şəhəri, Şiləvar kəndində 0.04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 253.0 kv.m olan fərdi yaşayış evinin likvid qiyməti təqribən 73500 manat məbləğində müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada 8712,26 manat əsas, 3361.62 manat faiz və MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 35,09 manat faiz borcu, cəmi 12108.97 manat tələb edir. Lakin məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 8710,54 manat əsas, 3204,54 manat və MM-nin 445.7ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 35,09 manat faiz borcu olmaqla, cəmi 11950.17 manat tutularaq iddiaçıya verilməlidir. Belə ki, işə əlavə edilmiş və ekspertiza tədqiqatının dəyəri 100 manat olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1941 saylı rəyindən görünür ki, Cavabdeh2 qeyd olunan kredit müqaviləsi üzrə borcu xx.xx.2022-ci il tarixə əsas borc üzrə 8710,54 manat, fazi borcu üzrə isə 3204,54 manat təşkil etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğuna görə qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 8710,54 manat əsas, 3204,54 manat və gecikdirilmiş vaxt üçün 35,09 manat faiz borcu olmaqla, cəmi 11950.17 manat tutularaq, iddiaçı «NBCBank” ASC-nə verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bu borcun əvəzi kimi tələb ipoteka predmeti olan Cavabdeh1 məxsus Lənkəran şəhəri, Şiləvar kəndində 0.04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 253.0 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, evinin ilkin satış qiyməti 73500 manat məbləğində müəyyən edilməlidir. Həmin əmlak açıq hərracdan satılmalı və onun satışından əldə olunacaq vəsait hesabına Cavabdeh2 banka olan borcu ödənilməlidir. Borc ödənildikdən sonra artıq vəsait qalarsa, əmlakın mülkiyyətçisi olan Cavabdeh1 qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 54 manat rüsumun müvafiq olaraq 125.73 və 53.46 manatı cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada alınaraq, iddiaçı «NBCBank” ASC-nin hesabına ödənilməlidir. Məhkəmə eyni zamanda da hesab edir ki, ekspertiza tədqiqatının ümumi dəyəri olan 200 manat məbləğin 198 manatı cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «NBCBank” ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ASC-nin ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 8710,54 manat əsas, 3204,54 manat və gecikdirilmiş vaxt üçün 35,09 manat faiz borcu olmaqla, cəmi 11950.17 manat tutularaq, iddiaçı «NBCBank” ASC-nin xeyrinə verilsin. Tələb ipoteka predmeti olan və Cavabdeh1 məxsus Lənkəran şəhəri, Şiləvar kəndində 0.04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 253.0 kv.m olan fərdi yaşayış evinə yönəldilsin. Lənkəran şəhəri, Şiləvar kəndində 0.04 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 253.0 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 73500 manat məbləğində müəyyən edilsin. Həmin ev açıq hərracdan satılsın və onun satışından əldə olunacaq vəsait hesabına Cavabdeh2 banka olan borcu ödənilsin. Borc ödənildikdən sonra artıq vəsait qalarsa, Cavabdeh1 qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun və bildirişin qeydə alınması üçün ödənilmiş 54 manat rüsumun müvafiq olaraq 125.73 və 53.46 manatı, cəmi 179.19 manatı cavabdehlərə aid edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 179.19 manat məbləğində pul alınaraq, iddiaçı «NBCBank” ASC-nə ödənilsin. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 200 manat məbləğin 198 manatı cavabdehlərə aid edilsin və onlardan müştərək qaydada alınaraq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar