Məhkəmə qərarları › İş №e-2(050)-1523/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1523/2025

02.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1523/2025 02.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Tələb:

1. İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi iləməhkəməyə müraciət edərək, İddiaçı əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 6568 manat 60 qəpik, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumu üçün ödənilmiş 26 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 18 may 2023-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və “X2” haqqında müqavilə imzalanmışdır. 17 oktyabr 2023-cü il tarixli 156x saylı əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) maddəsinə əsasən işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki,İddiaçı – OBA 4 MKR 11 mağazasında çalışdığı zaman 24 iyul 2023-cü il və 17 oktyabr 2023-cü il tarixlərində aparılmış İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin Cəmiyyətə müvafiq olaraq 1456 manat 21 qəpik və 5599 manat 95 qəpik zərər vurması müəyyən edilmiş, həmin tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlarda da, yekun ziyan məbləği öz əksini tapmışdır. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçıə ümumilikdə 6568 manat 60 qəpik borcu qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.

Tərəflərin izahatları:

3. İddiaçınə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş, 02 iyun 2025-ci il tarixdə nümayəndəsi X1 “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

5. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə şəxsi kabinetinə bildiriş yerləşdirilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

8. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2022-ci il tarixli Əmək müqaviləsindən görünür ki, Cavabdeh oglu müddətli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur.

9. 14 oktyabr 2022-ci il tarixli, 535 saylı əmrdən çıxarışından görünür ki, Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur.

10. 14 oktyabr 2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh 14 oktyabr 2022-ci il tarixdən müddətli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur.

11. 16 fevral 2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsi 14 oktyabr 2022-ci il tarixdən 14 mart 2023-cü il tarixədək bağlanmışdır. İşçi Baş satıcı vəzifəsinə keçirilmişdir.

12. 18 may 2023-cü il tarixli, 121 saylı əmrdən çıxarışından görünür ki, Cavabdeh 18 may 2023-cü il tarixdən Adminstrator vəzifəsinə keçirilmişdir.

13. 18 may 2023-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsi 14 oktyabr 2022-ci il tarixdən 14 iyun 2023-cü il tarixədək bağlanmışdır. İşçi Administrator vəzifəsinə keçirilmişdir.

14. 18 may 2023-cü il tarixli Maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləqin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür.

15. “Adminstratorun vəzifə təlimatı”ndan görünür ki, adminstrator sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşıyır, həmçinin ehtiyatsızlıq ucbatından və ya qəsdən hər hansı məhsulu satışa yararsız hala saldığına görə də məsuliyyət daşıyır (təlimatın 3.2 və 3.4-cü bəndləri).

16. 24 iyul 2023-cü il tarixli 145 nömrəli əmrdən görünür ki, “OBA-Yeni Yasamal 11” (414) mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların 24 iyul 2023-cü il tarixə olan vəziyyətinin yoxlamasını aparmaq məqsədi ilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının növbədənkənar yoxlamanın aparılması üçün işçi qrupu yaradılması əmr edilmiş, yoxlama müddəti 24 iyul 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixədək müəyyən edilmişdir.

17. 24 iyul 2023-cü il tarixli “İnventarizasiya nəticələrinə dair yekun Aktı”ndan görünür ki, “OBA-Yeni Yasamal 11” (414) mağazasının müdiri işləmiş maddi-məsul şəxs Cavabdeh 24 iyul 2023-cü il tarixli inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış mal-material qiymətərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış və 1456,21 manat məbləğində kəsrin olduğu müəyyən edilmişdir.

18. 24 iyul 2023-cü il tarixdə Cavabdeh tərəfindən imzalanmış “İltizamnamə”dən görünür ki, Cavabdeh ziyan vurma faktının aşkar olunduğu işçi qrupu tərəfindən öhdəsində olan malların sayımında tam iştirak etmiş, yoxlama işçi qrupunun rəhbəri tərəfindən ona aid hər hansı bir səhvliyə, uçotdan gizlətməyə və təhrif olunmuş məlumatlara bilərəkdən və ya bilmədən imza etdiyi aşkar olunarsa, bunlara görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacağı haqqında məlumatlandırılmışdır.

19. 17 oktyabr 2023-cü il tarixli 1869 nömrəli əmrdən görünür ki, “OBA-Yeni Yasamal 21” (1138) mağazasında administrator işləyən, maddi məsul şəxs Cavabdeh öhdəsində olan maddi ehtiyatların 17 oktyabr 2023-cü il tarixə olan vəziyyətinin yoxlamasını aparmaq məqsədi ilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının növbədənkənar yoxlamanın aparılması üçün işçi qrupu yaradılması əmr edilmiş, yoxlama müddəti 17 oktyabr 2023-cü il tarixdən 18 oktyabr 2023-cü il tarixədək müəyyən edilmişdir.

20. 17 oktyabr 2023-cü il tarixli “İnventarizasiya nəticələrinə dair yekun Aktı”ndan görünür ki, “OBA-Yeni Yasamal 21” (1138) mağazasının müdiri işləmiş maddi-məsul şəxs Cavabdeh 17 oktyabr 2023-cü il tarixli inventarizasiya siyahısı ilə təhvil-təslim tarixinə siyahıya alınmış mal-material qiymətərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış və 5599,95 manat məbləğində kəsrin olduğu müəyyən edilmişdir.

21. 17 noyabr 2023-cü il tarixli 156x saylı əmrdən çıxarışından görünür ki, Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir.

22. 17 noyabr 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir.

23. 02 may 2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh 6568,6 manat borcun 3 gün müddətində ödənilməsi tələb olunmuşdur.

24. 06 may 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlanması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 24 iyul 2023-cü il tarixində 1456,21 manat məbləğində, 17 oktyabr 2023-cü il tarixində isə 5599,95 manat məbləğində çatışmazlıq müəyyən edilmişdir. Yekun olaraq Cavabdeh 06 may 2024-cü il tarixinə İddiaçı MMC-nə olan ümumi borcu 6568,6 manat təşkil edir.

25. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 11 iyun 2024-cü il tarixli, MŞB/20/2024-00208 saylı arayışdan görünür ki, iddiaçı tərəf 11 iyun 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh iştirak etməmişdir. İddiaçı MMC ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir.

26. 03 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMC məhkəməyə müraciət etmək üçün 26 manat dövlət rüsumu ödəmişdir.

İşin faktiki halları:

27. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 14 oktyabr 2022-ci il tarixdə əmək müqaviləyə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 14 oktyabr 2022-ci il tarixli, 535 saylı əmrlə əmək müqaviləsinə dəyişiklik edilərək satıcı-kassir vəzifəsinə keçirilmişdir. 18 may 2023-cü il tarixli, 121 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, həmçinin "X2" haqqında müqavilə imzalanmışdır. 17 noyabr 2023-cü il tarixli 156x saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilmişdir. 24 iyul 2023-cü və 17 oktyabr 2023-cü il tarixlərdə Cavabdeh öhdəsində olan maddi ehtiyatların inventarizasiya aparılmışdır. İnventarizasiya (mağaza sayımı) nəticəsində cavabdehin “OBA-Yeni Yasamal 11” (414) mağazasının müdiri işlədiyi müddətdə 24 iyul 2023-cü il tarixli “İnventarizasiya nəticələrinə dair yekun Akta” əsasən 1456,21 manat məbləğində, “OBA-Yeni Yasamal 21” (1138) mağazasının müdiri işlədiyi müddətdə 17 oktyabr 2023-cü il tarixli “İnventarizasiya nəticələrinə dair yekun Akta” əsasən 5599,95 manat məbləğində kəsrinin olduğu müəyyən edilmişdir. İnventarizasiya nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMC-nə ümumi olaraq 6568,60 manat məbləğində zərər vurmuşdur. Hazırda iddiaçı 6568,60 manat məbləğində dəymiş maddi zərərin əvəzini cavabdehdən tələb edir.

Tətbiq edilən hüquq:

28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 11-ci maddəsində müəyyən edilmiş əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqları arasında işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək hüququ təsbit edilmişdir. 104-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X2 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmənin mövqeyi:

30. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

31. Məhkəmə hesab edir ki, əmək qanunvericiliyinə görə işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti işəgötürən və işçinin mülkiyyət hüququnun müdafiə üsullarından biri olmaqla hər iki tərəf öz vəzifələrinin təqsirli olaraq pozulmasına görə maddi məsuliyyət daşıyır və hər iki tərəfin qarşılıqlı maddi məsuliyyəti kompensasiya xarakterlidir.

32. İddiaçı pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı mülki hüquqi məsuliyyətinin “Hüququn konpensasiya funksiyası”ndan istifadə edərək mövcud iddia tələbi ilə çıxış edir. Bu funksiyanın əsas məqsədi hüquq pozma zamanı yaranan mənfi nəticələri aradan qaldırmaq vəzifəsinin həll edilməsindən ibarət olmaqla, konpensasiya funksiyasının həyata keçirilməsi vurulmuş zərərin əvəzinin ödənilməsinə xidmət edir.

33. İddiaçının tələbinin hüquqi əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təkil edir. Həmin maddənin dispozitiv şərtlərinə əsasən belə iddianın təmin olunması üçün - a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanunun tələbinə görə bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır.

34. Göründüyü kimi birinci şərt ziyanın həqiqətən vurulduğu aşkar olmalıdır.

35. Birinci şərtin mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlardan: cavabdehin 24 iyul 2023-cü il tarixdə “OBA-Yeni Yasamal 11” (414) mağazasında aparılmış “İnventarizasiya nəticələrinə dair yekun Akt”ından və 17 oktyabr 2023-cü il tarixdə “OBA-Yeni Yasamal 21” (1138) mağazasında aparılmış “İnventarizasiya nəticələrinə dair yekun Akt”ından müəyyən edillir ki, iddiaçıya mal çatışmamazlığı nəticəsində həqiqətən maddi ziyan dəymişdir.

36. İkinci şərt təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olmasıdır.

37. İlk növbədə məhkəmə hərəkət və ya hərəkətsizliyin qanuna zidd olmasının nədə ifadə olunmasına aydınlıq gətirilməsini zəruri hesab edir. Qanunvericiliyə görə hüquqazidd hərəkət dedikdə qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan davranış qaydalarını pozan və öz əksini qadağan edilmiş fəaliyyətdə, yaxud da lazımi fəaliyyətin göstərilməməsində tapan əməl başa düşülür. Hərəkətsizlik dedikdə isə şəxsin üzərinə düşən vəzifələri yerinə yetirmək imkanına malik olması və yerinə yetirməli olmasına baxmayaraq bunları etməməsi başa düşülür.

38. Əmək münasibətləri prosesində hərəkət və ya hərəkətsizliyin qanuna zidd olması işəgötürənin və işçinin əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi hallarında onların davranışının hüquqazidliliyində ehtiva olunur. Bu halların mövcudluğu isə işəgötürənin və ya işçinin maddi məsuliyyətinin yaranma əsası kimi çıxış edir. Bu baxımdan işəgötürənin və işçinin hərəkətinə (hərəkətsizliyinə) qiymət vermək üçün ilk növbədə onların əmək vəzifələrinin dairəsinin müəyyən olunması zəruridir.

39. Araşdırılan mübahisədən göründüyü kimi tərəflər əmək münasibətləri prosesinin iştirakçısı olmaqla cavabdehlə (işçi) əmək müqaviləsi və X2 müqaviləsi bağlanılmışdır.

40. 14 oktyabr 2022-ci il tarixli əmək müqaviləsinin 3-cü bəndindən görünür ki, işçi vəzifə təlimatına uyğun olaraq əmək funksiyalarını yerinə yetirməyi öhdəsinə götürür.

41. “Vəzifə Təlimatı”nın 3.2 və 3.4-cü bəndlərindən görünür ki, adminstrator sayım zamanı əskik gələn satış məhsullarına görə məsuliyyət daşıyır, həmçinin ehtiyatsızlıq ucbatından və ya qəsdən hər hansı məhsulu satışa yararsız hala saldığına görə də məsuliyyət daşıyır.

42. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh əvvəlcə kassir, sonra Cəmiyyətlə “X2 haqqından Müqavilə” bağlayaraq administrator vəzifəsinə keçirilmişdir.

43. İş materillarında olan 24 iyul 2023-cü il tarixdə Cavabdeh tərəfindən imzalanmış “İltizamnamə”dən görünür ki, Cavabdeh yoxlama işçi qrupunun rəhbəri tərəfindən ona aid hər hansı bir səhvliyə, uçotdan gizlətməyə və təhrif olunmuş məlumatlara bilərəkdən və ya bilmədən imza etdiyi aşkar olunarsa, bunlara görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacağı haqqında məlumatlandırılmışdır.

44. Belə olan halda, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş və maddi məsul şəxs olaraq ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasını təmin etmək üçün üzərinə düşən vəzifəni lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən mağazada aparılmış yoxlama nəticəsində kəsr müəyyən edilmişdir.

45. “X2 haqqından Müqavilə”nin 1.3-cü bəndinə görə maddi məsul şəxs ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir.

46. Lakin, Cavabdeh işlədiyi müddətdə vəzifə təlimatına uyğun olaraq mal uyğunsuzluğu ilə bağlı hesabatı, həmçinin həmin mal uyğunsuzluğu ilə bağlı yaranmış çatışmamazlığı barədə akt tərtib edərək rəhbərliyə təqdim etməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir.

47. Qeyd olunanlar məhkəməyə, işçi tərəfindən hərəkətsizlik edilməsi, əmək funksiyalarının lazımınca yerinə yetirilməməsi və “X2 haqqından Müqavilə”nin öhdəliklərinin pozulması nəticəsinə gəlməyə əsas verir.

48. Üçüncü şərt təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmasıdır.

49. İşin araşdırılan hallarından müəyyən edildi ki, iddiaçının maddi zərərə uğraması aşkardır. Həmin zərər işçinin (cavabdehin) işlədiyi yer üzrə kəsri səbəbindən yaranmışdır.

50. Həmçinin müəyyən edildi ki, işçi (cavabdeh) vəzifə təlimatını lazımınca yerinə yetirməyərək maddi məsul şəxs olaraq ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılmasını təmin etməmişdir.

51. Eləcə də iş materialları ilə müəyyən edilir ki, iddia olunan zərər cavabdehin işlədiyi dövrü əhatə etməklə, cavabdeh tərəfindən qəbul edilmiş məhsullara görə yaranmışdir.

52. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, işçinin (cavabdehin) vəzifə təlimatından irəli gələn əmək funksiyalarını lazımınca yerinə yetirməməsi nəticəsində iddiaçıya maddi zərər dəymişdir, yaranmış zərər işçinin hərəkəti və həkərətsizliyi ilə bağlıdır.

53. Göründüyü kimi qanunvericiliyin hər üç şərtinin olması sadalanan hallara əsasən aşkardır və bu baxımdan demək olar ki, iddiaçı haqlı olaraq ona dəymiş zərəri tələb edir.

54. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İddiaçınə 6568,60 manat məbləğində maddi zərər vurmuşdur.

Məhkəmə baxışının hədləri:

55. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmə xərcləri:

56. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu 26 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

57. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı əmlakına vuruğu ziyana görə ödənilməmiş 6568,60 manat məbləğində pul vəsaiti, mediasiya xərci üçün ödənilmiş 60 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 26 manat dövlət rüsumu tutularaq İddiaçı bank hesabına ödənilməlidir.

58. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə,

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh İddiaçı əmlakına vuruğu ziyana görə ödənilməmiş 6568,60 (altı min beş yüz altmış səkkiz manat altmış qəpik) manat məbləğində pul vəsaiti, mediasiya xərci üçün ödənilmiş 60 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 26 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar