Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-151/2025 20.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Hakimin köməkçisi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 271 saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin – OBA Şüvəlan 8 mağazasında çalışdığı zaman, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 2396.56 manat və 1044.99 manat zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlarda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2929.25 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının tələbi: İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2929 manat 25 qəpik pulun və mediasiya xərci üçün ödənilmiş 55 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin mövqeyi: İddiaçı MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Lakin əvvəlki məhkəmə iclaslarında ərizə təqdim edərək əlavə sübutlarının olmadığını, işə təqdim edilmiş sübutlar əsasında baxıb iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddia tamamilə əsassızdır. O, İddiaçı MMC-də işlədiyi müddətdə şirkətə heç bir zərər vurmamışdır. İşlədiyi müddətdə mağazaya sayım gəlmiş, onun iştirakı olmadan mağazanı saymış, guya mağazadan 3500 manat civarında mallar əksik gəlmişdir. Bu barədə onlara etiraz etmiş və bildirmişdir ki, mağaza 24 saat kamera nəzarətindədir, kameralar yoxlanılsın, cinayətkar kimdirsə ortaya çıxsın. Lakin müdiriyyət heç bir araşdırma aparmadan əksik gələn malları onun adına qeydə aldırmışdır. Münasibətləri pozulduğundan şirkətlə müqaviləni təzələməmişdir. O, etiraz etdikdən sonra müdiriyyət ona narahat olmaması barədə bildirmişdir. Mağazaya dəymiş zərərin üzərindən 3 il keçdikdən sonra iddiaçı təşkilat heç bir əsas olmadan onu məhkəməyə vermişdir. Hesab edir ki, iddiaçı təşkilat iddia müddətini ötürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -"xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin surətindən və İddiaçı MMC-nin xx.xx.2020-ci il tarixli, 694 saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinə xx.xx.2020-ci il tarixdən Satıcı-kassir vəzifəsinə işə qəbul edilməsi və əmək haqqının ştat cədvəlinə əsasən 260 manat olmaqla ödənilməsi əmr edilmişdir; xx.xx.2021-ci il tarixli, 93 saylı əmrindən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsində xx.xx.2021-ci il tarixdən administrator vəzifəsinə işə qəbul edilməsi və əmək haqqının ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi əmr edilmişdir; -“X2” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli X1 haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh həmin müqavilə üzrə ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmağı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamağı və ziyankarlıqla mübarizə aparmağı, bununla bağlı X1 daşıdığını öhdəsinə götürmüşdür; İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli, 271 saylı əmrindən çıxarışdan və xx.xx.2022ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cəmiyyətin Satış Departamentinin Satış Şöbəsinin baş administratorunun (Cavabdeh) əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi, son haqq-hesaba olaraq istifadə edilməmiş əmək məzuniyyətinə görə pulun əvəzinin ödənilməsi əmr edilmişdir: -İddiaçı MMC-nin sabiq administratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışından görünür ki, xx.xx.2022-ci il tarixində 2396.56 manat, xx.xx.2022-ci il tarixində isə 1044.99 manat çatışmazlıq müəyyən olmuşdur. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2929.25 manat borcu qalmışdır. Beləliklə Cavabdeh xx.xx.2023-cü il tarixinə "xxxx" MMC-yə olan ümumi borcu 2929.25 manat təşkil edir. -Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC-də işlədiyi dövrdə fəaliyyətinin yoxlanılması və 2929.25 AZN əskikgəlmənin aşkar edilməsi bildirilmişdir. Vəzifə təlimatına, eləcə də, "xxxx" MMC ilə bağlamış olduğu maddi məsuliyyət müqaviləsinə əsasən işçi ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalı, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübarizə aparmalı, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalıdır. Qeyd olunanları nəzərə alaraq, hazırda faktiki qalıq borcun 3 gün müddətində qeyd olunan borcun ödənilməsini təmin etməsi ondan xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyinə dair sonuncuya xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli, MŞB/18/2023-00816 saylı ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 60 manat mediasiya xərci İddiaçı MMC tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 199-cu maddəsinin “a” bəndində əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. 200-cü maddənin 1 və 2-ci hissələrinə əssən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X1 daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X1 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. 205-ci maddənin 2-ci hissəsinə əsasən əgər ziyan işçi tərəfindən X1 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 294-cü maddənin 1-ci hissəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2 -ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, tərəflər arasında fərdi əmək mübahisəsi vardır. Cavabdeh və iddiaçı hüquqi şəxs arasında bağlanmış X1 haqqında müqavilənin mahiyyətinə görə əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlərlə bağlı çatışmazlıqalara görə Cavabdehlik daşımışdır. Onunla bağlanmış X1 haqqında müqavilənin şərtlərinə görə, ona etibar edilmiş əmlakın, maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürür, müəssisəyə ziyan vurmamalı, ziyankarlığa qarşı mübarizə aparmalı, hesabatlar aparmalı, yaranmış təhlükələr barədə işəgötürənə məlumat verməli, ziyan vurma hallarına yol verməməlidir. Tərtib olunmuş İnvertarizasiya aktlarına əsasən yoxlama zamanı Cavabdeh “Oba- Şüvəlan 8” mağazasında tam maddi məsul şəxs kimi işlədiyi müddətdə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində 2396.56 manat və 1044.99 manat zərər vurması müəyyən edilmiş, buna baxmayaraq, müəssisə məhkəməyə müvafiq olaraq 02 il 06 ay– 02 il 05 ay sonra müraciət etmiş və bununla da Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsində göstərilən 01 il iddia müddətini ötürmüşdür. Cavabdeh ümumiyyətlə iddianı qəbul etməməklə yanaşı, 01 illik iddia müddətinin ötürülməsinə görə tələbin rədd olunmasını xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə hazırki iş üzrə iddia müddətinin ötürülməsi nəticəsinə gələrək hesab edir ki, iddiaçının iddia irəli sürmək hüququ xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində yaranmış, xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə bitmişdir. Belə olan hal yuxarıda göstərilənlərə görə, tələb fərdi əmək mübahisələri üzrə maddi ziyanla bağlı iddia müddəti üçün nəzərdə tutulmuş 01 ilin ötürülməsi əsası ilə rədd olunmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən ödənilmiş 55 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Ellara Abbasova
Məhkəmə qərarları › İş №e-2(050)-151/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-151/2025
20.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver