Məhkəmə qərarları › İş №e-2(050)-1457/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1457/2024

21.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1457/2024 21.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında videoçəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(050)-919/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 120 manat sabit pul məbləğində alimentin məbləğinin artırılaraq hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddiasını müdafiə edərək izahatında göstərdi ki, cavabdehlə el adəti qaydasında ailə qurmuşdur. Birgə yaşadığları müddət ərzində xx.xx.2015-ci ildə X7 və xx.xx.2019-cu ildə X8 adlı iki uşaqları doğulmuşdur. 2018-ci ildə Elvinlə xasiyətləri düz gəlmədiyindən, evdə dava-dalaş saldığından ondan ayrılmışdır. Ayrıldıqdan sonra Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, 2015-ci il təvəllüdlü Xədicə adlı uşaqlarına 120 manat aliment kəsilmişdir. Sonra yenidən cavabdehlə barışmış, barışdıqdan sonra ikinci övladları Fatimə adlı uşaqları doğulmuşdur. Bir müddət sonra yenə cavabdehlə yola gedə bilmədiyindən ayrılmışlar. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 120 manat alimentin məbləği hazırda uşağın saxlanılması, onun gündəlik təlabatlarının qarşılanması, geyim və digər işlərinin görülməsinə yetmir. Artıq uşaq üçün keçən il alınmış geyim paltarları uşağın əyninə olmur, gündəlik təlabatı artımış uşağın saxlanılması üçün müəyyən edilmiş yaşayış minumu 2024-cü il üçün artırılaraq hər uşağa görə 235 manat müəyyən edilmişdir. Cavabdeh işləməklə yaxşı imkanı və maddi durumu vardır. Uşağın gündəlik təlabatı, böyüməsi artıq ona yaya yeni geyim paltarlarının alınmasına, dava dərmanlarına, yeyinti məhsullarına və təhsil xərcləri artdığından yuxarıda qeyd edilən məhkəmə qətnaməsi ilə təyin edilmiş 120 manat aliment məbləği uşağın saxlanılmasına çatmadığından təyin edilmiş alimentin məbləği artırılmalıdır. Alimentin artırılması ilə bağlı mediasiya müraciət etmiş, lakin cavabdeh mediasiya gəlmədiyindən orada həll edə bilməmişdir. Bu səbəbdən də, məhkəmədə iddia qaldırmalı olmuşdur. Odur ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş bir uşağa görə 120 manat alimentin məbləği artırılaraq hər ay uşağa görə 235 manat alimentin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı iddianı qəbul etməyərək izahatında göstərdi ki, həqiqətən də iddiaçı ilə birgə nikahlarından xx.xx.2015-ci ildə X7 adlı bir uşaqları anadan olmuşdur. Sonra münasibətləri pisləşdiyindən Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçıyla aralarında olan nikah pozulmuş, 2015-ci il təvəllüdlü Xədicə iddiaçının yanında qalmaqla onun saxlanılması üçün 120 manat aliment müəyyən edilmişdir. Daha sonra iddiaçı ilə barışmış, barışdıqdan sonra xx.xx.2019-cu ildə X8 adlı uşaqları anadan olmuşdur. Hazırda iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək iqtidarında deyildir. O, hər ay uşaq üçün 120 manatdan artıq aliment ödəyə bilməz. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Doğum haqqında arayışdan və şəxsiyyət vəsiqələrindən görünür ki, tərəflərin birgə nikahlarından 18 fevral 2015-ci ildə X7 və 12 avqust 2019-cu ildə X8 adlı iki uşaqları anadan olmuşdur. X1 tərəfindən təsdiqlənmiş 29 mart 2024-cü il tarixli, MŞm/MT036/2024-00257 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə məlumatlandırılmasına baxmayaraq mediasiya sesiyasında iştirak etməmişdir. Masallı Rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(050)-919/2018 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Masallı Rayon İcra Hakimiyyəti başçısının Kolatan ərazi nümayəndəliyi tərəfindən bağlanmış 24 sentyabr 2012-ci il tarixli, 20 saylı nikahın pozulması və tərəflərin birgə nikahdan 18 fevral 2015-ci ildə doğulmuş X7 adlı uşaqları anası İddiaçı yanında qalmaqla həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 aprel 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə tərəfləri dinləyib, mülki işə əlavə edilmiş sənədləri tədqiq edib, məhkəmə iclası zamanı toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinin tələbinə görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinin tələbinə görə isə valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideyinlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə görə alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 18 fevral 2015-ci il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Sonradan tərəflərin münasibətləri pisləşmiş və ayrılmışlar. Masallı Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(050)-2303/2023 saylı qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozularaq birgə nikahdan 18 fevral 2015-ci ildə doğulmuş X7 adlı uşaqları anası İddiaçı yanında qalmaqla həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 03 aprel 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Sonradan tərəflər barışaraq bir müddət birlikdə ər-arvad kimi yaşamış və 12 avqust 2019cu X8 adlı uşaqları anadan olmuşdur. Cavabdehin azyaşlı Xədicənin saxlanılması üçün ödəməli olduğu aliment uşağın tələbatını ödəmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda məhkəmə hesab edir ki, uşaqları saxlamaq, qayğısına qalmaq, onların maddi və mənəvi ehtiyaclarını ödəmək valideyn kimi iddiaçı ilə bərabər cavabdehin də borcudur. Məhz bu səbəbdən də uşaqların saxlanılmasında o da iştirak etməli və hazırki tələbatına uyğun aliment ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, Masallı Rayon Məhkəməsinin Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(050)-919/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və 18 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli, artırılmış alimentin tutulmasına hazırkı iş üzrə qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumuna görə 41 (qırx bir) manat 60 qəpik tutularaq dövlət büdcəsinə köçürülməlidir. Göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(050)-919/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və 18 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Artırılmış alimentin tutulmasına Masallı Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2 (050)-1457/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət rüsumuna görə 41 (qırx bir) manat 60 qəpik tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar