Məhkəmə qərarları › İş №e-2(050)-156/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-156/2023

16.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-156/2023 16.01.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Atakişiyev Mehrəli Mahir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" X1 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" X4 Cavabdeh "xxxx" X2 vurulmuş maddi ziyandan qalıq qalan 1392 manat pul tələb edir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh “Toyuota Prius (Hyibrid) minik” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" X2 məxsus 1 ədəd “Palermo” tipli işıq dirəyini, 1 ədəd çırağını və işıq dirəyinin özül hissəsini sıradan çıxararaq müəssisəyə 6392 manat maddi ziyan vurmuşdur. Hadisə ilə bağlı Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2021-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh tanınmışdır. Cavabdeh tərəfindən idarə edilən nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası “Dövlət Sığorta Kommersiya” şirkəti tərəfindən sığortalanmış və həmin şirkət Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına 5000 manat sığorta ödənişi ödəmişdir. Lakin dəymiş ziyandan qalıq olaraq qalan 1392 manat pul ödənilməmişdir. Həmin məbləğin ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, hazırki vaxtadək 1392 manat dəymiş ziyan ödənilməmişdir. Odur ki, "xxxx" X2 vurulmuş maddi ziyandan qalıq qalan 1392 manat pulun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsi xahiş olunur. İddiaçı "xxxx" X2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, lakin nümayəndə X3 ərizə ilə müraciət edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını haqlı hesab etmişdir. Həmin maddəyə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarında olan və tərəflərin tələbini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh “Toyuota Prius (Hyibrid) minik” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində idarə edərkən yol nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli protokol tərtib edilmişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. "xxxx" X1 03 noyabr 2021-ci il tarixli aktından və smetadan görünür ki, həmin tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Müəssisəyə məxsus “Palermo” tipli işıq dirəyi və çuqun altlıq sıradan çıxmış və müəssisəyə ümumilkdə 6392 manat maddi ziyan dəymişdir. Sığorta ödənişi ilə bağlı 212687/2021 saylı aktdan görünür ki, “Dövlət Sığorta Kommersiya” şirkəti tərəfindən Bakı şəhər İcra Hakimiyyəti "xxxx" X1 bank hesabına 5000 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2 və 21.3-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1. və 1097.1.-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə göstərilən maddi hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək qeyd edir ki, Cavabdeh qanuna zidd əməlinin olması, tələb olunan maddi ziyanla onun qanunazidd əməli arasında səbəbli əlaqənin olması iş materiallarında olan mötəbər və təkzibolunmaz sübutlarla təsdiq olunur. Belə ki bu hal Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokol və xx.xx.2021-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarda öz təsdiqini tapmışdır. Ona görə də dəymiş ziyanın tam aradan qaldırılması üçün 1392 manat cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1392 manat maddi ziyan alınaraq iddiaçı "xxxx" X1 hesabına, dövlət rüsumuna görə 33,92 manat alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar