Məhkəmə qərarları › İş №e-2(050)-1107/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1107/2025

12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1107/2025 12.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pul vəsaitinin və 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun, cəmi 5070 (beş min yetmiş) məbləğində pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ilə Cavabdeh arasında 03 may 2012-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və "VAZ 2101" markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh 02 oktyabr 2012-ci il tarixdə "VAZ 2101" markalı, **- HF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Masallı rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində X14 vəfat etmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Masallı Rayon Məhkəməsinin hökmünə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində zərər vuran tərəf qismində iştirak etmişdir. Həmçinin qeyd olunan hökmdə Cavabdeh yol nəqliyyat hadisəsinin baş verdiyi vaxt "VAZ 2101" markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur.

Tərəflərin izahatları:

3. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ “Elektron məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinə iştirakları olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, 25 aprel 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki tələb üzrə iddia müddəti ötürüldüyündən iddianın rədd olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. Masallı Rayon Məhkəməsinin 1(050)-13/2013 nömrəli 05 fevral 2013-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

9. İcrari Sığorta müqaviləsinin surətindən görünür ki, "VAZ 2101" markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobili X7 03 may 2012-ci il tarixdən bir il müddətinə, 02 may 2013-cü ilədək sığortalanmışdır.

10. ƏN-İİİ seriyalı 838745 nömrəli etibarnamənin surətindən görünür ki, "VAZ 2101" markalı, **-HF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4 avtomobilə dair srəncam hüququ olmaqla X6 etibar etmişdir, etibarnamə 17 sentyabr 2038-ci ilədək qüvvədədir.

11. Fərid Əhliman oğluna ünvanladığı 28 yanvar 2025-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh X8 ölümünə görə 5000 manat məbləğində sığorta pul vəsaitinin 10 gün müddətində subroqasiya hüququna əsasən “Azsığorta" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödəməsi, əks təqdirdə müvafiq məhkəməyə iddia ilə müraciət olunacağı barədə xəbərdar edilmişdir.

12. AZ-İ seriyalı 037440 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X3 nikahı 25 noyabr 1996-cı il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 62 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Səfərova” soyadını qəbul etmişdir.

13. 15 avqust 2024-cü il tarixli doğum haqqında arayışın surətindən görünür ki, X14 30 mart 1998-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində anadan olmuşdur. Atası qrafasında X15, anası qrafasında X5 qeyd edilmişdir.

14. AZ-İİ seriyalı 455477 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 02 oktyabr 2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 avqust 2024-cü il tarixdə 487 nömrəsi ilə qeyd edilmişdir.

15. 24-00843/10/ AA-386/24 saylı, 03 oktyabr 2024-cü il tarxili sığorta aktının surətindən görünür ki, X1 dəymiş zərər ölümlə nəticələndiyinə görə sığortası 5000 manat məbləğində ödəniş müəyyən edilmiş, sığorta ödənişi alan şəxs X15, ödənişin verilmə üsulu – hesaba köçürmə.

16. 04 noyabr 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, “Azsığorta" Açıq Səhmdar Cəmiyyəti X13 5000 manat ödəniş etmişdir.

17. 21 fevral 2025-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

18. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC-də “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 2101” markalı, **-HF-*** nömrə nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş, nəticədə X8 ölümünə səbəb olmuşdur. Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı Masallı Rayon Məhkəməsi tərəfindən 1(050)-13/2013 nömrəli, 05 fevral 2013-cü il tarixli hökmünə əsasən cavabdeh yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. X8 ölümünə görə 5000 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı 5000 (beş min) manat pul vəsaitinin və 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

19. "İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun: 25.1-ci maddəsinə əsasən bu sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

21. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir.

22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarı: Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı: İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

24. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir.

25. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarı: İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

Məhkəmənin mövqeyi:

26. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdiyindən iddia tələbi rədd edilməlidir.

27. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

28. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi qaydalarının 1.2-ci bəndinə əsasən bu Qaydaların tətbiqində əsas məqsəd Azərbaycan Respublikasında vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətli olan məhkəmə aktlarının müəyyənləşdirilməsi və onlara əlçatanlığın təmin edilməsidir.

30. Qaydaların 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsi baxdığı iş üzrə həll edilən hüquqi məsələnin məhkəmə təcrübəsinin müəyyən edilməsi və ya inkişaf etdirilməsi baxımından əhəmiyyətliliyi ilə bağlı birinci və / və ya apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşdıqda və ya özünün bununla bağlı mövqeyi olduqda, qəbul etdiyi məhkəmə aktına ★★★ nişanını təyin edir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən, həmçinin ★★★ (üç ulduz) fərqləndirici nişanı təyin edilən 2(102)- 46/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, qanunda ayrıayrı tələblər üçün xüsusi iddia müddətləri nəzərdə tutulsa da, ümumi iddia müddəti on il təşkil edir (§ 34). İddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır (§ 36-37). Subroqasiya tələbi üzrə iddia müddətinin axımı sığorta ödənişinin verildiyi andan hesablansa da, bu müddət mülki hüquq pozuntusunun (deliktin) törədildiyi tarixdən keçən on illik ümumi iddia müddətindən artıq ola bilməz.

32. Ümumi iddia müddəti (on il) mülki hüquqi tələblərin məhkəmə qaydasında təqib edilməsinin mümkün olduğu son müddətidir (mütləq müddət). Mülki hüquq pozuntusu (delikt) üzrə qanunda xüsusi müddət nəzərdə tutulmadığından bu əsasa söykənən tələblər üzrə də on illik iddia müddəti tətbiq olunur. Belə ki, deliktin törədildiyi tarixdən etibarən on il keçmişdirsə həmin qanunazidd əmələ görə iddia müddəti ötmüş hesab edilir. Bu müddətin aşılması mümkün sayılmır, axımı sonradan başlamış iddia müddətləri də on ilin tamamında başa çatır. Bu baxımdan reqres tələb üzrə iddia müddətinin axımının əsas öhdəliyin icrası anından başlanması delikt üzrə ümumi iddia müddətinin aşılmasına əsas verə bilməz. Odur ki, ilkin kreditorun tələb hüququndan istifadə edən sığortaçının birtərəfli hərəkəti (sığorta ödənişini sonradan ödəməsi, yaxud hansısa səbəbdən gecikdirməsi) borclunun müdafiə vasitəsi olan on illik ümumi iddia müddətini onun zərərinə artıra bilməz (məsələn, sığortaçı ödənişi hadisənin və zərərin baş verməsindən 9 il sonra ödəməklə borclunun yararlana biləcəyi ümumi iddia müddətini 19 ilə uzada bilməz). Əks yanaşma, yəni deliktin törədildiyi vaxtdan on il keçəndən sonra (iddia müddətini tətbiq edən) borclunun təqib edilməsi, başqa sözlə, borclunun qeyri-müəyyən müddətə məhkəmə çəkişməsi təhdidi altında qalması ümumi iddia müddətini mənasız edərdi. Belə vəziyyət bu institutun mahiyyəti və məqsədi ilə uzlaşmır.

33. Subroqasiya hüququ sığorta ödənişini almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu tələb hüququnun qanuna əsasən sığortaçıya keçməsindən irəli gəlir. İlkin kreditorun zərər vuran şəxsə qarşı tələb hüququ on illik iddia müddəti ilə məhdudlaşırsa, yəni borclu ilkin kreditor qarşısında delikt törətdiyi tarixdən on il ərzində təqib olunmaq öhdəliyi daşıyırsa, yeni kreditora keçən həmin tələb üzrə müddət bundan artıq ola bilməz.

34. Əks yanaşma “heç kəs özündə olandan artığını başqasına verə bilməz” prinsipinə, borclunun ilkin kreditora qarşı malik olduğu etirazları yeni kreditora qarşı da irəli sürmək hüququna dair Mülki Məcəllənin 199.1-ci və 202-ci maddələrinə zidd olardı (§ 30- 31).

35. O da nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərinin iştirakçıları özlərinin birtərəfli hərəkətləri ilə başqa şəxslərin vəziyyətini ağırlaşdıra bilməzlər. Bu səbəbdən mülki dövriyyənin azadlığında üçüncü şəxslərin hüquqlarına xələl gətirilməməsi, eləcə də mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə olunması Mülki Məcəllənin məqsəd və vəzifələri kimi nəzərdə tutulmuşdur (§ 28-29).

36. Mülki hüquq normaları yuxarıda göstərilən ümumi prinsiplərə, məqsəd və vəzifələrə zidd şəkildə tətbiq edilə bilməz.

37. Məhkəmə qeyd edir ki, “VAZ 2101” markalı, **-HF-*** nömrə nişanlı avtomobil 02 oktyabr 2012-ci ildə Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə X8 ölümünə səbəb olmuşdur. Sığorta aktı ilə müəyyən olunur ki, X2 dəymiş zərər ölümlə nəticələndiyinə görə 5000 manat məbləğində zərər dəymişdir və iddiaçı tərəfindən 04 noyabr 2024-cü il tarixdə həmin məbləğdə sığorta ödənişi edilmişdir.

38. Faydalanan şəxsin zərərvuran şəxsə (həm hüquqi, həm də fiziki) qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir.

39. Lakin cavabdeh isə müdafiə vasitəsi kimi iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək bildirmişdir ki, zərərə səbəb olan hadisə 02 oktyabr 2012-ci il tarixdə baş vermiş, lakin iddiaçı 13 il sonra tələb irəli sürməklə on illik iddia müddətini ötürmüşdür. Ona görə də, iddianın rədd olunmasını xahiş edir. Göründüyü kimi iddiaçının tələb hüququ mübahisəli olmasa da, cavabdeh iddia müddətinin ötməsinə istinad etmişdir.

40. İstinad olunan mülki hüquq pozuntusu cavabdeh tərəfindən 02 oktyabr 2012-ci il tarixdə törədilmiş, iddia isə 27 fevral 2025-ci ildə qaldırılmışdır. Belə olan halda qanunla müəyyən olunmuş on illik ümumi iddia müddəti ötmüş, cavabdeh bu barədə yazılı ərizə vermişdir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə baxışının hədləri:

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

42. Məhkəmə hesab edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə:

43. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək, belə qənaətə gəlir ki, hazırkı mülki iş üzrə iddia müddətinin keçməsi nəzərə alınmalı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir.

44. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar