Məhkəmə qərarları › İş №e-2(050)-136/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-136/2023

31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-136/2023 31.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC-nin problemli kreditlər departamentinin direktor mavini Elnur Abbasov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 18 Yanvar 2022-ci il tarixli, MSNPU-05029 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4379,90 manat, faiz borcuna görə 253,74 manat, dəbbə borcuna görə 486,12 manat, cəmi 5119,76 manat məbləğində pulun və 71,2 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçıASC-nin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 Yanvar 2022-ci il tarixli, MSNPU-05029 saylı kredit müqaviləsinə əsasən illik 15,44 % (on beş) faiz dərəcəsi olmaqla 30 (otuz) ay müddətinə 5100 (beş min bir yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 18 yanvar 2022-ci il tarixdə İddiaçı ASC-nin Masallı filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 18 Yanvar 2022-ci il tarixli, MSNPU05029 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 18 Yanvar 2022-ci il tarixli, MSNPU-05029 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli, MSNPU-05029 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 18-dən gec olmayaraq hər ay 206 (iki yüz altı manat 00 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 18 yanvar 2022-ci il tarixli, MSNPU-05029 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 4379,90 manat, faiz borcuna görə 253,74 manat, dəbbə borcuna görə 486,12 manat, borcun cəmi məbləği 5119,76 manat təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək izahatında göstərdi ki, o, 18 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən 5100 manat məbləğində kredit götürmüş və mütəmadi olaraq ödənişləri ödəmişdir. Daha sonra işdən azad olunduğundan, iş olmadığından borcunu tam olaraq ödəyə bilməmişdir. Hazırda maddi vəziyyəti ağırdır, maddi vəziyyəti düzəldiyi halda borcunu ödəyəcəkdir. Eyni zamanda ondan tələb olunan dəbbə pulu həddən artıq yüksəkdir. Odur ki, göstərilənləri nəzərə alıb məhkəmədən dəbbə pulunu azaldaraq ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. Digər Cavabdeh2 da məhkəmə iclası zamanı iddianı qismən qəbul edib, Cavabdeh1 ilə eyni məzmunlu izahat verərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehləri dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci madəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. İş materiallarına əlavə edilmiş: 18 yanvar 2022-ci il tarixli, MSNPU05029 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 30 ay müddətinə, illik 15,44 faiz dərəcəsi ilə 5100 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit üzrə borclarını və hesablanacaq faizləri banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 18 yanvar 2022-ci il tarixli, MNSPU-05029 saylı zaminlik müqaviləsindən görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və zamin borc verənin qarşısında borc alanın öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 04 noyabr 2022-ci il tarixli, RB-02/PK saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 18 yanvar 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 03 noyabr 2022-ci il tarixinə 4379,90 manat əsas, 253,74 manat faiz, 486.12 manat cərimə, cəmi 5119,76 manat borcu vardır. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməyərək, nəticədə kredit müqaviləsinə əsasən İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və borca görə hesablanmış faizləri ödəməmişdir. Halbuki, 18 yanvar 2022-ci il tarixli, MSNPU050293 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ASC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin, buna baxmayaraq o, müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinin tələbinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə zaminlik müqaviləsini də nəzərdən keçirib hesab edir ki, Cavabdeh2 əsas borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Bank qarşısında cavabdehliyi öz üzərinə götürdüyündən, iddiaçının tələb etdiyi kredit borcu cavabdehlərdən eyni həcmdə tutularaq iddiaçının xeyrinə verilməlidir. Qeyd olunan Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 50 manat məbləğində saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 71,02 qəpik dövlət rüsumu cavabdehlərə aid edilməklə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 18 yanvar 2022-ci il tarixli, MSNPU05029 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 4379,90 manat, faiz borcuna görə 253,74 manat, dəbbə puluna görə 50 manat və dövlət rüsumuna görə 71,02 manat, cəmi 4754 (dörd min yeddi yüz əlli dörd) manat 66 qəpik məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar