Məhkəmə qərarları › İş №e-2(050)-1267/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1267/2024

02.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1267/2024 02.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, məhkəmə iclasının katibi X7, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «atalığın müəyyən edilməsi, alimentin miqdarının artırılması və aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1110/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün sabit pul məbləğində 235 manat tutulması, xx.xx.2023-cü il təvəllüdlü X4 atasının Cavabdeh olmasının müəyyən olunması və uşağın saxlanması üçün sabit pul məbləğində 235 manat aliment tutularaq ona verilməsi, ümumilikdə 705 (yedd yüz beş) manat aliment tutularaq ona verilməsi, dövlət rüsumuna görə ödənilmiş 100 (bir yüz) manat cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahları xx.xx.2016cı ildə rəsmiləşdirmişlər və birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X10, xx.xx.2017ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar onun yanında saxlanmışdır. Daha sonra Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün aylıq qazancının 1/3 hissəsi miqdarında aliment tutulmuşdur. Daha sonra cavabdehlə barışmışlar və xx.xx.2023-cü il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Lakin sonradan münasibətləri yenidən pozulmuş və cavabdeh uşağa atalıq verməmişdir. Buna görə də uşağın soyadı qismində onun soyadı yazılmışdır. Cavabdeh 900 manat pensiya və 400 manat təqaüd alır, hazırda hər ay 300 manat aliment ödəyir, lakin 3 uşaq üçün 300 manat pul çox azdır və uşaqların tələbatları getdikcə artmaqdadır. Uşaqlardan sonuncusu körpə olduğu üçün ümumiyyətlə o, işləyə bilmir və uşaqların tələbatını valideynlərinin köməkliyi ilə çətinliklə ödəyir. Yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmiş, lakin cavabdeh 3 uşağa 300 manat aliment ödəyir. Əvvəlki məhkəmə qərarı ilə 2 uşaq üçün müəyyən edilmiş aliment artırılmalı, sonuncu uşaq üçün isə aliment müəyyən olunmalıdır. Bununla bağlı aralarında mediasiya prosesi də keçirilmiş, lakin razılıq olmadığı üçün proses dayandırılmışdır. Odur ki, o da məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, 08 dekabr 2023-cü il təvəllüdlü X4 atasıdır. Həmçinin, uşaqların saxlanılması üçün alimentin tutulması hissəsində iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X10 29 aprel 2016-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Əzizova (Şıxəliyeva) Aytac Elçin qızıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 07 dekabr 2017-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Əzizova (Şıxəliyeva) Aytac Elçin qızıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X9 08 dekabr 2023-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası Əzizova (Şıxəliyeva) Aytac Elçin qızıdır. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 1110/2022 saylı qətnaməsindən görünür ki, 29 aprel 2016-cı il tarixdə doğulmuş X10 və 07 dekabr 2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı Şıxəliyeva (Əzizova) Aytac Elçin qızının xeyrinə Cavabdeh 15 mart 2022-ci il tarixdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı Şıxəliyeva (Əzizova) Aytac Elçin qızına ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə müvafiq olaraq uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır (maddə 46.3). Uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər (maddə 45.1). Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəlləyə müvafiq olaraq valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (maddə 75.1, 75.4). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2). Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər.Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır.Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Ölkə üzrə uşaqlar üçün yaşayış minimunu hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir.Qanunvericilik aliment məbləğinin müəyyən edilməsi zamanı bir sıra halların araşdırılmalı olduğunu tələb edir. Göstərilən qərarda Məhkəmə qeyd etmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir.Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə işin faktiki hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia alimentin miqdarının artırılması hissəsində qismən təmin edilməli və məhkəmə qətnaməsi ilə 29 aprel 2016-cı il təvəllüdlü X8 və 07 dekabr 2017-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin məbləği artırılaraq hər ay 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilməlidir. Göründüyü kimi, ailə qanunvericiliyinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq valideyinlərdən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Məhkəmə iclasında iddiaçı tərəfindən doğulmuş uşaqlardan 08 dekabr 2023-cü il təvəllüdlü X4 atasının cavabdeh olması öz təsdiqini tapmışdır. Belə olan halda iddia həmin hissədə təmin edilməlidir. Qanunvericiliyin tələbi baxımından valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin qazancının müntəzəm və dəyişməyən olması müəyyən edilməmişdir. Bu səbəbdən cavabdehdən aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni 12 mart 2024-cü ildən başlayaraq cavabdehdən 08 dekabr 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay uşaq üçün 170 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndində qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Odur ki, iddia qismən təmin olunan zaman artırılmış alimentin məbləğinin tutulmasının hesablanmasına hazırkı iş üzrə məhkəmənin qəbul etdiyi qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1110/2022 nömrəli qətnaməsi ilə 29 aprel 2016-cı il təvəllüdlü X8 və 07 dekabr 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, iki uşaq üçün cəmi 340 (üç yüz qırx) manat müəyyən edilərək İddiaçı verilsin. Alimentin artırılmış məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh İddiaçı 08 dekabr 2023-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş X4 atası olması müəyyən edilsin. Müvafiq qeydiyyatın aparılması üçün qətnamənin surəti Masallı rayon qeydiyyat şöbəsinə təqdim edilsin. 12 mart 2024-cü ildən başlayaraq Cavabdeh 08 dekabr 2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə 08 dekabr 2023-cü il təvəllüdlü X6 münasibətdə alimentin tutulması hissədə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar