Məhkəmə qərarları › İş №e-2(050)-107/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-107/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-107/2025 04.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh1 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 06 avqust 2019-cu il tarixli MBNP ***- *******FİMSA060819-01 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli 10- 0771/15 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə Cavabdeh1 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 4.347,84 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh2 arasında 06 avqust 2019-cu il tarixli ***-*******FİMSA060819-01/ZM/1 nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh1 06 avqust 2019-cu il tarixli MBNP ***-*******FİMSA060819-01 nömrəli kredit müqaviləsi üzrə 15 yanvar 2024-cü il tarixə banka ödənilməmiş cəmi 4.212,81 manat məbləğində borcu vardır. Bundan 4.126,38 manat əsas borc və 86,43 manat müqavilə müddəti üçün hesablanmış faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət olunmasına və 01 mart 2024-cü il tarixli **********811 nömrəli xəbərdarlıq məktubu ilə isə yazılı qaydada müraciət edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə bilərdi. İddiaçının tələbi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 avqust 2019-cu il tarixli MBNP ***-*******FİMSA060819-01 nömrəli kredit müqaviləsi üzrə banka 4.126,38 manat əsas borcun, 86.43 manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun, cəmi 4.212,81 manat məbləğində borcun və iş üzrə ödənilmiş 62.13 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini 2781 manat borc hissədə qəbul edir. Həmçinin izahatında bildirmişdir ki, qızı Cavabdeh1 tərəfindən xx.xx.2015-ci il tarixdə bankdan 5000 ABŞ dolları kredit götürülmüşdür. 06 avqust 2019-cu il tarixli MBNP ***-*******FİMSA060819-01 nömrəli kredit müqaviləsi barədə məlumatları olmamışdır. Həmin müqavilənin qızı Cavabdeh1 ilə bağlanması və etibarlığı onda şübhə doğurur. Həmçinin hesab edir ki, qeyd edilən müqavilə mövcud olsa idi, onlara müqavilənin surəti, ödəniş cədvəli və s. təqdim edilərdi. O isə belə bir müqavilə haqqında məhkəmədə məlumatlı olmuş, hazırlıq iclasında ona müqavilənin surəti təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: LPO İddiaçı ASC ilə xx.xx.2015-ci il tarixdə bağlanmış 10-0771/15 nömrəli kredit müqaviləsinə əsasən əsas borc məbləğinin restrukturizasiyası məqsədilə Cavabdeh1 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 4.347,84 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Həmçinin Cavabdeh2 ilə bank arasında 06 avqust 2019-cu il tarixli ***-*******FİMSA060819-01/ZM/1nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixinə kimi banka 4126,38 manat əsas borc, 86.43 manat faiz borcu və 0 manat məbləğində cərimə borcu olmaqla, cəmi 4212,81 manat borcu yaranmışdır. Bildirişin surətindən görünür ki, LPO İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/10196 saylı rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 06 avqust 2019cu il tarixli MBNP ***-*******FİMSA060819-01 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur. xx.xx.2024-cü il tarixə 4128,42 manat əsas borc, 87,34 manat faiz borcu. O cümlədən, sualda soruşulanlar üzrə qeyd edilir ki, hazırkı tədqiqatla tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, MBNP ***-*******FİMSA060819-01 saylı kredit müqaviləsi üzrə hesablanmış əsas borc və faiz borcunun iddia tələbində göstərilmiş məbləğlə eynilik təşkil etmədiyi müəyyən edildi. Ekspertiza xərci 145 manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, LPO İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 62,13 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 739.3-cü maddəsinə əsasən borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur; 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir; 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir; 740.3-cü maddəsinə əsasən borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3cü maddəsinə əsasən hesablanır; 740.4-cü maddəsinə əsasən faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır; 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; 740.6-cı maddəsinə əsasən borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır; 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir; 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir; 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla); 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir; 745.5-ci maddəsinə əsasən kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz; 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür; 746.3-cü maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 746-5.2-ci maddəsinə əsasən istehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etrazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq 06 avqust 2019-cu il tarixli MBNP ***-*******FİMSA060819-01 nömrəli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən xx.xx.2015-ci il tarixli 10-0771/15 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə Cavabdeh1 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 4.347,84 manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Mülki işin araşdırılması zamanı cavabdehin nümayəndəsi borc məbləği ilə razı olmadığını bildirdiyindən iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və alınmış rəy əsasında 06 avqust 2019-cu il tarixli MBNP ***-*******FİMSA060819-01 nömrəli müqavilə üzrə cavabdehlərin xx.xx.2024-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə 4128,42 manat əsas borc, 87,34 manat faiz borcu olduğu müəyyən edilmiş, lakin maliyyə arayışında 4126,38 manat əsas borc, 86.43 manat faiz borcu olduğu qeyd edilmişdir. Məhkəmə hazırda iddia tələbi üzrə 4.126,38 manat əsas borc, 86.43 manat faiz borcu tələb edildiyindən iddia tələbini həmin hissədə qiymətləndirərək, iddianın təmin edilməsi qənaətinə gəlir. Bağlanmış kredit və zaminlik müqavilələrinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 iddiaçı LPO İddiaçı ASC-nin qarşısında Cavabdeh1 ilə birgə eyni həcmdə məsuliyyət daşıyırlar. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi və onun icrasının təmini üçün zaminlik bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh kredit və hesablanmış faizləri ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Bundan əlavə məhkəmə cavabdehin 06 avqust 2019-cu il tarixli MBNP ***- *******FİMSA060819-01 nömrəli müqavilənin etibarlılığına şübhə edilməsi ilə bağlı izahatına münasibətdə qeyd edir ki, müqavilədəki imzaların həqiqiliyinin yoxlanılması məqsədilə cavabdehin nümayəndəsinə məhkəmə iclasının məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi, cavabdehin məhkəmə iclasında iştirak edərək, imza və yazı nümünələrinin götürülməsi üçün təxirə salınması təklif edilmiş, lakin cavabdehin nümayəndəsi buna etiraz etmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4126,38 manat əsas borc, 86,43 manat faiz borcu olmaqla, ümumilikdə 4212,81 (dörd min iki yüz on iki manat, 81 qəpik) manat borc tutularaq LPO İddiaçı ASC-nin hesabına ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0. və 115.0.1-ci maddələrinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 62.13 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 145 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1, 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı LPO İddiaçı ASC-nin iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4126,38 manat əsas borc, 86.43 manat faiz borcu olmaqla, ümumilikdə 4212,81 (dörd min iki yüz on iki manat, 81 qəpik) manat borc və 62.13 (altmış iki manat, 13 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq, LPO İddiaçı ASC-nin hesabına ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar