Məhkəmə qərarları › İş №e-2(050)-1197/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1197/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1197/2025 17.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Kərimli Famil Ələskər oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı” ASC-nin Cavabdeh qarşı borcun tutulmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Kommersiya Bankı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5337.5 manat əsas, 953.64 manat faiz, 174.98 manat cərimə, cəmi 6466.12 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 85.07 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş və bununla da həmin şərtlərlə müqavilə bağlamış hesab edilmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq SMS vasitəsi ilə razılaşdırılmış, xx.xx.2026-cı il tarixədək, illik 26.5% olmaqla istehlak məqsədləri üçün 7300 AZN nağd kredit (komissiya 224 AZN,aylıq ödəniş hər ayın 23-ü 297 AZN) məbləği iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. (Kredit № 9142nkXRDb/22). Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən Müştəri“ kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci tarixli ərizədən və elektron çıxarışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq Ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş və bununla da həmin şərtlərlə müqavilə bağlamış hesab edilmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq SMS vasitəsi ilə razılaşdırılmış, xx.xx.2026-cı il tarixədək, illik 26.5% olmaqla istehlak məqsədləri üçün 7300 AZN nağd kredit (komissiya 224 AZN,aylıq ödəniş hər ayın 23-ü 297 AZN) məbləği iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixində cavabdehin ödəniş kartına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı” ASC-yə 5337.5 manat əsas, 953.64 manat faiz, 174.98 manat cərimə, cəmi 6466.12 manat borcu var. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh bildiriş göndərilməklə banka olan kredit borcunu qaytarmadığı halda yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bildirişdə Cavabdeh 05 dekabr 2024-cü il tarixə olan borcu 5337.5 manat əsas, 599.04 manat faiz, 61.21 manat cərimə, cəmi 5997.75 manat göstərilmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməmiş, nəticədə "xxxx" Kommersiya Bankı” ASC-yə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta”-ya əsasən Cavabdeh ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı” ASC-dən aldığı kredit üzrə əsas borcu və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliyini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli maliyyə arayışında cavabdehin 5337.5 manat əsas, 953.64 manat faiz, 174.98 manat cərimə, cəmi 6466.12 manat, cavabdehə ünvanlanmış borcun ödənilməsi barədə bildirişdə isə 05 dekabr 2024-cü il tarixə olan borcu 5337.5 manat əsas, 599.04 manat faiz, 61.21 manat cərimə, cəmi 5997.75 manat göstərilmişdir. Lakin iddiaçı iddia tələbində maliyyə arayışında qeyd edilən 5337.5 manat əsas, 953.64 manat faiz, 174.98 manat cərimə, cəmi 6466.12 manat borcun ödənilməsini tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. "xxxx" KB ASC 05 dekabr 2024-cü il tarixdə borclunun ünvanına bildiriş göndərməklə həmin tarixə 5337.5 manat əsas, 599.04 manat faiz, 61.21 manat cərimə, cəmi 5997.75 manat pul borcunun yarandığını göstərmiş, borc məbləği ilə öhdəlikləri lazimi qaydada icra etmədiyini bildirmiş, öhdəliklər icra edilməyəcəyi halda müqaviləni xitam edəcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən bildirişdə bank əsas borcu tam şəkildə tələb etdiyindən müqaviləni bir tərəfli qaydada xitam etmək niyyətini ifadə etmişdir. Yuxarıda qeyd edilən normaların tələblərinə əsasən həmin tarixdən müqavilə münasibətlərinə xitam verildiyindən məhkəməyə müraciət edildiyi zaman bildirişdə tələb edilmiş pulun məbləğindən əlavə pul tələb etmək hüququ olmamışdır. Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. İşin hallarından görünür ki, bank MM-nin 445.7-ci maddəsinə əsaslanmaqla illik 5 faiz pul tələb etməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçının cavabdehə qeyd edilən bildirişi göndərməsilə müqavilə ləğv edildiyindən cavabdehdən bildirişdə göstərilən 5337.5 AZN əsas borc, 599.04 AZN faiz borcu tutulmalıdır. Məhkəmə iddia ərizəsinin “174.98” manat məbləğində cərimə borcunun tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, kredit müqaviləsindən irəli gələn 5337.5 manat əsas borcunun müəyyən olunduğunu nəzərə alaraq, borclunun ödənişi gecikdirməsinə görə hesablanmış 174.98 manat cərimə (dəbbə) məbləğini tənasübsüz hesab edir və həmin dəbbə pulunun azaldılaraq 100 (bir yüz) manat məbləğində müəyyən edilməsinin cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə "xxxx" KB ASC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 85.07 manat məbləğində pul vəsaitinin 80.36 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 4.71 manatı isə iddiaçının özünə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 238, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 5337.5 manat əsas, 599.04 manat faiz, 100 manat cərimə, cəmi 6036.54 manat borc və dövlət rüsumu kimi ödənilmiş 85.07 manat məbləğində pul vəsaitinin 80.36 manat məbləğində hissəsi tutularaq "xxxx" Kommersiya Bankı” ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar