Məhkəmə qərarları › İş №e-2(050)-1033/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1033/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1033/2025 28.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 29 İyul 2024-cü il tarixli, RBNPU-132123 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 10062,70 (on min altmış iki manat yetmiş qəpik) manat, faiz borcuna görə 714,27 (yeddi yüz on dörd manat iyirmi yeddi qəpik) manat, cəmi 10776,97 (on min yeddi yüz yetmiş altı manat doxsan yeddi qəpik) manat məbləğində pulun və 123 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Baş ofis ilə Cavabdeh arasında bağlanmış 29 İyul 2024-cü il tarixli, RBNPU-132123 saylı kredit müqaviləsinə əsasən illik 19,5 % (iyirmi) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 10500 (on min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. 29 İyul 2024-cü il tarixli, RBNPU-132123 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 29 İyul 2024-cü il tarixli, RBNPU-132123 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər aym 29-dan gec olmayaraq hər ay 387,55 (üç yüz səksən yeddi manat əlli beş qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtmda və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 29 İyul 2024-cü il tarixli, RBNPU-132123 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 10062,70 (on min altmış iki manat yetmiş qəpik) manat, faiz borcuna görə 714,27 (yeddi yüz on dörd manat iyirmi yeddi qəpik) manat, cəmi 10776,97 (on min yeddi yüz yetmiş altı manat doxsan yeddi qəpik) manat təşkil edir.

Tərəflərin izahatları:

3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, 25 aprel 2025-ci il tarixdə nümayəndəsi X1 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

5. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul edir. Krediti götürəndən sonra əvvələr vaxtında ödənişlər etmişdir. Lakin barmaqları iş qəzası nəticəsində amputasıya olunmuş, iş fəaliyyətini itirmişdir. Bu səbəbdən ödəniş etməkdə çətinlik çəkir. Onun maddi durumunun nəzərə alınmasını və ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir.

6. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 iyul 2024cü il tarixli RBNPU-132123 nömrəli kredit sazişindən görünür ki bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 19,5% olmaqla 10500 manat kredit edilmişdir verilmişdir.

10. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə ünvanlanmış 07 fevral 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 05 fevral 2025-ci il tarixinə olan 29 iyul 2024-cü il tarixli RBNPU-132123 saylı kredit müqaviləyə əsasən 10062,70 manat əsas borcu və 687,02 manat faiz borcu, cəmi 10749,72 manat məbləğində borcu ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir.

11. 12 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 10 fevral 2025-ci il tarixli müqaviləyə əsasən 10062,70 manat əsas borcu və 714,27 manat faiz borcu vardır.

12. oktyabr 2024-cü il tarixdə 76.97 manat məbləğində ödəniş etmişdir.

13. 18 fevral 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 123 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 İyul 2024-cü il tarixli, RBNPU-132123 saylı kredit müqaviləsinə əsasən illik 19,5 % (iyirmi) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 10500 (on min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. Cavabdeh istifadə etdiyi məbləği müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 739.1ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri ödəməlidir.

19. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 29 İyul 2024-cü il tarixli, RBNPU-132123 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

20. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir.

21. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 29 İyul 2024-cü il tarixli, RBNPU-132123 saylı kredit müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 19,5% olmaqla 10500 manat məbləğində kredit vermişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 10062,70 manat əsas borcu və 714,27 manat faiz borcu yaranmışdır.

22. Məhkəmə yuxarıda qeyd edilən plenum qərarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, maliyyə arayışında cavabdehin 10062,70 manat əsas borcu və 714,27 manat faiz borcu qeyd edilmişdir. İddiaçı 07 fevral 2025-ci il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. Pretenziya məktubunda isə cavabdehin 10062,70 manat əsas borcu və 687,02 manat faiz borcu olması qeyd edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 10062,70 manat əsas borc və 687,02 manat faiz borcu, cəmi 10749,72 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

23. Məhkəmə baxışının hədləri:

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmə xərcləri:

24. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu 123 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

25. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10062,70 manat əsas borc, 687,02 manat faiz borcu, cəmi 10749,72 manat məbləğində pul və ödənilmiş 123 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbi digər hissədə təmin edilməməlidir.

26. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 10062,70 manat əsas borc, 687,02 manat faiz borcu, cəmi 10749,72 (on min yeddi yüz qırx doqquz manat yetmiş iki qəpik) manat məbləğində pul və ödənilmiş 123 (yüz iyirmi üç) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar