Məhkəmə qərarları › İş №e-2(050)-108/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-108/2025

04.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-108/2025 04.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra-QSC) Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı QSC-nin xeyrinə 11229.53 manat məbləğində kredit bоrcu, 927.68 manat məbləğində faiz bоrcu və 191.8 manat məbləğində cərimə olmaqla, cəmi 12349.01 manat məbləğində bоrcun və ödənilmiş 127.05 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onula əsaslandırmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, tariflər və valyuta məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.75% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14.800 manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3570.47 manat ödəniş etmiş və оnun iddiaçıya 11229.53 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən o, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 122 gün üçün hesablanmış faiz borcu 927.68 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 122 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 191.8 manat təşkil edir. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək bildirmişdir ki, işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmir. Banka olan borcundan cərimələrin silinməsini, kreditin müddətinin uzadılmasını, əsas borcunun da hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin hər ay 540 manat aliment ödədiyini, bunu nəzərə alaraq hər ay 50-60 manat ödənilməsinə köməklik olunmasını, ümumilikdə digər banka da 6300 manat borcu olduğunu, aylıq ödənişin 237 manayt olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: İş materiallarında olan: xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Cavabdeh ilə İddiaçı QSC-nin internet səhifəsində yerləşdirilmiş “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Ərizəyə əsasən Cavabdeh 1.75% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14800 manat məbləğində kredit verilmişdir. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh hesabına müqaviləyə əsasən mədaxil edilmiş 14800 manat məbləğində kredit məxaric edilmişdir. Maliyyə arayışından görünür ki, cavabdeh tərəfindən alınmış kreditə görə xx.xx.2024cü il tarixə onun 11229.53 manat kredit bоrcu, 927.68 manat faiz bоrcu və 191.8 manat cərimə olmaqla, cəmi 12349.01 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh xəbərdarlıq edilməklə banka olan kredit borclarını qaytarmadığı halda, müqaviləyə xitam verilməsi və yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2025-ci il tarixli, 9/8888 saylı ekspert rəyindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh 04 iyul 2024-cü il tarixə (maliyyə arayışı üzrə tarixə) əsas borc üzrə 11351.74 manat, faiz borcu üzrə 980.03 manat, cəmi 12331.77 manat borcu var; ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Məhkəmə tələb edilən borc məbləğinə münasibətdə bildirir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2025-ci il tarixli, 9/8888 saylı ekspert rəyinə əsasən iddia tələbində göstərilən məbləğlərdən artıq məbləğlər müəyyən edilmiş, kredit müqaviləsi üzrə Cavabdeh 04 iyul 2024-cü il tarixə (maliyyə arayışı üzrə tarixə) əsas borc üzrə 11351.74 manat, faiz borcu üzrə 980.03 manat təşkil etdiyi qeyd edilmişdir. Məhkəmə qanunvericiliyin tələbinə əsasən iddia tələbindən kənara çıxa bilmədiyindən hesab edir ki, iddia tələbində kredit müqaviləsi üzrə əsas borc və faiz borcu kimi göstərilmiş məbləğlər təmin edilməlidir. Eyni zamanda qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 191.8 manat məbləğində dəbbə pulunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı işlə bağlı məhkəmə cavabdehin əmlak vəziyyətini, borcdan müəyyən qədər ödənişlər etməsini dəbbə pulunun azaldılmasına əsas kimi qəbul edir. Məhkəmə hesab edir ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirir, eyni zamanda həmin məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Buna görə də məhkəmə hesab edir ki, hesablanmış 191.8 manat məbləğində dəbbə pulu azaldılaraq 20 manat müəyyən edilməlidir. Odur ki, iddia 11.229,53 manat əsas, 927.68 manat faiz, 20 manat cərimə, cəmi 12177.21 manat həcmində təmin edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 127.05 manat ödənilmiş dövlət rüsumunun 126.53 manatı cavabdehə, 0.52 manatı isə iddiaçının özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11.229,53 manat məbləğində kredit bоrcu, 927.68 manat məbləğində faiz bоrcu və 20 manat məbləğində cərimə olmaqla, cəmi 12177.21 manat məbləğində bоrc və dövlət rüsumu kimi ödənilmiş 127.05 manat pul vəsaitinin 126.53 manat hissəsi tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar