Məhkəmə qərarları › İş №e-2(050)-1003/2024

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-1003/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-1003/2024 19.02.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Quliyev Ceyhun Əmir oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 550000 manat pulun və ödənilmiş 840 manat məbləğində dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin: 1.6-cı maddəsinin Qeyd hisəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı vergi ödəyicisi kimi xx.xx.2009-cu ildə VÖEN ********** nömrə ilə qeydiyyata alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi xx.xx.2010-cu ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddia ərizəsinin 1-ci səhifəsində göstərilir ki, “...Cavabdeh İddiaçı 2021-ci ilin mart ayından 2021-ci il 05 sentyabr tarixədək şəxsi promlemlərinin həlli üçün və restoran biznesini genişləndirmək üçün hissə-hissə olmaqla, ümumilikdə 500000 manat borc pul almışdır. Cavabdeh almış olduğu borcu hissəs-hissə omlaqla 24 ay müddətinə üzərinə əlavə olaraq 50000 manat qoymaqla iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür.” 05 sentyabr 2021-ci il tarixli qəbzdə göstərilir ki, “...05 sentyabr 2021-ci il tarixə qədər hissə-hissə olmaqla ümumilikdə şəxsi problemlərimin həlli məqsədilə və restoran biznesimi genişləndirmək üçün 500000 manat pulu borc şəkildə təhvil aldım. Almış olduğum 500 000 manat pulu hissə-hissə olmaq şərtilə 24 ay müddətinə üzərinə 50000 manat olmaqla ümumilikdə 550000 manatı İddiaçı qaytarmağı öz öhdəmə (üzərimə) götürürəm.” Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, iddiaçının da mübahisə üzrə həyata keçirdiyi fəaliyyət (verilmiş pula görə əlavə 50000 manat pulun alınması) sahibkarlıq fəaliyyətidir, mübahisə tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmışdır, tərəflərin hər birinin göstərdikləri fəaliyyət sahibkarlıq fəaliyyətidir, subyekt tərkibi baxımından da tərəflər fərdi sahibkar statusuna malik şəxslərdir. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 62ci maddəsinə görə məhkəmə aidiyyətin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. Odur ki, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya aidiyyəti üzrə müvafiq Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 24, 26, 152, 263-268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya aidiyyəti üzrə müvafiq Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Masallı Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar