Məhkəmə qərarları › İş №e-2(050)-1088/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1088/2025

12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1088/2025 12.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı nisyə alğı-satqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evindən Cavabdeh çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evini alıcı Cavabdeh 30000 manat (otuz min) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 5000 (beş min) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 25000 (iyirmi beş min) manat məbləği isə xx.xx.2026-cı il tarixinədək ayda bir dəfə ödəniş olmaqla 1-ci ay 4000 ( dörd min) manat, sonrakı 5 ödənişi 300 manat, daha sonrakı 30 ödənişdə isə hər ay 650 manat olmaqla ödəniş etməyi öhdəsinə götürür. Lakin, alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 12000 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 432.4.-cü maddəsinə əsasən “Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.” Mülki qanunvericiliyin hazırkı tələbini rəhbər tutaraq tərəflər arasında yuxarıda qeyd olunan şərtlər razılaşdırılmışdır. Cavabdeh nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq, pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh xx.xx.2025-ci il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin, cavabdeh təklifə cavab verməmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qənul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Bakı şəhəri 53 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, lakin notariat ofisinin notariusu Səma Ələkbərova ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin etirazı: Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, alqı-satqı müqaviləsi üzrə olan borcunu həmin bankda işləyən qohumu X1 vermiş və ödənişləri onun üçün edəcəyini bildirmişdir. Onun hesabı ilə onun borcu qalmamışdır. Lakin, Ruhinin sonradan verdiyi pulu bankın hesabına köçürmədiyi məlum olmuşdur. O, həmin vaxt ödənişlərin edilməsi barədə qəbzləri tələb etməmişdir. Sonra Cavabdeh göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2023-cü il tarixində AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evini alıcı Cavabdeh 30000 manat (otuz min) qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh ilkin olaraq 5000 (beş min) manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 25000 (iyirmi beş min) manat məbləği isə xx.xx.2026-cı il tarixinədək ayda bir dəfə ödəniş olmaqla 1-ci ay 4000 ( dörd min) manat, sonrakı 5 ödənişi 300 manat, daha sonrakı 30 ödənişdə isə hər ay 650 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin 18-ci bəndinə əsasən müqaviləyə dəyişiklik və əlavələr olunması yaxud ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Qeydiyyat tarixi və nömrəsi: xx.xx.2023; **********; reyestr nömrəsi **********15-10301 olan çıxarışdan görünür ki, Masallı rayonu, Digah y/m kəndi, Digah küçəsi, ev mülkiyyət hüququ İddiaçı QSC-nin adına tam pay hüququ ilə qeydə alınmışdır. Ödəniş qəbzlərindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixində AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi üzrə "xxxx" QSC-nin hesabına 5000 manat ilkin ödəniş etmiş, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 3006 manat, xx.xx.2024-cü il tarixdə 1002 manat, xx.xx.2024-cü il tarixdə 3006 manat, xx.xx.2025-ci il tarixdə 501 manat, xx.xx.2025-ci il tarixdə 300 manat cəmi 13215 manat ödəniş etmişdir. İddiaçı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli, 105705 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Bank öhdəliyin icra edilməməsi səbəbindən müqavilənin ləğv edilməsinə dair təklif göndərmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə nisyə alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Əsaslandırıcı hissə İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixində AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanmış, razılaşmaya əsasən cavabdeh əmlakın dəyərinin nisyə olmaqla ayrı-ayrı vaxtlarda ödənilməsi öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilsə də, ödəniş cədvəlinə uyğun olaraq ödənişlər edilməmiş, nəticədə borcu qalmışdır. Cavabdeh tərəfindən 2025-ci ilin yanvar ayından etibarən isə ümumiyyətlə ödənişlər edilməmişdir. Mülki işə məhkəmədə baxılarkən cavabdeh 300 manat ödəniş etmişdir. Cavabdeh özü də üzərinə düşən öhdəliyi tam şəkildə icra etmədiyini etiraf etmişdir. O, əvvəl bankda işləyən tanışına ödəniş edilməsi üçün müəyyən məbləğdə pulu verdiyini, lakin sonuncunun verdiyi pulları bankın hesabına köçürmədiyini bildirmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyası. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 598.2. Əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Məhkəmənin mövqeyi. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçının tələbi əsaslı olmuşdur. Belə ki, tərəflərin arasında bağlanmış müqavilənin aşağıdakı bəndlərinə əsasən: 5) Alıcı Cavabdeh ilkin olaraq 5000 manat vəsaitin İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan 25000 manat məbləği isə 36 ay müddətinə ayda bir dəfə olmaqla 1-ci ay 4000 ( dörd min) manat, sonrakı 5 ödənişi 300 manat, daha sonrakı 30 ödənişdə isə hər ay 650 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. 17) Bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, yaxud onun ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. 18) Tərəflərin bu müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən xx.xx.2023-ci il tarixli, AN-İ № ******* saylı saylı alqı-satqı müqaviləsinin müddəalarına riayət etməyərək, hesablaşma qaydasını pozaraq bəzi aylıq ödənişləri əskik ödəmiş, bəzi ayları isə ümumiyyətlə ödəməyərək icranı gecikdirmişdir. Bu səbəbdən də iddiaçı müqaviləyə xitam verilməsi hüququndan istifadə edərək əvvəlcə müqaviləyə xitam veriləcəyi cavabdehin nəzərinə çatdırılmış və bu barədə cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ünvanlamış, cavabdeh məktubları təhvil almasına baxmayaraq, pretenziyada qeyd edilənlərə öhdəliyin real icrasına yönələn cavab verməmiş, yaranmış borcların ödənilməsi ilə bağlı konkret addımlar atmamışdır. Göründüyü kimi, İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair AN-İ № ******* saylı müqaviləyə əsasən bank mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evini ilkin olaraq 5000 manat vəsaitin İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsi ilə, qalan 25000 manat məbləği isə 36 ay müddətinə ayda bir dəfə olmaqla 1-ci ay 4000 ( dörd min) manat, sonrakı 5 ödənişi 300 manat, daha sonrakı 30 ödənişdə isə hər ay 650 manat olmaqla notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəniş ödəmək şərti ilə cəmi 30.000 manata Cavabdeh nisyə şəkildə satmış, alıcı Cavabdeh nisyə şəkildə aldığı daşınmaz əmlakın dəyərindən ilkin olaraq 5000 manat ödəniş etmiş, sonrakı ödənişi xx.xx.2023-cü il tarixdə 4000 manat ödəməli olduğu halda, ilk ödənişi xx.xx.2024-cü il tarixdə 400 manat etmiş, xx.xx.2024-cü il tarixdə 3000 manat, xx.xx.2024-cü il tarixdə 1000 manat, xx.xx.2024-cü il tarixdə 3000 manat ödəniş etmiş, iddiaçı cavabdehə xx.xx.2025-ci il tarixdə pretenziya məktubu göndərdiyi zaman cavabdeh tərəfindən ümumilikdə həmin vaxtadək 16350 manat ödənilməli olduğu halda, 12400 manat ödəniş edilmiş, bundan sonra cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 500 manat, məhkəmə prosesinin gedişi zamanı isə xx.xx.2025-ci il tarixdə 300 manat ödəniş edilmişdir. İddiaçı QSC tərəfindən müqavilə öhdəliklərinə əməl edilməsinə baxmayaraq, cavabdehin həmin müqavilə üzrə öhdəliklərini icra etməməsi iddiaçı bankın hüquqlarının pozulması ilə nəticələnmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilməli, Masallı rayonu, Digah y/m kəndi, Digah küçəsində yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evi boşaldılmalı və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı QSC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödədiyi 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Nəticə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi ləğv edilsin. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evi boşaldılsın və İddiaçı QSC-yə təhvil verilsin. Cavabdeh 100 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar