Məhkəmə qərarları › İş №e-2(050)-106/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-106/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-106/2025 26.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 15128.27 manat borc olmaqla bundan 8876.57 manat əsas, 5891.31 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 360.39 manat faiz borcunun və iş üzrə ödənilmiş 135.39 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onula əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 08/3084/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 40 (qırx) ay müddətinə illik 22 (iyirmi iki) faiz dərəcəsi ilə 9.500 (doqquz min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında xx.xx.2019-cu il tarixli 08/3084/DİK nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********349 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 15.128,27 (on beş min bir yüz iyirmi səkkiz manat 27 qəpik) manat təşkil edir. Bundan 8.876,57 (səkkiz min səkkiz yüz yetmiş altı manat 57 qəpik) manat əsas, 5.891,31 (beş min səkkiz yüz doxsan bir manat 31 qəpik) manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 360,39 (üç yüz altmış manat 39 qəpik) manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, onların iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialında olan: 26 dekabr 2019-cu il tarixli, 08/3084/DİK saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 istehlak məqsədi ilə 40 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 9500 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən alınmış 26 dekabr 2019-cu il tarixli, 08/3084/DİK saylı müqaviləyə görə xx.xx.2024-cü il tarixə onun 8876.57 manat məbləğində kredit bоrcu, 5891.31 manat məbləğində faiz bоrcu və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 360.39 manat məbləğində olmaqla, cəmi 15128.27 manat borcu yaranmışdır. xəbərdarlıq məktublarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 xəbərdarlıq edilməklə Banka olan kredit borclarını qaytarmadığı halda müqaviləyə xitam verilməsi və yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 135.39 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 dekabr 2024-cü il tarixli, 9/9255 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında imzalanmış 26 dekabr 2019-cu il tarixli, 08/3084/DİK saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2023-cü il tarixə olan borcu 8869.38 manat əsas, 5767.07 faiz borcu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq əsas kredit və faiz borcunu müəyyənləşdirilmiş ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda bunu yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qanunla qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanin 1 saylı Prtokolunun 1-ci maddəsinin və İnsan Hüquqları Avropa məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Məhkəmə ödənilməli olan əsas və faiz borc məbləğlərini müzakirə edərək qeyd edir ki, təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən 26 dekabr 2019cu il tarixli, 08/3084/DİK saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2023-cü il tarixə olan borcu 8869.38 manat əsas, 5767.07 faiz borcu müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-ci maddələrinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəm borcun zamindən də tələb edilməsinə münasibətdə bildirir ki, onun öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2023-cü il tarixdə başa çatmış, lakin kreditor icra edilməmiş öhdəlik üzrə xx.xx.2024-cü il tarixədək iddia irəli sürməmişdir. Zaminlik müqaviləsində ümumi qaydada “müqavilənin qüvvədə olma müddəti kimi öhdəliyin tam yerinə yetirilənə qədər qüvvədə olmasının” göstərilməsi etibarsızdır. Belə ki, həmin məsələni qanunvericilk tərəflərin iradəsindən asılı etməmiş, imperativ şəkildə MM-nin 477-ci maddəsi ilə tənzimləmişdir. Belə olan halda Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə kreditor zaminə qarşı bir il ərzində iddia irəli sürmədiyi üçün (kəsici müddət) zaminlik müqavilələrinə xitam verildiyindən iddia cavabdeh (zamin) Cavabdeh2 qarşı təmin edilməməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 26 dekabr 2019cu il tarixli, 08/3084/DİK saylı kredit müqaviləsi üzrə 8869.38 manat məbləğində kredit bоrcu, 5767.07 manat məbləğində faiz bоrcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 360.39 manat məbləğində olmaqla, cəmi 14996.84 manat məbləğində bоrc tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı ASC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 135.39 manat məbləğində pul vəsaitinin, 134.99 manat hissəsi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 26 dekabr 2019-cu il tarixli, 08/3084/DİK saylı kredit müqaviləsi üzrə 8869.38 manat məbləğində kredit bоrcu, 5767.07 manat məbləğində faiz bоrcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 360.39 manat məbləğində olmaqla, cəmi 14996.84 manat məbləğində bоrc və ödənilmiş dövlət rüsumunun 134.99 manat hissəsi tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 100 manat X1 (kod:210005, VÖEN 140155071, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK- CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar