Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-153/2024 11.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan (bundan sonra-L.p.o) İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbi barədə mülki işə, Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: L.p.o İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 fevral 2018-ci il tarixli NK-10-149370/009249 nömrəli kredit müqaviləsi üzrə 06 iyun 2023-cü il tarixə kredit üzrə cəmi 5221.58 ABŞ dolları borcun-bundan 3924.29 ABŞ dolları əsas, 1232.22 ABŞ dolları faiz borcunun, 0.72 ABŞ dolları cərimənin və 64.35 ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 108.77 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq L.p.o İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Lənkəran filialı ilə Cavabdeh2 arasında 12 fevral 2018-ci il tarixli NK-10-149370/009249 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 60 müddətinə, illik 8 faiz dərəcəsi ilə 4870 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 12 fevral 2018-ci il tarixli NK-10-149370/009249/1 zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1.1, 2.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh2 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və xx.xx.2022-ci il tarixli **********333 nömrəli, xx.xx.2022-ci il tarixli **********145 nömrəli və xx.xx.2023-cü il tarixli **********008 nömrəli bildirişlərin göndərilməsinə baxmayaraq, cavabdehlər kredit borcun banka ödənilməsi üçün heç bir tədbir görməmişlər. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 06 iyun 2023-cü il tarixə kredit üzrə cəmi borcu 5221.58 ABŞ dolları təşkil edir. Bundan 3924.29 ABŞ dolları əsas, 1232.22 ABŞ dolları faiz borcu, 0.72 ABŞ dolları cərimə və 64.35 ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz borcu təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın ekspertizanın təyin etdiyi məbləğdə təmin olunmasını xahiş etmişdir. 21 iyun 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək bildirmişdir ki, ekspertizanın rəyi ilə razı deyil. Cərimə borcunun azaldılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəblərini bildirməmişlər. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın məhkəmə aidiyyəti ilə bağlı məsələyə münasibətdə bildirir ki, kredit müqaviləsinin 1.1.1-ci maddəsindən görünür ki, kredit mikro kredit məqsədi ilə verilmişdir. Mikro kredit sahibkarlıq məqsədilə və ya istehlak məqsədi ilə də verilə bilər. Kredit götürən şəxs - Cavabdeh2 nə kredit götürülən vaxt, nədə ki, hal-hazırda fərdi sahibkar statusuna malik şəxs deyil (olmamışdır), fərdi sahibkar statusuna malik olmayan şəxsə sahibkarlıq məqsədi ilə kredit verilə bilməz. Göstərilən səbəblərdən işə ümumi məhkəmədə baxılmışdır. İş materiallarında olan: 12 fevral 2018-ci il tarixli NK-10-149370/009249 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh2 60 müddətinə, illik 8 faiz dərəcəsi ilə 4870 ABŞ dolları məbləğində kredit verilmişdir, Borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. 12 fevral 2018-ci il tarixli NK-10-149370/009249/1 zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. L.p.o İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 bildiriş göndərilməklə banka olan kredit borcunu qaytarmadığı halda yaranmış borcun tam şəkildə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Bildirişdə onların 06 yanvar 2023-cü il tarixə olan borcu 3924.29 ABŞ dolları əsas, 1152.03 ABŞ dolları faiz, 0.72 ABŞ dolları cərimə, cəmi borcu 5077.04 ABŞ dolları göstərilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırılması üçün 108.7 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Naziriyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 16 aprel 2024-cü il tarixli, 9/209 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 12 fevral 2018-ci il tarixli NK-10-149370/009249 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdehin İddiaçı ASC-nə olan borcu əsas kredit borcu 3938.85 ABŞ dolları, faiz borcu 1316.45 ABŞ dolları, faiz borcu 5 % ilə 64 ABŞ dolları təşkil edir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Məhkəmə iddiaçı iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. İşin faktiki halları və iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla müəyyən olunur ki, tərəflər arasında bağlanmış 12 fevral 2018-ci il tarixli NK-10- 149370/009249 saylı kredit müqaviləsi əsasında Cavabdeh2 60 müddətinə, illik 8 faiz dərəcəsi ilə 4870 ABŞ dolları məbləğində kredit vəsaiti verilmiş, həmin kreditin təminatı olaraq zaminlik müqaviləsi bağlanmışdır. Əsas borclu Cavabdeh2 öhdəliyini layiqincə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1. və 427.3.-cü maddələrinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.1.-ci maddəsinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1.,470.2. və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1.-472.3.-cü maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd olunan maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, Cavabdeh2 üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq, müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, müqavilə öhdəliklərinin şərtlərini pozmuşdur. Ona görə də zamin Cavabdeh1 üçün də mülki hüquqi məsuliyyət yaratmışdır. Odur ki, iddiaçı tələbində haqlıdır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdehlərin 3924.29 ABŞ dolları əsas, 1232.22 ABŞ dolları faiz, 0.72 ABŞ dolları cərimə və 64.35 ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz, cəmi 5221.58 ABŞ dolları, cavabdehə ünvanlanmış borcun ödənilməsi barədə bildirişdə 06 yanvar 2023-cü il tarixə olan 3924.29 ABŞ dolları əsas, 1152.03 ABŞ dolları faiz, 0.72 ABŞ dolları cərimə, cəmi borcu 5077.04 ABŞ dolları, Azərbaycan Respublikası Ədliyyə Naziriyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 16 aprel 2024-cü il tarixli, 9/209 saylı ekspert rəyində 3938.85 ABŞ dolları, faiz borcu 1316.45 ABŞ dolları, faiz borcu 5 % ilə 64 ABŞ dolları göstərilmişdir. Lakin iddiaçı iddia tələbində iddia ərizəsində qeyd edilən 3924.29 ABŞ dolları əsas, 1232.22 ABŞ dolları faiz, 0.72 ABŞ dolları cərimə və 64.35 ABŞ dolları kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış faiz, cəmi 5221.58 ABŞ dolları borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, cavabdehə ünvanlanmış borcun ödənilməsi barədə bildirişdə göstərilən 06 yanvar 2023-cü il tarixə olan 3924.29 ABŞ dolları əsas, 1152.03 ABŞ dolları faiz, 0.72 ABŞ dolları cərimə, cəmi borcu 5077.04 ABŞ dolları borcu götürülməklə iddiaya qiymət verilməlidir. Odur ki, iddia 3924.29 ABŞ dolları əsas, 1152.03 ABŞ dolları faiz, 0.72 ABŞ dolları cərimə, cəmi borcu 5077.04 ABŞ dolları həcmində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclaslında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 1505-ci il tarixli 4№-li Plenum Qərarının 10-cu maddəsində göstərilir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan ABŞ dolları məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat məbləğində ekspertiza xərci cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** X1 KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə L.p.o İddiaçı ASC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 108.77 manat məbləğində pul vəsaitinin 106.31 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 2.46 manatı isə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3924.29 ABŞ dolları əsas, 1152.03 ABŞ dolları faiz, 0.72 ABŞ dolları cərimə, cəmi borcu 5077.04 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 108.77 manat məbləğində pul vəsaitinin 106.31 manat məbləğində hissəsi, cavabdehlərdən müştərək qaydada tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. 100 (bir yüz) manat ekspertiza xərci Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-153/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-153/2024
11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver