Məhkəmə qərarları › İş №e-2(050)-1657/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1657/2025

08.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1657/2025 08.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya satılmış malın (yağ nasosu və ona bağlı ehtiyat hissələri) qüsurları nəticəsində iddiaçıya dəymiş ümumilikdə 2766 manat zərərin, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 manat, dövlət rüsumu kimi ödənilmiş 48 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 12 aprel 2025-ci il tarixdə “Şassi” avtomobil ehtiyat hissələri mağazasından (hüquqi adı: Cavabdeh MMC) özünə məxsus “X1” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün yağ nasosu almışdır. 14 aprel 2025-ci il tarixində həmin yağ nasosu avtomobilə quraşdırılmış, maşın servisdən təhvil alındıqdan sonra cəmi 15-20 dəqiqə hərəkətdə olarkən mühərrik qızdırmış, avtomobil iddiaçı tərəfindən dayandırılaraq mühərrik söndürülmüş və bundan bilavasitə sonra maşını (mühərriki) işə salmaq mümkün olmamışdır. İddiaçı tərəfindən evakuator çağırılaraq avtomobil avtoservisə aparılmış və orada texniki baxış keçirilərkən müəyyən olunmuşdur ki, yağ nasosunun qüsurlu olması səbəbindən mühərrikə yağ getməmiş və nəticədə nəqliyyat vasitəsinin mühərriki sazlığı tamamilə pozulmuşdur. Belə ki, nəqliyyat vasitəsinin işlək vəziyyətə gətirilməsi üçün ustanın zəhmət haqqı 700 manat, ehtiyat hissələrinin (kolsa standart 120 manat, şatun kladiş standart 72 manat, karinoy kladiş standart 60 manat, val standart 800 manat, yağ nasosu (orjinal) 300 manat, prakladka dəst 280 manat, germetika 10 manat, mühərrik yağı filtri 70 manat, antifiriz 24 manat, yağ datçiki 25 manat, valın ayparası 15 manat) dəyişdirilməsi vacibdir. Qeyd olunanlardan göründüyü kimi “Şassi” avtomobil ehtiyat hissələri mağazasından (hüquqi adı: Cavabdeh MMC) alınan yağ nasosundakı qüsur nəticəsində yaranmış problemin həll edilməsi üçün iddiaçıya 2476 manat maddi ziyan dəymişdir. Həmçinin, qüsurlu yağ nasosunun avtomobilə quraşdırılması üçün usta zəhmət haqqı 200 manat, nasaz vəziyyətdə olan avtomobilin ustaya aparılması üçün evakuator xidmətinə isə 90 manat pul iddiaçı tərəfindən ödənmişdir. Göründüyü kimi cavabdeh tərəfindən satılmış malın qüsurları nəticəsində iddiaçıya ümumilikdə 2766 manat zərər dəymişdir. Odur ki, məhkəməyə müraciət edilmişdir. Cavabdeh nümayəndəsi Vəkil2 iddia ərizəsinə qarşı etirazında göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" MMC-nə qarşı maddi zərərin, məhkəmə xərclərinin və hüquqi xidmət üçün ödənilmiş məbləğin ödənilməsinə dair tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Cavabdeh MMC nəqliyyat vasitələrinin ehtiyat hissələrinin, sürtgü materiallarının və aksesuarların satışının həyata keçrilməsi ilə əlaqədar olaraq ticarət fəaliyyəti ilə məşğul olur. İddiaçı cavabdehə münasibətdə nəqliyyat vasitəsinin ehtiyat hissəsinin alıcısı qismində iştirak etməsi göstərilmişdir. Mülki iş materiallarına əlavə edilmiş malların satışına dair qəbzdən göründüyü kimi "ŞASSİ" Mərkəz BMW "xxxx" MMC-yə məxsus mağazadan xx.xx.2025-ci il tarixdə "İsmail Usta" adlı şəxsin 1 ədəd Yağ Nasosu 21350-"E74Ü GRNUTİNE PARTS.31-49 1 ədəd 380 manata, Prokladka qabaq SALNİK 21355-2E021 GENUİNE 1 ədəd 10 manata, Prokladka qabaq salnik 21356-2E02İ GENUİNE PARTS 1G-155 3 U-74 1 ədəd 10 manata cəmi 400 manat məbləğində ehtiyat hissələri alınmışdır. Həmçinin kassa çekində qeyd olunmuşdur ki, satılan mallar 14 gün ərzində çek təqdim edilməklə (istifadə olunmamaq və malın əmtəə görünüşünün pozulmaması şərtilə) dəyişdirilə və ya qaytarıla bilər. Malların satış qəbzindən göründüyü kimi İddiaçı cavabdeh "xxxx" MMC-nə məxsus mağazadan hər hansı bir ehtiyat hissəsini almamışdır. Eyni zamanda iddiaçı tərəfindən ona məxsus avtomaşının təmirə verilməsi ilə bağlı avtomaşının texniki vəziyyəti, maşının nasazlığının səbəbləri müəyyən olunmamışdır. Təmirin icrası üçün zəruri olan qüsur aktı tərtib olunmamışdır. Müqavilə və ya digər sənəd (sifariş-tapşırıq, qəbz və ya başqa sənəd) tərtib olunmamışdır. İsmayıl usta adlı şəxslə "Sektor-M” MMC arasında olan münasibət "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənməlidir. İsmayıl usta adlı şəxs “ŞASSİ" Mərkəz BMW" "xxxx" M.V1C mağazasından xx.xx.2025-ci il tarixdə aldığı 1 ədəd Yağ Nasosu, Prokladka qabaq 1 ədəd, Prokladka qabaq salnik 1 ədəd malları bağlı vəziyyətdə olmuş, istehsalçıya aid göstəriciləri yağ nasosunun qoyulduğu qutuda əks etdirilməklə alıcıya təhvil verilmişdir. Alıcı tərəfindən yağ nasosun yararsız olmasına dair hər hansı bir etiraz bildirilməmişdir. Həmçinin, İddiaçı tərəfindən iddia ərizəsinə nəqliyyat vasitəsinin yararsız vəziyyətə düşməsi və işlərin görülməsi, ehtiyat hissələrinin dəyişdirilməsinin vacibliyinə dair 15 aprel 2025-ci il tarixli “Qüsur aktı" tərtib edilmişdir. Qüsur aktında “Hyundai Elantra” minik markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı **-EP-*** göstərilmişdir. Nəqliyyat vasitəsinin Evakuator AZ MMC tərəfindən tərtib olunmuş mədaxil qəbzində "X1" markalı nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı **-EP-*** göstərilmişdir. İddiaçı tərəfindən ona dəymiş maddi zərərin real olaraq hansı dövlət qeydiyyat nişanı olan nəqliyyat vasitəsitəsinə dəyməsini təsdiq edən sənəd iş materiallarına əlavə olunmamışdır. Tərəflər arasında yaranmış münasibətlər alqı-satqı münasibətləri olmuşdur. Cavabdeh MMC tərəfindən iddiaçıya hər hansı bir qüsurlu mal satılmamışdır. Yaxud satılmış yağ nasosunda və digər ehtiyat hissələrində hər hansı bir qüsur olmamışdır. Əgər yağ nasosunda və digər ehtiyat hissələrində hər hansı bir qüsur olması aşkar edildiyi halda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7ci maddəsinin 1-ci hissəsinə əsasən alıcı aldığı malda qüsur və ya saxtalaşdırma aşkar etmişdirsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir, lazımi keyfiyyətli mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini, malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini, müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Hazırkı mülki mübahisəyə dair iddia ərizəsindən göründüyü kimi İddiaçı özünə məxsus "X1" markalı, **-EP-*** dövlət nömrə nişanı olan nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi ilə əlaqədar yaranmış münasibətlər nəticəsində ona vurulmuş maddi zərərin ödənilməsini tələb etmişdir. İddia ərizəsindən və mülki iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, İddiaçı “X1" markalı, **-EP-*** dövlət nömrə nişanı olan nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi üçün Bakı şəhəri, Mikayıl Əliyev küçəsində yerləşən Kazımov Elvin adlı şəxsin işlədiyi servisə aparmışdır və Kazımov Elvin tərəfindən akt tərtib olunmuşdur. Bakı şəhəri, Mikayıl Əliyev küçəsində yerləşən servisdə işləyən Kazımov Elvin adlı şəxs tərəfindən nəqliyyat vasitəsinə xidmət göstərən şəxslər tərəfindən yuxarıda qeyd edildiyi kimi Əsasnamənin aşağıda qeyd edilən tələblərinə əməl edilməmişdir. Əsasnamənin 2.1-ci bəndinə görə icraçı öz təşkilatının adını, yerləşdiyi yeri (hüquqi ünvanını) və iş rejimini istehlakçının nəzərinə çatdırmalıdır. Göstərilən məlumatlar təşkilatın adını bildirən lövhədə yerləşdirilir. İcraçı onu qeydiyyata almış orqanın adı göstərilməklə, dövlət qeydiyyatı haqqında istehlakçıya onun tələbi ilə məlumat verməlidir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin onun nümayəndəsi Vəkil1 məhkəməyə elektron qaydada müraciət edərək göstərmişdir ki, “Auto Azərbaycan” şirkəti Azərbaycan Respublikasında “Hyundai” avtomobil markasının rəsmi eksklüziv distribütorudur. Həmin şirkətdən bildirilmişdir ki, xüsusi bilik tələb edən məsələlərlə bağlı mütəxəssisin cəlb edilməsi və ya mütəxəssis rəyinin təqdim edilməsi üçün məhkəmə tərəfindən onlara rəsmi "mütəxəssis rəyinin təqdim edilməsi" barədə qərardad qəbul edilərək göndərilməlidir. Üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. Məhkəmə iclasının onların iştirakı olmadan keçirərək vəsatətlərinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin əvvəlki məhkəmə iclaslarında iddiaçı, onun nümayəndəsi vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Həmçinin iddiaçının nümayəndəsi Vəkil1 vəsatətlə məhkəməyə müraciət edərək ekspertizanın keçirilməsi üçün qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 172.1. İşə ağlabatan müddətdə, lakin ərizə məhkəməyə daxil olduğu vaxtdan aşağıdakı müddətlərdən gec olmayaraq baxılmalı və işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır: 172.1.1 işə bərpa, aliment tutulmasına dair işlərə - 2 ay; 172.1.2 ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə - 3 ay; 172.1.3. digər mübahisələrə dair işlərə - 4 ay müddətində. 172.2. İşdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu Məcəllənin 172.1.3-cü maddəsində nəzərdə tutulmuş müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətə uzadıla bilər. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin cavabdehin nümayəndəsi Vəkil2 etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfin vurulmuş maddi zərərin ödənilməsi tələbi üzrə verdiyi vəsatətin təmin edilməməsini xahiş etmişdir. Məkəmə işə iddiaçının və nümayəndəsinin, cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Malın satılması və alınan malın pulun ödənilməsi barədə xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, Cavabdeh MMC-nin “Şassi” Mərkəz BMW filialından 380 manat dəyərində yağ nasosu, 2 ədəd salnikdən ibarət ehtiyat hissələri alıcıya 400 manata satılmış, 400 manat pul alıcı tərəfindən ödənilmişdir. Satış qəbzində alıcının adı hissəsində İsmayıl usta qeyd edilmişdir. "xxxx" MMC-nin 14 aprel 2025-ci il tarixli, 647016 nömrəli mədaxil qəbzindən görünür ki, “Hyundai Elantra” markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobilin daşınması üçün 90 manat ödəniş edilmişdir. Avtomobil təmiri ilə məşğul olan Elvin Kazımov tərəfindən tərtib edilmiş 15 aprel 2025ci il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus “Hyundai Elantra” markalı, ** EP *** dövlət qeydiyyat nişanlı avtomobil mühərrikin yağ nasosunda baş vermiş nasazlıq səbəbindən onun avtomobil təmiri ilə məşğul olduğu servisə gətirilmişdir. Avtomobilə servis kartı əsasında texniki baxış keçirilmiş və ustanın zəhmət haqqı 700 manat olmaqla, ehtiyat hissələrinin (kolsa standart 120 manat, şatun kladiş standart 72 manat, karinoy kladiş standart 60 manat, val standart 800 manat, yağ nasosu (orjinal) 300 manat, prakladka dəst 280 manat, germetika 10 manat, mühərrik yağı filtri 70 manat, antifiriz 24 manat, yağ datçiki 25 manat, valın ayparası 15 manat) dəyişdirilməsinin vacib olması qeyd edilmişdir. Xidmət haqqı 700 manat, ehtiyat hissələri 1776 manat, cəmi 2476 manat. Mobil tətbiq vasitəsilə ödənilmiş **********9 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə İsmayıl Ç... adlı səxsin bank kartına 200 manat pul göndərilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 48 manat dövlət rüsumu ödəmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, QXM/491M saylı qiymətləndirmə hesabatından görünür ki, cavabdeh tərəfindən iddiaçıya satılmış malın (yağ nasosu və ona bağlı ehtiyat hissələri) qüsurları nəticəsində “X1” markalı **-EP-*** dövlət qeydiyat nişanlı avtomobilə dəymiş ziyan məbləği 700 manat xidmət haqqı, 1776 manat ehtiyat hissələrinin qiyməti olmaqla, cəmi 2476 manat müəyyən edilmişdir. Qiymətləndirmənin keçirilməsi ilə bağlı xidmət haqqı 354 manat təşkil edir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İşin hallarından görünür ki, tərəflər arasında yaranmış münasibətlər alqı-satqı münasibətləri olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1 hissəsinə görə istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Cavabdeh MMC tərəfindən iddiaçıya hər hansı bir qüsurlu mal satılmamışdır. Yaxud satılmış yağ nasosunda və digər ehtiyat hissələrində hər hansı bir qüsur olmamışdır. Əgər yağ nasosunda və digər ehtiyat hissələrində hər hansı bir qüsur olması aşkar edildiyi halda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 7ci maddəsinin 1-ci hissəsinə əsasən alıcı aldığı malda qüsur və ya saxtalaşdırma aşkar etmişdirsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə görə satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi İddiaçı özünə məxsus “X1” markalı, **-EP-*** dövlət nömrə nişanı olan nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi ilə əlaqədar yaranmış münasibətlər nəticəsində ona vurulmuş maddi zərərin ödənilməsini tələb etmişdir (Mülki Məcəllənin 14.2.6-cı maddəsi ilə yaranan mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasına görə). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1129.2-ci maddəsinə görə işin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir. «Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında nümunəvi Əsasnamə»nin 4.4-cü bəndi ilə müəyyən edilmişdir ki, texniki-təmir sahələri (icraçı) ilə sifarişçi (istehlakçı) arasında olan münasibətlər həmin Əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 oktyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında” Əsasnamənin 1-ci bəndi ilə müəyyən edilmişdir ki, bu Əsasnamə Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi qaydalarını müəyyən edir, nəzərdə tutulan xidmətlərin həyata keçirilməsi zamanı istehlakçılar və icraçılar arasında yaranan münasibətləri tənzimləyir. Əsasnamənin 1.2-ci bəndinə görə istehlakçı nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsini sifariş verən fiziki və yaxud hüquqi şəxsdir. Əsasnamənin 1.3-cü bandinə görə icraçı mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq nəqliyyat vasitələrinin texniki xidməti üzrə fəaliyyət göstərən hüquqi şəxs, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Əsasnamənin 1.4-cü bəndinə görə texniki xidmət nəqliyyat vasitələrinin təmirindən və texniki qulluğundan ibarət olmaqla, nasazlıqların aşkar edilib aradan qaldırılmasına, eləcə də etibarlı və təhlükəsiz istismarına, həmçinin ekoloji yararlığına yönəldilmiş kompleks tədbirlərdir. Əsasnamənin 1.5-ci bəndi ilə müəyyən edilmişdir ki, texniki xidmət göstərilmiş texniki xidmətin təyin edilmiş müddət ərzində təhlükəsiz nəticələrinə və çatışmazlıqların ödənişsiz aradan qaldırılmasına təminat verən icraçının maddi və hüquqi məsuliyyətini nəzərdə tutur. İddia ərizəsi və iş materialları ilə müəyyən olunur ki, İddiaçı “X1” markalı, **-EP-*** dövlət nömrə nişanı olan nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsi üçün Bakı şəhəri, Mikayıl Əliyev küçəsində yerləşən Kazımov Elvin adlı şəxsin işlədiyi servisə aparmışdır və Kazımov Elvin tərəfindən akt tərtib olunmuşdur. Bakı şəhəri, Mikayıl Əliyev küçəsində yerləşən servisdə işləyən Kazımov Elvin adlı şəxs tərəfindən nəqliyyat vasitəsinə xidmət göstərən şəxslər tərəfindən yuxarıda qeyd etdiyi Əsasnamənin aşağıda qeyd etdiyi tələblərinə əməl edilməmişdir. Əsasnamənin 2.1-ci bəndinə görə icraçı öz təşkilatının adını, yerləşdiyi yeri (hüquqi ünvanını) və iş rejimini istehlakçının nəzərinə çatdırmalıdır. Göstərilən məlumatlar təşkilatın adını bildirən lövhədə yerləşdirilir. İcraçı onu qeydiyyata almış orqanın adı göstərilməklə, dövlət qeydiyyatı haqqında istehlakçıya onun tələbi ilə məlumat verməlidir. Əsasnamənin 2.2-ci bəndinə görə icraçı göstərilən texniki xidmətlər haqqında istehlakçıya müqavilə bağlananadək düzgün seçmə imkanı verən məlumat verməlidir. Bu məlumat sifariş qəbul edilən otaqda, yaxşı görünən yerdə olmaqla aşağıdakıları əks etdirməlidir: 2.2.1. göstərilən texniki xidmətlərin siyahısı; 2.2.2. göstərilən texniki xidmətlərin tələblərinə uyğun olan standartların adları; 2.2.3. mütləq sertifikatlaşdırma tələb edən xidmətlərin sertifikatlaşdırılması haqqında məlumat (sertifikatın nömrəsi, qüvvədə olma müddəti, sertifikatı verən orqanın adı); 2.2.4. göstərilən texniki xidmətlərin, həmçinin istifadə edilən materialların və ehtiyat hissələrinin qiyməti, ödəniş qaydaları və üsulları; 2.2.5. respublika qanunları və başqa normativ-hüquqi aktları, yaxud müqavilə ilə təyin edilmiş təminat müddətləri; 2.2.6. sifarişlərin yerinə yetirilməsi müddətləri. 2.2.7. Əsasnamənin 2.10-cu bəndinə görə texniki xidmət göstərilməsi üçün müqavilə yazılı formada bağlanılır. 2.2.8. Əsasnamənin 2.11-ci bəndinə görə istehlakçının iştirakı ilə göstərilən xırda texniki xidmətlər (şinlərin doldurulması, diaqnostika işləri, yuma, yağlama, texniki qulluğun və təmirin bəzi növləri) üçün müqavilənin əvəzinə qəbz, jeton, talon, kassa çeki və s. verilə bilər. 2.2.9. Əsasnamənin 2.14-cü bəndi ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitələrinin təmiri üçün istehlakçının verdiyi ehtiyat hissələri və materiallar qüvvədə olan normativ sənədlərin tələblərinə cavab verməlidir. Əgər onların məcburi sertifikatlaşdırılması nəzərdə tutulmuşdursa, sertifikatlaşma haqqında sənəd olmalıdır. 2.2.10. İstehlakçı tərəfindən ehtiyat hissələrinin və materialların verilməsi haqqında icraçı və istehlakçı arasında bağlanmış müqavilədə (sifariş-tapşırıq, qəbz və ya başqa sənəddə), həmçinin təhvil-təslim aktının bütün nüsxələrində dəqiq adları və qiymətləri göstərilməklə qeydlər aparılır. 2.2.11. Əsasnamənin 2.16-cı bəndinə əsasən aşağıdakılar aşkar edildikdə, icraçı dərhal istehlakçını xəbərdar etməli və ondan göstəriş alanadək texniki xidmət göstərilməsini dayandırmalıdır: 2.16.1. istehlakçıdan alman ehtiyat hissələri və materiallar yararsız və keyfiyyətsiz olduqda; 2.16.2. göstərilən texniki xidmətlər haqqında istehlakçının göstərişlərinin yerinə yetirilməsinin əlverişsiz nəticələrə gətirib çıxaracağı ehtimalı olduqda; 2.16.3. icraçıdan asılı olmayan başqa səbəblər nəqliyyat vasitəsindən effektiv və təhlükəsiz istifadə edilməsinə maneçilik törədərsə və ya göstərilən xidmətlərin vaxtında başa çatdırılmasına mane olduqda. 2.16.4. Əsasnamənin 3.4-cü bəndinə görə göstərilən texniki xidmətlərin aparılması zamanı hərəkət üçün təhlükə yaradan nasazlıqlar aşkar edildikdə, icraçı bu Əsasnamənin 2.16-cı bəndində nəzərdə tutulmuş qaydalara əsasən hərəkət etməlidir. 4.10. Texniki xidmətlərin göstərilməsi üçün ehtiyat hissələri və materialları verən icraçı onların keyfiyyətinə təminat verməlidir. 4.11. İstehlakçıdan qəbul edilən nəqliyyat vasitəsi (ehtiyat hissələri, materiallar) itdikdə, korlandıqda, zədələndikdə icraçı istehlakçıya 1 aydan gec olmayaraq uyğun keyfiyyətli nəqliyyat vasitəsi (ehtiyat hissələri, materiallar) və ya itirilmiş (zədələnmiş) nəqliyyat vasitəsinin (ehtiyat hissələrinin, materialların) dəyərini və dəymiş ziyanı ödəməlidir. 4.12. Göstərilmiş texniki xidmətlərdə çatışmazlıqlar və ya onların səbəbləri barəsində istehlakçı ilə icraçı arasında fikir ayrılığı olduqda və ya mübahisə yarandıqda icraçının və yaxud istehlakçının təşəbbüsü ilə nəqliyyat vasitəsi ekspertizaya təqdim edilə bilər. Ekspertiza xərcləri müqavilə şərtlərinin icraçı tərəfindən pozulduğu müəyyən edildikdə icraçı tərəfindən, müqavilə şərtlərinin pozulmadığı müəyyən edildiyi halda isə istehlakçı tərəfindən ödənilməlidir. 4.13. Əsasnamənin 5-ci bəndinə görə nəqliyyat vasitələrinə texniki xidmət göstərilməsi haqqında müqavilənin öhdəliklərinin icra edilməsi və yaxud lazımi səviyyədə yerinə yetirilməməsi üçün icraçı qanunvericiliyə və müqavilə şərtlərinə müvafiq olaraq məsuliyyət daşıyır. 4.14. Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında Əsasnamənin 2.1-ci bəndi ilə müəyyən edilmişdir ki, texniki-təmir sahələrində avtonəqliyyat vasitələrinə texniki xidmət və onların təmiri üzrə müəyyən növ təminatlı texniki xidmətlər göstərilir. 4.15. Həmin Əsasnamənin 2.3-cü bəndinə görə nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələrinin işçilərinin peşəkarlıq yararlı lığı texnoloji prosesin tələblərinə müvafiq olmalıdır. 4.16. Əsasnamənin 2.4-cü bəndinə görə nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının işçilərin peşəkarlıq yararlığı texnoloji prosesin tələblərinə müvafiq olmalıdır. Mülki iş materiallarına “X1” markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki xidmət göstərilməsinə dair sənədlər əlavə edilməmişdir. Əgər nəqliyyat vasitəsinə texniki xidmət göstərilməsinə dair sənədlər əlavə olunmuş olsaydı texniki xidmət göstərmiş işçilərin təlimata uyğun peşəkarlıq səviyyəsi müəyyən edilərdi. Məhkəmə hesab edir ki, tətbiq olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə iddiaçının tələb etdiyi hazırki iş üzrə məhkəmə xərclərinə münasibətdə bildirir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbi baxımından iddia təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə aparılmış qiymətləndirmənin dəyəri olan 354 manat pul məbləği İddiaçı tutularaq "xxxx" MMC-nin ("xxxx" ASC-nin “İnşaatçılar” filialı, H/h AZ53AİİB400600C**********226, M/h AZ37NABZ**********0000001944, Kod 201360, SWİFT: AİİBAZ2X, VÖEN **********) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar