Məhkəmə qərarları › İş №e-2(050)-1126/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1126/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1126/2025 24.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcun qaytarılması” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:

1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 4384,08 (dörd min üç yüz səksən dörd dollar səkkiz sent) ABŞ dolları, bundan 813,27 (səkkiz yüz on üç dollar iyirmi yeddi sent) ABŞ dolları əsas, 2138,62 (iki min yüz otuz səkkiz dollar altmış iki sent) ABŞ dolları faiz, 1316,58 (bir min üç yüz on altı dollar əlli səkkiz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 fevral 2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 115,61 (yüz on beş dollar altmış bir sent) ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 94,53 (doxsan dörd manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq ləğv prosesində olan "Dəmirbank” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Masallı filialı ilə Cavabdeh2 arasında bağlanmış ********* nömrəli, 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 24% dərəcəsi ilə 5350 (beş min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ********* nömrəli, 21 noyabr 2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də, daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 03 iyun 2015-ci il tarixli, R-340 saylı əlavə sazişlərə əsasən kreditin qalıq məbləği 4512,48 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 27 noyabr 2017-ci il tarixədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 10 mart 2017-ci il tarixli, 02 saylı əlavə sazişlərə əsasən borcalanın kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 4443,01 (dörd min dörd yüz qırx üç dollar bir sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 10 mart 2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə borcalan tərədən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 24% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 04 fevral 2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 4384,08 (dörd min üç yüz səksən dörd dollar səkkiz sent) ABŞ dolları təşkil edir. Bundan 813,27 (səkkiz yüz on üç dollar iyirmi yeddi sent) ABŞ dolları əsas, 2138,62 (iki min yüz otuz səkkiz dollar altmış iki sent) ABŞ dolları faiz, 1316,58 (bir min üç yüz on altı dollar əlli səkkiz sent) ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 fevral 2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 115,61 (yüz on beş dollar altmış bir sent) ABŞ dolları faiz borcu təşkil edir.

Tərəflərin izahatları:

3. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

4. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, bankdan kredit borcunu Cavabdeh2 götürdüyü üçün krediti də, özü qaytarmalıdır. Onun özünün başqa krediti var və aldığı əmək haqqı hesabına həmin krediti ödəyir. Məhkəməyə təqdim etdiyi 3 illik iddia müddətinin tətbiq olunması barədə ərizəni müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi.

5. Cavabdeh2 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ərizə ilə məhkəməyə müraciət edərək 3 illik iddia müddətinin tətbiq olunaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 24 % dərəcəsi ilə 5350 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.

9. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 21-23 tarixlərində 24 ay müddətində hər ay 282,95 manat, sonuncu ay 282,72 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

10. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 noyabr 2014-cü il tarixli ********* nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür.

11. 21 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsinə və zaminlik müqaviləsinə 03 iyun 2015-ci il tarixli, R-340 saylı əlavə sazişlərdən görünür ki, kreditin qalıq məbləği 4512,48 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 27 noyabr 2017-ci il tarixədək uzadılmışdır.

12. 21 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsinə və zaminlik müqaviləsinə 10 mart 2017-ci il tarixli 02 saylı əlavə sazişlərdən görünür ki, borcalanın kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 4443,01 (dörd min dörd yüz qırx üç dollar bir sent) ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 10 mart 2022-ci il tarixinədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərədən bu əlavə saziş imzalandığı tarixdən etibarən illik 24% ödənilir.

13. Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə ünvanlandığı 14 yanvar 2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh2 10 yanvar 2025-ci il tarixə banka 813,27 ABŞ dolları əsas, 2138,62 ABŞ dolları faiz, 1316,58 ABŞ dolları cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 112,86 ABŞ dolları faiz, cəmi 4381,33 ABŞ dolları borcu qalmışdır. Tələb edilən 4381,33 ABŞ dolları borcun 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişlər.

14. 05 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 21 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsi üzrə 04 fevral 2025-ci il tarixə banka 813,27 ABŞ dolları əsas borcu, müqavilə müddəti üçün 2138,62 ABŞ dolları faiz borcu, 1316,58 ABŞ dolları cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 115,61 ABŞ dolları faiz borcu, cəmi 4384,08 ABŞ dolları borcu vardır.

15. Azərbaycan Respublikasının Mərkəzi Bankına problemli kreditləri kompensasiyası ilə bağlı internet portalına sorğu göndərilmiş və sorğuya cavab olaraq əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh2 Ləğv prosesində olan İddiaçı ASC-nə 4983,6 ABŞ dolları borcu olmuş, 21 fevral 2015-ci il tarixə 1245,90 manat kompensasiya, 21 dekabr 2015-ci il tarixə 2157,19 manat kompensasiya hesablanmış, 01 mart 2019-cu il tarixinə əsasə kredit borcu 4784,06 manat müəyyən edilmiş, 3401,50 manat borcun azaldılmasına yönəldilərək qalıq borc məbləği - əsas kredit borcu 1382,56 manat müəyyən edilmiş, həmin kreditin illik faiz dərəcəsi 1 % olmaqla 5 il (bir il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur.

16. 28 fevral 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 94,53 manat dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları:

17. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 24% dərəcəsi ilə 5350 ABŞ məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh1 arasında 21 noyabr 2014-cü tarixli ********* nömrəli zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün borcalanla birlikdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Bankın bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Kredit müqaviləsinin müddəti 10 mart 2022-ci il tarixdə bitmiş, iddiaçı isə 28 fevral 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı zaminlik müqaviləsinə əsasən qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinin tələbinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da, qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarı: iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də, fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarı: İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.

22. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının: 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə rurulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər.Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

24. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 İddiaçı ASC ilə bağladığı 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh2 tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır.

25. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 istehlak məqsədləri üçün 24 ay müddətinə illik 24% ödəmək şərtilə 5350 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.

26. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir.

27. Mübahisə edilən müqavilənin tələblərinə əsasən cavabdehin 21 noyabr 2014-cü tarixli ********* nömrəli kredit müqaviləsi üzrə borcu Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşür və fərmanın icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcu 1382,56 manat təşkil etmiş, həmin kreditin illik faiz dərəcəsi 1 % olmaqla 5 il ( bir il güzəşt müddəti ilə) müddətinə restrukturizasiya olunması təklif olunmuşdur.

28. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir.

29. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərinin icra edilməməsi işin mübahisəsiz halını təşkil edir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 1382,56 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, İnternet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir.

30. Göründüyü kimi kredit müqaviləsi üzrə tələb olunan faiz və cərimə borcu mövcud deyildir. Belə ki, iddiaçı ilə cavabdeh arasında dövlətin dəstəyi ilə kompensasiya olunaraq təklif olunan 1382,56 manat borc pulun qaytarılması ilə bağlı yeni müqavilə münasibəti yaranmış iddiaçı Ləğv prosesində olan İddiaçı tərəfindən oferta (müqavilə bağlamaq təklifi) göndərilmiş və Cavabdeh2 aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə təklif olunan məbləğlə razılaşaraq buna etiraz etməmişdir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 1382,56 manat təşkil etməsi və bunun müqabilində tərəflər arasında müqavilə bağlandığı halda müqavilə münasibətlərinə uyğun olaraq borcun ödənilməsi, müqavilə münasibətinə girmək istəmədiyi halda isə kreditorun ümumi əsaslarla müəyyən olunan pulun məhkəmə qaydasında tələb etmək hüququ yaranır. Belə ki, problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının internet portalından çıxarışda ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissənin izahından görünür ki, 01 mart 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) borcun azaldılmasına yönəldilmiş məbləğ çıxılmaqla qalıq borcu isə 1382,56 manat məbləğində müəyyən edilmişdir.

31. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə hesab edir ki, Cavabdeh2 1382,56 manat məbləğində əsas borc iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.

32. Həmçinin müəyyən olundu ki, Cavabdeh1 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh2 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər.

33. Məhkəmə iddia tələbi üzrə tutulmalı məbləğin zamin Cavabdeh1 münasibətdə əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir.

34. İş materiallarından da, göründüyü kimi 21 noyabr 2014-cü il tarixdə İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. 03 iyun 2015-ci il tarixli, R-340 saylı əlavə sazişə əsasən kreditin müddəti 27 noyabr 2017-ci il tarixədək, 10 mart 2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən isə kreditin müddəti 10 mart 2022-ci il tarixinədək uzadılmışdır. İddiaçı 28 fevral 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

35. Beləliklə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir.

36. Belə ki, həmin normada əks olunan müddətlər etibarlı müqavilə əsasında əmələ gəlmiş zaminliyə xitam verən kəsici müddətlərdir. Bu halda hüquqi hadisə kimi zaminliyin xitamı məhkəmə aktı əsasında deyil, qanuna əsasən baş tutur. Ona görə də, həmin normada zaminliyə xitam verən müddətin keçməsi müəyyən olunduqda zaminə qarşı yönəlmiş tələb məhkəmənin ayrıca akt şəklində qərardadı ilə deyil, işi mahiyyəti üzrə həll edən qətnamə ilə rədd edilməlidir.

37. Məhkəmə Cavabdeh1 3 illik iddia müddətinin tətbiqi barədə ərizəninə münasibət bildirərək qeyd edir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən iddia tələbi Cavabdeh1 münasibətdə rədd edilmişdir və zaminliyə xitam verilməsi üçün müəyyən olunmuş müddət kəsici müddət olduğundan cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə xitam verilmişdir, bunun üçün cavabdehin ərizə verməsinə zərurət yoxdur. Yalnız iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir.

38. Məhkəmə Cavabdeh2 3 illik iddia müddətinin tətbiqi barədə ərizəninə münasibət bildirərək qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

39. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.

40. Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.

41. Göründüyü kimi, İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh2 arasında 21 noyabr 2014-cü il tarixli müqavilədən irəli gələn öhdəliklərin icra müddəti kimi 24 ay müəyyənləşdirilmiş, 03 iyun 2015-ci il tarixli, R-340 saylı əlavə sazişə əsasən öhdəliklərin icra müddəti 27 noyabr 2017-ci il tarixədək, 10 mart 2017-ci il tarixli 02 saylı əlavə sazişə əsasən isə öhdəliklərin icra müddəti 10 mart 2022-ci il tarixinədək uzadılmışdır, iddiaçı isə 28 fevral 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddaçı müqavilədən irəli gələn öhdəliklər üzrə iddia müddətinin axımı başladığı andan bu növ müqavilələr üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə edərək məhkəməyə müraciət etmiş və hüquqi nəticə etibarı ilə iddia müddətini keçirməmişdir. Odur ki, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, hazırki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməməlidir.

Məhkəmə baxışının hədləri:

42. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

43. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 94,53 manat dövlət rüsumu ödəmişdir. İddia qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 1382,56 manat tutulduğundan və iddiaçı tələb etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,83 (otuz üç manat səksən üç qəpik) manat pul Cavabdeh2 alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 60,70 (altmış manat yetmiş qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

44. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 21 noyabr 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminliyinə xitam verilməli, ona qarşı qaldırılmış iddia tələbi rədd edilməli, Cavabdeh2 1382,56 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,83 (otuz üç manat səksən üç qəpik) manat məbləğində pul iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 60,70 (altmış manat yetmiş qəpik) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

45. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə,

Qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 21 noyabr 2014-cü il tarixlik zaminlik müqaviləsi üzrə zaminliyinə xitam verilsin və ona qarşı qaldırılmış iddia tələbi rədd edilsin. Cavabdeh2 1382,56 (bir min üç yüz səksən iki manat əlli altı qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 33,83 (otuz üç manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri 60,70 (altmış manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondun aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar