Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-97/2025 19.06.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X3 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadıyev İsaq Sabir oğlunun katibliyi ilə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 Xəqani oğlu, X1 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı «NBCBANK” ASC kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13379.95 manat əsas, 8459.55 manat faiz, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 667.74 manat faiz borcu və iş üzrə ödənilmiş 157.52 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 Xəqani oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3075/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 40 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 Xəqani oğluna kredit verilərkən X1 və Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 08/3075/DİK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********480 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. xx.xx.2024-cü il tarixdə, məhkəmə hazırlıq iclasında Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, özü onkoloji xəstədir. Bankdan pul götürdükdən bir müddət sonra, pandemiya dövründə həmin bankın Lənkəran fililalı bağlanmış və ona Bankın Xətai rayonundaklı ofisinə yaxınlaşmalı olduğu deyilmişdir. O, orada olmuş və ona bildirilib ki, bir iki ay ərzində onu bankdan çağıracaqlar. Daha sonra o əməliyyat olunmuş və borcu ödəyə bilməmişdir. Bir müddət sonra banka yaxınlaşıb borcu yeni qrafiklə hissə-hissə ödəməyi xahiş etsə də, bankdan ona yalnız 8000 manat köçürtdükdən sonra borcun yeni qrafiklə ödənilməsinin mümkün olduğu bildirilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmənin xx.xx.2025-cü il tarixli 2(049)-3501/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılımışdır. Həmin mülki iş bu ilə keçdiyi üçün işə 2(049)-97/2025 nömrəsi verilmişdir. Ekspertin rəyi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnərək məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasına tərəflər gəlməmiş, lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq hazırlıq iclasında nümayəndənin üzürlü səbəbdən iştirak edə bilməməsini, iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyində ekspertin faiz borcu hissəsində gəldiyi nəticə ilə razı olmadıqlarını, ekspert faiz borcu hissədə gəldiyi nəticə üzrə təqdim etdikləri hesabdan çıxarış məlumatlarını düzgün tətbiq etmədiyini, hər bir halda iddia tələblərində qeyd edilən faiz borcu iş materiallarında olan hesabdan çıxarış məlumatları ilə eynilik təşkil etdiyini göstərib, hazırlıq iclasını nümayəndələrinin iştirakı olmadan keçirərək işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişlər. Məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarix, saat 9.30-a təyin edilmişdir. Məhkəmə iclasının vaхtı və yеri barəsində lazımi qaydada хəbərdar еdilməsinə baхmayaraq, iddiaçı «NBCBANK” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxıb, iddialarının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ekspert rəyini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, 08/3075/DİK saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh3 Xəqani oğluna illik 22 faiz dərəcəsi ilə, 40 ay müddətinə 2364 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 08/3075/DİK saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 Xəqani oğluna kredit verilərkən X1 və Cavabdeh2 ona zamin durmuş və borcun ödənilməsi üçün bank qarşısında borc alanla birlikdə öhdəlik götürmüşlər. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10324 saylı ekspert rəyindən görünür ki, xx.xx.2019-cu il tarixli, 08/3075/DİK saylı kredit müqaviləsi üzrə Cavabdeh3 Xəqani oğlunun müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə banka 13379.95 manat əsas, 8123.82 manat faiz, eləcə də 5% ilə 669 manat borcu vardır. Ekspertiza xərci 50 manat təşkil eləyir. Ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 157.52 manat dövlət rüsumu ödəmişdir. İşin faktiki hallarından görünür ki, LPO "xxxx" ASC ilə Cavabdeh3 Xəqani oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 08/3075/DİK saylı kredit müqaviləsinə əsasən cavabdehə 40 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə ödənilmək şərtilə 15000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi üçün bank digər cavabdehlər X1 və Cavabdeh2 ilə həmin tarixdə 08/3075/DİK saylı zaminlik müqaviləsi bağlanmış və zaminlər kredit müqaviləsinin şərtlərinə əsasən borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşlər. İddiaçı kredit müqaviləsi üzrə borcunu tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı Bank borcunu və ona vurulan ziyanı tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddiaçının digər cavabdehlər (zaminlər) X1 və Cavabdeh2 qarşı iddiaya münasibətdə qeyd edir ki, qüvvədə olan qanunvericilik zaminliyə xitam verilməsinin hallarını müəyyən etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbinə görə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 477.0.4-cü maddəsi ümumi halda zaminlik müqaviləsinin qüvvədə olmasını həmin müqavilənin özündə müəyyən edilmiş konkret müddətin bitməsi ilə məhdudlaşdırmış, belə müddət təyin edilmədikdə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı günlə şərtləndirmişdir. Birinci halda, zaminlik müqaviləsinin müddəti konkretdir. İkinci halda, müqavilənin müddəti qeyri-müəyyən olsa da əsas öhdəliyin icra müddəti ilə şərtləndirilməklə məhdudlaşdırılmışdır. Beləliklə, zamnilik müqaviləsinin qüvvədə olma müddəti mütləq olaraq qeyri-müəyyən deyil, hər bir halda müddətlə şərtləndirilmişdir. İşin hallarından görünür ki, Bankla zaminlər arasında bağlanmış zaminlik müqavilələrində zaminliyin müddəti konkret olaraq göstərilmişdir. Belə ki, Bankla zaminlər asrasında bağlanmış xx.xx.2019-cu il tarixli, 08/3075/DİK saylı zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə kredit müqaviləsinin qüvvədə olduğu bütün dövr ərzində, o cümlədənb kredit müqaviləsinin uzadıldığı müddətədək qüvvədə olur. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi 40 ay, yəni 03 il 04 ay müddətinə bağlanılmış, həmin müqavilənin müddəti uzadılmamışdır. Yəni kredit müqaviləsinin müddəti konkretdir. Zaminlik müqaviləsi kredit müqaviləsi ilə bağlıdır. Kredit müqaviləsinin 40 aylıq müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbinə görə, zaminlik müqaviləsində göstərilmiş müddət xx.xx.2023-cü il tarixdə bitmişdir. Qanunun tələbinə görə hazırki halda zaminliyə xitam verilmiş və zaminliyə xitam verildiyindən hazırki iş üzrə cavabdehlər olan X1 və Cavabdeh2 iddiaçının qarşısında məsuliyyət daşımırlar. Odur ki, onlara aid hissədə iddia qanunsuz olduğundan təmin edilməməli, qətnamə qalan hissədə qismən təmin edilməlidir. Belə ki, iddiaçı cavabehlərdən müştərək qaydad 13379.95 manat əsas, 8459.55 manat faiz, gecikdirilmiş vaxt üçün 667.74 manat faiz borcu tələb etsə də, yuxarıda qeyd olundu ki, iddiaçının zaminlər X1 və Cavabdeh2 aid hissədə tələbi təmin edilməməlidir. Belə olan halda iddiaçının tələbinə cavab verən bir cavabdeh - Cavabdeh3 Xəqani oğlu qalmış olur. Ekspert qarşısında qoyulan sualda məhkəmə səhvə yol verərək müqavilənin bitmə tarixini xx.xx.2024-cü il kimi göstərsə də, ekspert haqlı olaraq həmin müddətin xx.xx.2023cü il tarixdə bitdiyini göstərib cavabdehin həmin tarixə bankın tələb etdiyi kimi 13379.95 manat əsas, bankın tələb etdiyindən az 8123.82 manat faiz, eləcə də bankın tələb etdiyindən çox 669 manat borcunun olduğunu göstərmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyində gecikdirilmiş vaxt üçün faiz borcu iddiaçının tələbindən çox göstərilsə də, iddiaçı iddia tələbinin artırılmasına dair məhkəməyə ərizə verməmişdir. MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh3 Xəqani oğlundan xx.xx.2019-cu il tarixli 08/3075/DİK nömrəli kredit müqaviləsi üzrə 13379.95 manat əsas, 8123.82 manat faiz, eləcə də gecikdirilmiş vaxt üçün hesablanmış 667.74 manat faiz borcu, cəmi 22171.51 manat tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 98% təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 157.52 manat dövlət rüsumunun 154.37 manat məbləği Cavabdeh3 Xəqani oğluna aid edilməli və sonuncudan tutularaq, iddiaçıya verilməlidir. Məhkəmə eləcə də hesab edir ki, ekspertiza xərci olan 50 manat məbləğin 01 manat məbləği iddiaçıya, 49 manat məbləği isə cavabdehə aid edilməli, onlardan müvafiq olaraq 01 və 49 manat olmaqla, cəmi 50 manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabıəna köçürülməlidir. Beləlikdlə qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklər lazımınca icra edilmədiyindən iddia qismən təmin edilməli, Cavabdeh3 Xəqani oğlundan iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə 13379.95 manat əsas, 8123.82 manat faiz, eləcə də gecikdirilmiş vaxt üçün hesablanmış 667.74 manat faiz borcu, cəmi 22171.51 manat borcun və 157.37 manat dövlət rüsumu olmaqla, ümumilikldə 22328.88 manat tutulmalı, iddia qalan, o cümlədən də cavabdehlər X1 və Cavabdeh2 aid hissədə təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 2535, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli 08/3075/DİK saylı kredit Kredit müqaviləsi üzrə Cavabdeh3 Xəqani oğlundan 13379.95 manat əsas, 8123.82 manat faiz, eləcə də gecikdirilmiş vaxt üçün hesablanmış 667.74 manat faiz borcu, cəmi 22171.51 manat borcun və 157.37 manat dövlət rüsumu olmaqla, ümumilikldə 22328.88 (iyirmi iki min üç yüz iyirmi səkkiz) manat 88 qəpik tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan, o cümlədən də cavabdehlər X1 və Cavabdeh2 aid hissədə təmin edilməsin. Ekspertiza xərcini təşkil edən 50 manat məbləğin 01 manat məbləği iddiaçıya, 49 manat məbləği isə cavabdehə aid edilsin. İddiaçı LPO "xxxx" ASC-dən 01 manat, Cavabdeh3 Xəqani oğlundan isə 49 manat olmaqla, cəmi 50 manat tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319,büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP(XİİS)hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************,SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №e-2(049)-97/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-97/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver