Məhkəmə qərarları › İş №e-2(050)-1612/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1612/2024

08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1612/2024 08.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı ləğv prosesində olan (bundan sonra L.P.O) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun qaytarılması tələbi barədə mülki işə, Masallı rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı L.p.o "xxxx" Açıq Səhmdar Cəmiyyəti kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3204.88 manat əsas, 556.67 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 450.90 manat faiz borcunun cəmi 4212.45 manat borcun və iş üzrə ödənilmiş 62.13 manat dövlət rüsumunun alınaraq iddiaçı "xxxx"ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 etiraz ərizəsinə əsasən məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə araşdırması tələb olunduğu üçün iş üzrə iddia icraatına keçirilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 31 may 2019-cu il tarixli 08/0544/KBK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh2 və Cavabdeh1 ilə Bank arasında 31 may 2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********584 saylı xx.xx.2024cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 4212.45 manat təşkil edir. Bundan 3204.88 manat əsas, 556.67 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 450.90 manat faiz borcu təşkil edir. İddiaçının nümayəndəsi Nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək bildirmişdir ki, onun banka təxminən 3200 manat əsas borcu qalmışdır. Lakin borcunu ödəmək istəyərkən bank əməkdaşları onun əsas borcunun üzərinə əlavə faizlərin və cərimələrin gəlməsini bildirmişlər. Bu səbəbdən də bankla razılaşmadığından borcunu ödəməmişdir. Əvvəllər də bank ləğbv edilməmişdən öncə aylıq kredit borcunu həmişə ödəmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 31 may 2019-cu il tarixli 08/0544/KBK saylı krеdit müqaviləsindən görünür ki, Cavabdeh3 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. 31 may 2019-cu il tarixli 08/0544/KBK saylı zaminlik müqavilələrindən görünür ki, kredit müqaviləsi üzrə əsas borclunun öhdəliklərinin icrasını təmin еtmək məqsədilə zaminlər olan digər Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmış, onlar zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. 31 may 2019-cu il tarixli ödəniş qrafikindən görünür ki, müqavilə üzrə son ödəniş müddəti 31 may 2021-ci il tarixidir. Maliyyə aryışından görünür ki, Cavabdeh3 12 mart 2024-cü il tarixə 3204.88 manat əsas borc, 556.67 manat faiz borcu, 450.90 manat gecikdirilmiş vaxt üçün faiz borcunun olmaqla, cəmi 4212.45 manat borcu yaranmışdır. Bildirişdən görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Borcun ödənilmədiyi tədqirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, onun hazırki vaxtadək banka əsas borcdan 3204.88 manat borcu qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 may 2020-ci il tarixli, 2- 3(103)-131/2020 saylı qərarının surətindən görünür ki, bank müflis elan edilmiş və banka Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Ödəniş qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırılması üçün 62.13 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İşin faktiki hallarına, tədqiq olunmuş mötəbər və təkzibolunmaz sübutlara əsasən Cavabdeh3 31 may 2019-cu il tarixli 08/0544/KBK saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit vəsaitinin verilməsi və həmin kreditin təminatı olaraq zaminlik müqavilələrinin bağlanması, eləcə də əsas borclu Cavabdeh3 öhdəliyini layiqincə yerinə yetirməməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.2.-ci maddələrinə əsasən aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: -öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; -icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər boclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər üzrə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göstərilən maddi hüquq normalarını məhkəmə iddianın qanuni əsası kimi tətbiq edərək qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh üçün həmin müqavilə əsasında borclu kimi mülki hüquq və vəzifələr yaranmışdır. Cavabdeh3 kredit müqaviləsi üzrə borcun ödənilməsi müddəti başa çatdıqdan və öhdəliyin yaranmasından sonra ona edilən xəbərdarlıqlara baxmayaraq, müqavilə öhdəliklərini layiqincə yerinə yetirməmiş, bunun da nəticəsində borcu yaranmışdır. Beləliklə məhkəmə iddianın əsaslı hissəsində ödənilməli olan pul məbləğini müzakirə edərək qeyd edir ki, əsas borca görə 3204.88 manat, faiz borcu üzrə 556.67 manat, cəmi 3761.55 manat pul banka ödənilməlidir. Məhkəmə gecikdirilmiş vaxt üçün illik 5 % hesablanan 450.90 manat faiz tələbinə münasibətdə qeyd edir ki, həmin tələb maddi ziyan mahiyyəti daşıyır. İddiaçının tələb etdiyi cərimə pulu isə dəyən ziyanı əvəzləmək məqsədi daşıyır. Bundan başqa Mülki Məcəllənin 445.7.-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi həmin ziyanın yaranmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Ona görə də məhkəmə həmin tələbi əsassız hesab edir. Məhkəmə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə qeyd edir ki, onların öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqavilələrindən görünür ki, əsas öhdəliyin icrası vaxtı 31 may 2021-ci il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı 31 may 2022-ci il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminlərə qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında Qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə L.p.o "xxxx" ASC məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 62.13 manat məbləğində pul vəsaitinin 57.62 manat məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 4.51 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia tələbi cavabdeh X1 münasibətdə qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3 əsas borca görə 3204.88 manat, faiz borcu üzrə 556.67 manat, cəmi 3761.55 manat və dövlət rüsumu kimi ödənilmiş 62.13 manat məbləğində pul vəsaitinin 57.62 manat məbləğində hissəsi tutularaq L.P.O "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar