Məhkəmə qərarları › İş №e-2(050)-1619/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1619/2024

01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1619/2024 01.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X2 Ağabala oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı L.p.o "xxxx" ASC-nin L.Ə.S.F-nin (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 (bundan sonra-cavabdeh) qarşı borc tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı L.p.o "xxxx" ASC-nin L.Ə.S.F cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 2059.13 ABŞ dolları - bundan 779.68 ABŞ dolları əsas, 259.33 ABŞ dolları faiz, 907.26 ABŞ dolları cərimə, kredit müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 112.86 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 55.01 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq L.p.o İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında verdiyi izahatında tələbi onunla əsaslandırdı ki, İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədləri ilə borcluya 24 ay müddətinə, illik 25.5 faiz ödəmək şərti ilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca icrasını təmin etmək məqsədi ilə digər borclular Cavabdeh3 və Cavabdeh2 ilə iddiaçı arasında 14 sentyabr 2015-ci il tarixli, 400007553/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə görə zamin və borclu kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Kredit müqaviləsi üzrə tərəflər arasında bağlanmış 05 may 2017-ci il tarixli, 01 nömrəli Əlavə Sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 3134.69 ABŞ dolları təşkil etmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 2322.12 ABŞ dolları əsas borc, 626.53 ABŞ dolları faiz, 186.04 ABŞ dolları cərimə təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış və illik 9 faiz şərti təyin olunmuşdur. Əlavə Sazişə əsasən digər borclular Cavabdeh3 və Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq öhdəliklərinin icra edilməsindən yayınmışlar. Odur ki, iddianın tam təmin olunmasını xahiş edir. Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Masallı filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 sentyabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən istehlak məqsədləri ilə borcluya 24 ay müddətinə, illik 25.5 faiz ödəmək şərti ilə 3000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Bankla cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 14 sentyabr 2015-ci il tarixli, 400007553/ZM saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər 14 sentyabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 Bank qarşısında olan öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 may 2017ci il tarixli, 01 nömrəli əlavə sazişdən görünür ki, 14 sentyabr 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə dəyişikliklər olmuş və müqavilənin müddəti xx.xx.2021-ci il tarixədək uzadılmış və illik 9 faiz şərti təyin olunmuşdur. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış 05 may 2017-ci il tarixli, 01 nömrəli əlavə sazişdən görünür ki, zaminlər kredit müqaviləsinin dəyişdirilmiş şərtləri ilə razılaşmışlar. İş materiallarında olan L.p.o İddiaçı ASC tərəfindən verilən xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan borcu 779.68 ABŞ dolları əsas, 259.33 ABŞ dolları faiz, 907.26 ABŞ dolları cərimə, kredit müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 112.86 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2059.13 ABŞ dolları təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki Məcəlləyə müvafiq olaraq borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd edilmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Konstitusiya Məhkəməsi Plenumunun 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsindən irəli gələn dəbbə pulu tələbi tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 10 ABŞ dolları məbləğində saxlanılmalıdır. Məhkəmə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə qeyd edir ki, öhdəliyi zaminliklə təmin olunmuş əsas öhdəliyin yarandığı andan əmələ gəlmişdir. Kredit və zaminlik müqaviləsindən görünür ki, əsas öhdəliyin icrası vaxtı xx.xx.2021-ci il tarixdə çatmış, lakin kreditor olaraq iddiaçı xx.xx.2024-cü il tarixə qədər icra edilməmiş öhdəlik üzrə zaminlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia irəli sürməmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4.-cü maddəsinə görə zaminliyə qanunun imperativ tələbi əsasında xitam verilmişdir. Həmin maddədə qeyd olunur ki, zaminlik müqaviləsində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Burada bir illik müddətin müəyyən olunmasında qanunun məqsədi, vicdanlılıq pinsipinə əsasən zaminin kreditor və borclu şəxsə nisbətən birtərəfli və əvəzsiz olaraq heç bir qarşılıqlı məqsəd güdmədən məsuliyyət altına girərək gələcəkdə yarana biləcək öhdəliyi təmin etməsi baxımından onu qorumaqdır. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə iddia tələbi əsassızdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 779.68 ABŞ dolları əsas, 259.33 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, kredit müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 112.86 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1161.87 ABŞ dolları (ödəmə günü azərbaycan manatı məzənnəsi ilə) məbləğində borc və 55.01 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı L.p.o "xxxx" ASC-nin L.Ə.S.F-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 779.68 ABŞ dolları əsas, 259.33 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, kredit müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 112.86 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1161.87 ABŞ dolları (ödəmə günü azərbaycan manatı məzənnəsi ilə) məbləğində borc və 55.01 manat məbləğində dövlət rüsumu tutularaq L.p.o İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar