Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1035/2025 08.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 11433.30 manat məbləğində əsas borcun, 1065,48 manat məbləğində faiz borcun, 318,14 manat məbləğində cərimə borcunun, cəmi 12816,92 manat borcun və 130 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 20 dekabr 2022-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 21,5% faiz olmaqla 15000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən iki aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq iki dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq iş yükünün çox olması ilə əlaqədar olaraq, məhkəmə iclasında iştirak edə bilmədiklərini, işə onların iştiraklarının olmadan baxmağı və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən də İddiaçı ASC ilə 2022-ci ildə aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə, illik 21,5% faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. Həmin vaxt kənd icra nümayəndəsi işləmiş və ödənişləri vatdında etmişdir. 2023-cü ildə işdən azad olunduqdan sonra kredit borcunu ödəkdə çətinlik çəkmişdir. Hazırda iddia tələbini əsas borc hissəsində qəbul edir. Məhkəmədən ona faiz və cərimə borcu hissəsində köməklik edilməsini xahiş edir. Digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 dekabr 2022-ci il tarixli, CC/42135/89/16 saylı kredit sazişi müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 21,50% olmaqla 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 20 dekabr 2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 11433,30 manat əsas borcu, 1065,48 manat faiz borcu, 318,14 manat cərimə borcu olmaqla, ümumilikdə 12816,92 manat borcu vardır. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, 20 dekabr 2022-ci il tarixli, CC/42135/89/16 saylı kredit sazişinə əsasən Cavabdeh1 ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə zaminlik müqaviləsini də nəzərdən keçirib hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank qarşısında cavabdehliyi öz üzərinə götürdüyündən, iddiaçının tələb etdiyi kredit borcu cavabdehlərdən eyni həcmdə tutularaq iddiaçının xeyrinə verilməlidir. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərdən tələb olunan cərimə pulunun tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, kredit razılaşması üzrə cərimə pulunun miqdarı 30 (otuz) manat həddinədək azaldılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 130 (bir yüz otuz) manat dövlət rüsumu cavabdehlərə aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 20 dekabr 2022-ci il tarixli, CC/42135/89/16 saylı kredit sazişi müqaviləsinə əsasən əsas borca görə 11433,30 manat, faiz borcuna görə 1065,48 manat, cərimə borcuna görə 30 manat və dövlət rüsumuna görə 130 manat olmaqla, cəmi 12658 (on iki min altı yüz əlli səkkiz) manat 78 qəpik məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №e-2(050)-1035/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1035/2025
08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver