Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-113/2025 28.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı cinayət nəticəsində vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 4990 manat pulunun, dövlət rüsumu kimi ödədiyi 70 manat və 2000 manat mənəvi zərərin alınaraq ona ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının dəlilləri: iddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-285/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən də göründüyü kimi cavabdeh qardaşı ilə birlikdə xarici ölkədən özü üçün avtomobil gətirməsini və avtomaşının gömrük xərclərinin ödənməsi üçün 2700 ABŞ dolları tələb olunması, avtomobili qeydiyyatdan keçirdikdən sonra onun pulunu qaytaracağı barədə yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq 07 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən «Bravo» marketin qarşısında milli manat məzənnəsi ilə 4590 manat dəyərində 2700 ABŞ dollarını ondan alıb ələ keçirməklə, ona 4590 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Şikayətinin əsasında Yasamal Rayon Məhkəməsinin 1(004)-285/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə 2 (iki) il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Cavabdeh 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Cavabdeh cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Beləliklə, cavabdehin onu aldadaraq vədlərinə əməl etməməsi, etibarından sui-istifadə edərək onu aldatması ilə həm 4590 manat pulundan məhrum olmuş həm də 4590 manatı kredit götürməyinə görə Kapital Banka faiz ödəməli olmuşdur. Bu səbəbdən cavabdeh ona həm 4590 manatını, həm sonradan aldığı 400 manat, həm də banka ödəməli olduğu faizi, həm dövlət rüsumu kimi ödədiyi 70 manat məbləğini və 2000 manat mənəvi zərəri ödəməlidir. Sonradan İddiaçı ərizə ilə müraciət edərək iddia ərizəsinin xahiş etdim hissəsində düzəliş edərək dövlət rüsumunun məbləği texniki olaraq səhvən 70 manat yazıldığından həmin məbləğin 89.28 manat kimi qəbul edilməsini və Cavabdeh 4990 manat pulunun, dövlət rüsumu kimi ödədiyi 89.28 manat məbləğinin və 2000 manat mənəvi zərərin alınaraq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək, işdən çıxa bilmədiyindən və tək xanım kimi uzaq yola çıxaraq məhkəməyə gələ bilmədiyindən, işə onun iştirakı olmadan baxılmasını, iş materialında olan sübutlar əsasında iddiasının tam əsaslı olduğunu bildirərək işə baxılmasını və mövcud sübutlar əsasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Cavabdeh iddia ərizəsi və ona əlavə edilmiş sənədləri alsa da, iddia tələbinə etirazını yazılı və ya şifahi formada bildirməmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-285/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə 2 (iki) il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 2 (iki) il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaqla Cavabdeh 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması, Cavabdeh cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Baş vermiş cinayət əməli nəticəsində İddiaçı 4590 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmənin sorğusu əsasında təqdim edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-285/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, həmin hökm xx.xx.2024-cü il tarixdə qüvvəyə minmiş və icra edilməsi üçün Bakı İstintaq Təcridxanasına göndərilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 89.28 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Əsaslandırıcı hissə İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh İddiaçı qarşı dələduzluq etməklə onun 4590 manat pulunu ələ keçirməklə ona maddi ziyan vurmuşdur. Cavabdeh Yasamal Rayon Məhkəməsinin hökmü ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2. və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edən Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-285/2024 saylı hökmü ilə müəyyən edilmiş hallara əsasən, iddiaçının maddi zərərlə bağlı irəli sürdüyü halların məhz Cavabdeh təqsirli hərəkəti ilə törədilmiş cinayət əməli nəticəsində baş verməsi qənaətinə gəlmək mümkündür və iddiaçının tələbinin bu hissədə maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Göstərilən maddələrin tələblərinə əsasən, məhkəmə qeyd edir ki, maddi ziyanın cavabdehdən tələb olunması üçün onun qanunazidd hərəkəti ilə dəymiş ziyan arasında səbəbli əlaqə mövcud olmuş, bu səbəbdən də onun barəsində məhkəmənin hökmü ilə cəza təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Məhkəmə göstərilən maddi normaların ümumi şərtlərini hazırkı mübahisə ilə qarşılıqlı təhlil edərək qeyd edir ki, yaranmış mübahisənin hüquqi əsası cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı olmuşdur. İşin faktiki hallarına əsasən yaranmış maddi ziyanla cavabdehin qanunazidd təqsirli hərəkətləri arasında səbəbli əlaqə müəyyən olunur. Ona görə də cavabdeh yaranmış ziyanı ödəməlidir. Məhkəmə iddiaçının kredit götürərək cavabdehə verməsi əsası ilə kredit borcuna görə tələb etdiyi faiz borcu ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehə verdiyi pulu məhz kredit götürərək verdiyini təsdiq edən sübutları (kredit müqaviləsinin surətini və s) məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının cinayət işinin materialları ilə müəyyən edilmiş işin görülməsi üçün cavabdehə verdiyi pulun məhz bankdan kredit götürülərək verildiyi təsdiq edilsə də belə, iddiaçı əvvəlcədən götürdüyü kredit məbləği ilə bağlı faizləri ödəməyi məhz öz üzərinə götürmüş, həmin pulun üzərində sonradan özünün verdiyi sərəncamları ilə əlaqədar digər üçüncü şəxsin məsuliyyət daşıdığını iddia edə bilməz. İddiaçı qeyd edilən işin gələcəkdə görüləcəyi ilə bağlı cavabdehlə razılaşmış, öhdəlik icra ediləcəyi halda da iddiaçı həmin faizləri nəticədə ödəyəcəkdir. Hazırki vəziyyətdə də məhkəmə iddiaçının kredit kimi götürüb verdiyi 4590 manat pul tələbini təmin etməklə cavabdehə dəymiş real zərəri aradan qaldırmışdır. Belə olan halda, iddiaçının faizlərlə bağlı tələb irəli sürmək üçün subyektiv hüququnun yaranmadığı müəyyən edilir. İddiaçı əgər verilmiş öhdəliyin vaxtında icra ediləcəyi halda, kredit öhdəliyini tez bir zamanda ödəyəcəyini və bununla da faizlərdən azad olacağını sübut edəcəyi halda, qeyd edilən tələbin təmin edilməsi üçün əsaslar yarana bilərdi. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə, mənəvi zərərin hansı məbləğdə tutulması ilə bağlı bildirir ki, “Mənəvi zərərin ödənilməsi barədə Qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 haqqında Konvensiyanın” müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər anlayışı insanın anadan gəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin bəndin 2-ci abzasına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Həmin qərarın 10-cu bəndinə görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.” Məhkəmə, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiasının əsaslı olması qənaətinə gəlsə də, zərərin əvəzi olaraq iddia edilən 2000 manat məbləği ağlabatan hesab etmir. Məhkəmə, mənəvi zərərin həcmini müəyyən edərkən iddiaçının məruz qaldığı hüquqa zidd əməlin növünü, dərəcəsini, şiddətini, davam etdiyi müddəti, hüquqa zidd əməlin hansı şəraitdə və mühitdə baş verməsini, hüquqa zidd əmələ görə iddiaçının keçirdiyi mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pul tutulması ədalətli və ağlabatandır. Odur ki, mənəvi zərərin ödənilməsi tələbi həmin həcmdə təmin olunmalı, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə İddiaçı məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 89.28 manat məbləğində pul vəsaitinin 70.90 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 18.38 manatı isə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Nəticə Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 4590 manat, mənəvi ziyana görə 500 manat, cəmi 5090 manat və dövlət rüsumu kimi ödənilmiş 89.28 manat məbləğində pul vəsaitinin 70.90 manat məbləğində hissəsi alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-113/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-113/2025
28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver