Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1208/2022 21.04.2022 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı Rayon Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli, 2(050)-226/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş 26 iyul 2012-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 125 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 200 manat alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2011-ci ildə el adəti qaydasında toy etməklə ailə qurmuş və nikahlarını xx.xx.2011-ci ildə rəsmilləşdirmişlər. Birgə yaşadıqları müddətdə 26 iyul 2012-cı il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Cavabdehlə xasiyyətləri düz gəlmədiyindən ayrılmalı olmuşlar. Aralarında bağlanmış nikah qeydi məhkəmə qaydasında pozulmuşdur. Daha sonra uşağın saxlanılması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(050)-226/2014 qətnaməsi ilə hər ay 125 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 125 manat aliment məbləği uşağın saxlanılması, onun gündəlik təlabatlarının qarşılanması, geyim və digər tələbatlarının ödənilməsinə kifayət etmir. Heç bir yerdə işləmir və heç yerdən gəliri yoxdur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, himayəsində azyaşlı uşaq olduğu üçün məhkəmə iclasında işdirak edə bilmir. Bu səbəbdən onun işdirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərimişdir ki, Masallı Rayon Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli, 2(050)-226/2014 saylı qətnaməsi ilə anasının yanında saxlanılan övladı üçün hər ay 125 manat aliment məbləği müəyyən edilmişdir. Məhkəmə qətnaməsinin qəbulundan sonrakı dövrdə sağlamlığında müəyyən problemlər olmuş, ürəyinə stend qoyulub. Dövlət tərəfindən xəstəliyi ilə əlaqədar pulsuz müəyyən dərmanlar alınması üçün ona sağlamlıq kartı verilmişdir. Yenidən ailə həyatı qurmamışdır. Hazırda aliment borcu yoxdur. Müəyyən edilmiş alimenti anasının pensiya kartı ilə və qardaşı tərəfindən ödənilir. Sonda Cavabdeh iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan: doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012 ildə doğulmudur, atasıı Cavabdeh, anası İddiaçıdır. Masallı Rayon Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli, 2(050)-226/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh 17 dekabr 2013-cü ildə başlayaraq hər ay 125 manat aliment tutularaq 26 iyul 2012-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi, Cavabdeh iddiaçı X1 özü üçün 17 dekabr 2013-cü ildə başlayaraq 26 iyul 2015-ci ilədək hər ay 125 manat aliment tutularaq X3 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışlardan görünür ki, Cavabdeh ÜSX qeyri stabil stenokordiya diaqnozu, əlavə olaraq hiportaniya xəstəliyi və əlavə risqli şəkərli diabet 2-ci tip diaqnozu xəstəlikləri ilə bağlı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək; sol orta beyin arteriyası hövzəsində işemik insult diaqnozu, arterial hiportenziya 3-cü dərəcə çox yüksək ürək USX stabil gərcinlik stneo kardeya və 3-cü dərəcə şəkərli diabet diaqnozları ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdək müalicə almışdır. 3234 1433 1300 50 kodlu kartın kserosurətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Cavabdeh imtiyazlı elektron sağlamlıq kartı ilə təmin edilmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, və yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutmaq mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uygun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yeni aliment miqdarını müəyyən edərkən, tərəflərin ailə və maddi vəziyyətini, uşağın təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Masallı Rayon Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli, 2(050)-226/2014 saylı qətnaməsinin qəbulundan 8 ildən artıq bir müddətin keçməsini və bu müddət ərzində uşağın artan tələbatını, diqqətəlayiq digər halları, eləcə də uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını nəzərə alaraq, ödənilməli olan aliment miqdarının 150 manat sabit pul məbləğində müəyyən olunmasını uşağın hüquq və mənafelərinə uyğun hesab edir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbinin əsası kimi istinad edilmiş hallardan biri - “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2022-ci il üçün yaşayış minimumunun uşaqlar üçün 193 manat məbləğində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün 2022-ci ildə yaşayış minimumunun hər ay 193 manat həddində müəyyən edilməsinin bu məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini, qanunvericiliklə aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olmasını, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmasını, məhkəmə qətnamə çıxararkən tərəflərin əsaslı mənafelərininin nəzərə alınmalı olmasını əsas tutub hesab edir ki, ödənilməli olan aliment miqdarının 150 manat sabit pul məbləğində müəyyən olunması qanunidir. İddiaçı yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün hər ay sabit pul məbləği ilə 200 manat aliment tutulub ona verilməsini xahiş etsədə, cavabdehin tələb edilən məbləğə münasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8 saylı Qərarının 8-ci maddəsinin 14-cü bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Hazırkı iş üzrə isə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasına hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Masallı Rayon Məhkəməsinin 16 yanvar 2014-cü il tarixli, 2(050)- 226/2014 saylı qətnaməsi ilə 26 iyul 2012-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin və həmin məbləğ Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq tutulub uşaq yetkinlik yaşına çatanadək İddiaçı verilsin. Cavabdeh 50 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-1208/2022
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1208/2022
21.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver