Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-152/2025 27.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı ziyan tələbi üzrə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2226 manat pulun və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və tərəflər arasında “X2” haqqında müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixli, 71x saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, İddiaçı MMC-nin OBA Əhmədli 11 mağazasında çalışdığı zaman, xx.xx.2023-cü il tarixində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 2826.21 manat zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktda da yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2226 manat borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X2 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdeh iddiaya etiraz ünvanlayaraq İddiaçı MMC-nin maddi ziyanın ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında olan iddia tələbinə iddia icraatı qaydada baxılması üçün mülki işin iddia icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi ilə bağlı mülki iş üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsi və iddianın təmin edilməməsi (rədd edilməsi) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, ondan 2226 manat pulun və 60 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. O, "xxxx" MMC tərəfindən ərizədə göstərilən tələblərlə razı deyil. Ona görə ki, "xxxx" MMC-yə ərizədə qeyd olunduğu məbləğdə borcu yoxdur. Odur ki, iş daha dolğun araşdırılması üçün iddia icraatı qaydasında baxılmalıdır. İddia tələbini qəbul etmir. Belə ki, o, iddiaçıya heç bir ziyan vurmamışdır. İddiaçıya heç bir borcu yoxdur. Əgər onun iddiaçıya hər hansı bir məbləğdə ziyan vurduğu sübut olunmuş olsa da belə o zaman iddiaçının həmin ziyanı tələb etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, iddiaçının əmək münasibətləri ilə bağlı dəymiz ziyanı tələb etmək müddəti bir ildir. Əgər iş materiallarına nəzər salsaq görərik ki, xx.xx.2023-cü il tarixdə ziyanın vurulduğu aşkar olunmuş, xx.xx.2023-cü il tarixdə o, işdən azad olunmuş, xx.xx.2023-cü il tarixdə İnventarizasiya Aktı tərtib olunmuş və ziyan tam dəqiqliklə müəyyən edilmişdir. İddiaçım iddia müddətinin axımıda həmin xx.xx.2023-cü il tarixdən başlamışdır. İddiaçı xx.xx.2023cü il tarixdə Mediasiya şurasına Müraciət etmişdir. Həmin tarixdə iddia müddətinin axımı dayanmışdır. xx.xx.2024-cü il tarixdə isə Mediasiya Arayışı alınmışdır. xx.xx.2024-cü il tarixdən yenidən iddia müddətinin axımı başlayır. İddaçı isə iddia ərizəsi ilə 2024-cü ilin oktyabr ayının sonunda Masallı Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişdir. Buda onu göstərir ki, borcun bəlli olduğu vaxtdan Mediasiya şurasına müraciət edildiyi vaxtadək 8 ay müddət keçmiş, Mediasiya arayışı alındıqdan məhkəməyə müraciət olunduğu vaxtadəkdə 8 ay keçmişdir, ümumilikdə 1 il 4 ay müddət ötmüşdür. Bu isə artıq 4 ay iddia müddətinin ötməsi deməkdir. Qanunvericiliyə əsasən dəymiz ziyanı tələb etməklə bağlı iddia müddəti 1 ildir. Belə olduğu halda iddiaçı iddia müddətinin axınını pozmuşdur. 1 illik iddia müddəti keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən dəymiz ziyanı tələb etməklə bağlı iddia müddəti keçmişdir. Bu səbəbdən də hazırkı iş üzrə iddia müddəti tətbiq edilməlidir. İddiaçının nümayəndəsi X1 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, iddianı müdafiə etdiklərini bildirmiş və iclası onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan: 28 dekabr 2017-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdən 3(üç) aylıq sınaq müddəti tətbiq edilməklə İddiaçı MMC-də satıcıkassir vəzifəsinə işə qəbul olunmuş, onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. 28 dekabr 2017-ci il tarixli 578-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış əməliyyatları şöbəsinə 28 dekabr 2017-ci il tarixdən satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. 11 iyun 2018-ci il tarixli əmək müqaviləsinə əlavədən görünür ki, 28 dekabr 2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilmiş və Cavabdeh 11 iyun 2018-ci il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. 11 iyun 2018-ci il tarixli 226-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış əməliyyatları şöbəsinə 11 iyun 2018-ci il tarixdən Administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixli X2 barədə müqavilədən görünür ki, Cavabdeh X2i öz üzərinə götürmüşdür. 31 mart 2023-cü il tarixli 71X saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh cəmiyyətin satış departamentinin satış şöbəsinin administratorunun əmək müqaviləsinə 31 mart 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 17 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, 01 mart 2023-cü il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 2826.21 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan küçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 2226 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə OBA Ehmedli 11 filialında aparılmış inventarizasiya nəticələrinə dair ilkin aktdan görünür ki, həmin akt müəssisənin maliyyə direktoru, mühasibatlıq departament müdiri, satış departament müdiri, daxili nəzarət departament müdiri, inventarizasiya şöbə müdiri, bölgə müdiri inventarizasiya şöbəsinin araşdırma mütəxəssisi tərəfindən imzalanmış, lakin Maddi məsul şəxs Cavabdeh tərəfindən imzalanmamışdır. 03 aprel 2023-cü il tarixli, DN-1717 saylı xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda göstərilən maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsində qeyd edilir ki, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Eyni Məcəllənin 194-cü maddəsində qeyd edilir ki, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsində qeyd edilir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçinin X2i yaranır. Həmin Məcəllənin 200-ci maddəsində qeyd edilir ki, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X2 daşıması barədə yazılı müqavilə bağlaya bilər. X2 barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Eyni Məcəllənin 203-cü maddəsinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Azərbaycan Respublikası MPM-in 9.1.-9.3.-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə iş materiallarında olan sübutları məcmu halında nəzərdən keçirərək tələbin əsaslı olmaması qənaətinə gəlir. Belə ki, iddiaçının cavabdehə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası, iddia müddəti ötürülməklə verilmişdir. Məhz yuxarıda qeyd edilənlərlə əlaqədar məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İş materiallarından göründüyü kimi, vurulmuş ziyan iddiaçı tərəfindən 01 mart 2023cü il tarixdə keçirilmiş inventarizasiya nəticəsində aşkar edilmiş, lakin hazırki iddia əmək qanunvericiliyndə nəzərdə tutulmuş 1 il müddəti keçdikdən sonra – 30 oktyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunmadığından İddiaçı MMC tərəfindən mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul vəsaiti özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-152/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-152/2025
27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver