Məhkəmə qərarları › İş №e-2(050)-1121/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1121/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1121/2025 19.03.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abdullayev Coşqun Şamil oğlu, İddiaçı "xxxx" MMC BOKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2746.19 manat, faiz borcuna görə 261.08 manat, cərimə borcuna görə 14.26 manat, cəmi 3021.53 manat məbləğində borcun və 51 manat ödənilmiş dövlət rüsumunun "xxxx" MMC BOKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 23 may 2024-cü il tarixli 093MİK2462 №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə 28,0 %- lə 3500 manat məbləğində kredit verilmişdir. Cavabdehin kredit öhdəliyinin təminatı kimi digər Cavabdeh2 ilə 23 may 2024-cü il tarixli 093MİK2462-1Z №li zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə birgə zamin olmuş şəxslər kredit verən qarşısında borcalanın 23 may 2024-cü il tarixli 093MİK2462 №-li kredit müqaviləsi üzrə 3500 manat məbləğində kredit və ona hesablanmış faizlər məbləğində, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. Kredit müqaviləsinə əsasən, cavabdehlər tərəfindən ödəniş qrafiki pozularaq gecikdirilməklə, müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmuş və bununla da vurulan zərər nəticəsində "xxxx" MMC Bank olmayan Kredit Təşkilatını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələlərin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq onlar tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Cavabdehlərə göndərilmiş xəbərdarlıq (pretenziya) məktubu da uzun müddət keçməsinə baxmayaraq cavabsız və nəticəsiz qalmışdır. Cavabdehin 23 may 2024-cü il tarixli 093MİK2462 № - li kredit müqaviləsinə əsasən, "xxxx" MMC Bank olmayan Kredit Təşkilatına xx.xx.2025-ci il tarixə olan borcu 2746.19 manat əsas, 261.08 manat faiz borcu, 14.26 manat cərimə, cəmi 3021.53 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrəsadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdehlər tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Bank olmayan Kredit Təşkilatı arasında bağlanmış 23 may 2024-cü il tarixli 093MİK2462 №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə 28,0 %- lə 3500 manat məbləğində kredit verilmişdir. "xxxx" MMMC BOKT Cavabdeh1 kredit müqaviləsi üzrə cəmi 3021.53 manat məbləğində borcunun yarandığını bildirir və həmin məbləği cavabdehlərdən tələb edir. Zaminlik müqaviləsindən görünür ki, kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə Bank arasında zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 51 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehlərdən tələb edir. Cavabdehlər tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Məhkəmə iddiaçı tərəfindən tələb edilən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə kredit borcuna görə hesablanmış faizlə bağlı bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. "xxxx" MMC BOKT xx.xx.2025-ci il tarixdə borclunun ünvanına bildiriş göndərməklə həmin tarixə 2746.19 manat əsas, 192.60 manat faiz, 3.6 manat isə cərimə olmaqla borcunun yarandığını göstərmiş, borc məbləği ilə öhdəlikləri lazimi qaydada icra etmədiyini bildirmiş, öhdəliklər icra edilməyəcəyi halda müqaviləni xitam edəcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən bildirişdə bank əsas borcu tam şəkildə tələb etdiyindən müqaviləni bir tərəfli qaydada xitam etmək niyyətini ifadə etmişdir. Yuxarıda qeyd edilən normaların tələblərinə əsasən həmin tarixdən müqavilə münasibətlərinə xitam verildiyindən məhkəməyə müraciət edildiyi zaman bildirişdə tələb edilmiş pulun məbləğindən əlavə pul tələb etmək hüququ olmamışdır. Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşin hallarından görünür ki, bank MM-nin 445.7-ci maddəsinə əsaslanmaqla illik 5 faiz pul tələb etməmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsində isə 2746.19 manat əsas, 261.08 manat faiz, 14.26 manat cərimə, cəmi 3021.53 manat pul tələb edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən tələb edilən faiz borcu ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, bankın borcluya ünvanladığı bildirişdə tələb etdiyi 192.60 manat faiz borcunu tələb etmək hüququ olduğundan, iddia tələbi həmin hissədə təmin edilməldir. Məhkəmə nəzərə alır ki, cərimə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Cərimə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor kredit verərəkən cərimə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 3.60 manat məbləğində saxlanılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2746.19 manat, faiz borcuna görə 192.60 manat, cərimə borcuna görə 3.6 manat, cəmi 2942.39 manat pul və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 51 manat məbləğində pul vəsaitinin 49.42 manat məbləğində hissəsi tutularaq «İcraçı Kredit Agentliyi” MMC BOKT-yə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2746.19 manat, faiz borcuna görə 192.60 manat, cərimə borcuna görə 3.6 manat, cəmi 2942.39 manat pul və ərizənin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 51 manat məbləğində pul vəsaitinin 49.42 manat məbləğində hissəsi tutularaq "xxxx" MMC BOKT-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar