Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-169/2023 09.02.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Qasımov Xanbaba Alxas oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5885 manat, vəkil xidməti üçün ödənilmiş 200 manat, ərizənin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 79 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5885 manat və ərizənin verilməsi üçün dövlət rüsumu qismində ödənilmiş 79 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi “Chevrolet Cruise” markalı **-DB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 50 manat ödəmək şərti ilə icarəyə verilmişdir. Cavadbeh tərəfindən xx.xx.2022-ci il tarixidə qəza törədilmiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. Cavadbeh tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər mütəxəssislər tərəfindən 6100 manat məbləğində qiymətləndirilmişdir. Dəymiş zərərin 5000 manatı sığorta şirkəti tərəfindən qarşılanmış, 1100 manat pul məbləği ödənilməmiş saxlanılmışdır. Tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli müqavilənin 2.2.4-cü bəndinə əsasən icarəçi qəza baş verən gündən avtomobil təmirdən çıxan günədək təmirdə qalan günlərin hər günü üçün icarəyə götürülmüş avtomobilin bir günlük qiymətinin 70 faizini icarəyə verənə ödəməlidir. Nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təmirdə olmuş və cavabdehin müqavilənin 2.2.4-cü bəndinə görə 735 manat borcu yaranmışdır. Cavadbehin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən 4050 manat borcu yaranmışdır. Belə ki, nəqliyyat vasitəsi qəza zamanı 4050 manat əmtəə dəyərini itirmişdir. Beləliklə, cavabdehin nəqliyyat vasitəsinə dəymiş zərərə görə 1100 manat, nəqliyyat vasitəsinin təmirdə olduğu müddət üçün 735 manat, nəqliyyat vasitəsinin əmtəə dəyərini itirməsinə görə 4050 manat, cəmi 5885 manat borcu yaranmışdır. İddia ərizəsində tələbin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21.1, 21.2, 329.2, 406.1 və 700.1-ci maddələrinə istinad edilmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, həmçinin mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən məhkəmə bildirişinin cavabdehə çatdırılması üçün onun məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq yerli icra hakimiyyəti orqanına da göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı MMC MMC tərəfindən “Chevrolet Cruise” markalı **-DB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 1 günlük icarə haqqı 50 manat olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarəyə verilmişdir. Müqavilənin 1.3 və 2.2.3-cü bəndlərinə əsasən icarəyə verilən avtonəqliyyat vasitəsi tərəflərin razılığına əsasən 15500 manat dəyərində qiymətləndirilmiş.; İcarəçi avtonəqliyyat vasitəsini icarə müddəti bitdiyi gün və saat icarəyə verənə “təhvil-təlim aktı” na əsasən avtomobili aldığı kimi, təmiz, yuyulmuş halda geri qaytarmaq barədə öhdəlik götürmüşdür.; 2.2.4-cü bəndinə əsasən avtomobil icarədar tərəfindən yol qəza hadisəsi törədərsə avtomobilə vurulan zərərin 5000 manat hissəsini icbari sığorta şirkəti tərəfindən ödənilir, 5000 manatdan artıq olan hissədə ödənilməsinin məsuliyyəti isə icarədarın üzərinə düşür. Eyni zamanda avtomobilə dəymiş zərəri sığorta şirkəti ödəyənə qədər və avtomobil təmirdən çıxanadək təmirdə qalan günlərin hər günü üçün icarəyə götürdüyü avtomobilin bir günlük qiymətinin 70 faizini icarəyə verənə ödəməlidir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 05:56-da DİN-nin 102 zəng mərkəzi xidmətinə Binəqədi rayonu, Azadlıq prospekti, Qoşa YDM-nin yaxınlığında “Chevrolet Cruise” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ağaca çırpılması və nəticədə xəsarət alınması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında tərtib edilmiş raport Binəqədi RPİ-də “Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı” nda 758 sıra sayı ilə qeydə alınmış və araşdırma aparılmışdır.; qərarın nəticə hissəsindən görünür ki, cinayət işinin başlanılması rədd edilmiş, “Chevrolet Cruise” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürürcüsü Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Binəqədi RPİ DYPŞ-yə göndərilmişdir. Seriya TP, ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Məmmədov X1 Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2022-ci il tarixli “Nəqliyyat vasitəsinin (minik avtomobili) dəyərləndirilməsi barədə hesabat” dan (qüsur aktı) görünür ki, “Chevrolet Cruise” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyat hissələrinə görə 4950 manat, təmir prosesində icra olunan təmir-xidmət işlərinin dəyərinə görə 1150 manat, cəmi 6100 manat zərər dəymişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus “Chevrolet Cruise” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təmirdə olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 31 oktyabr 2022-ci il tarixli, 02-147/22 saylı mütəxəsis rəyində göstərilir ki, sığorta şirkəti tərəfindən dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabata əsasən “Chevrolet Cruise” markalı, **- DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün çəkilən xərcin dəyəri (zəhmət haqqı ilə birlikdə) 6100 manat təşkil edir. “Chevrolet Cruise" markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əmtəə dəyərinin itirilməsi nəticəsində dəymiş zərərin məbləği NV-nin bazar dəyərinin (13500) 30 faizi (itirilmiş əmtəə faizi) həcmində hesablanaraq 4050 manat təşkil edir. 2014-cü il buraxılışlı, qəzasız, rənglənməmiş və yaxşı vəziyyətdə olan “Chevrolet Cruise” markalı nəqliyyat vasitəsinin bazar dəyəri 13500 manat təşkil edir. Mülki Məcəlləyə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1). İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (700) . Əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür (701.2, 701.2.1). Əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür (675). Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir (689.1). Kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur (697.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (158.1, 158.2, 158.4). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096). Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (1108.1). “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci bəndinə əsasən icarə müqaviləsində icarəçinin öhdəliklərindən biri müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsidir. Həmin Qanunun 7-ci maddəsinin 5-ci bəndinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən İddiaçı MMC MMC tərəfindən “Chevrolet Cruise” markalı **-DB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 1 günlük icarə haqqı 50 manat olmaqla xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icrayə verilmiş, icarəyə verilən avtonəqliyyat vasitəsi tərəflərin razılığına əsasən 15500 manat dəyərində qiymətləndirilmiş, icarəçi avtonəqliyyat vasitəsini icarə müddəti bitdiyi gün və saat icarəyə verənə “təhvil-təlim aktı” na əsasən avtomobili aldığı kimi, təmiz, yuyulmuş halda geri qaytarmaq, yol qəza hadisəsi törədərsə avtomobilə vurulan zərərin 5000 manat hissəsini icbari sığorta şirkəti tərəfindən ödənilməsi, 5000 manatdan artıq olan hissədə ödənilməsi, avtomobilə dəymiş zərəri sığorta şirkəti ödəyənə qədər və avtomobil təmirdən çıxanadək təmirdə qalan günlərin hər günü üçün icarəyə götürdüyü avtomobilin bir günlük qiymətinin 70 faizini icarəyə verənə ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə saat 05:56-da Binəqədi rayonu, Azadlıq prospekti, Qoşa YDM-nin yaxınlığında “Chevrolet Cruise” markalı **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ağaca çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi törədilmiş, o, İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyan (zəhmət haqqı ilə birlikdə) 6100 manat, nəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək təmirdə olduğu müddət üçün ziyan qismində 735 manat, avtomobilin əmtəə dəyərinin itirilməsi nəticəsində dəymiş zərərin məbləği 4050 manat qiymətləndirilmişdir. İddia ərizəsində göstərilənə əsasən dəymiş zərərin 5000 manatı sığorta şirkəti tərəfindən qarşılanmışdır. MPM-in 14.2, 217.4, 218.3 və 241.1-ci maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Şərh olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, dəymiş zərərə görə 5885 (beş min səkkiz yüz səksən beş) manat və dövlət rüsumu qismində ödənilmiş 79 (yetmiş doqquz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 238, 241, 245, 253 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 5885 (beş min səkkiz yüz səksən beş) manat və dövlət rüsumu qismində ödənilmiş 79 (yetmiş doqquz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Masallı Rayon Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində - qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №e-2(050)-169/2023
Masallı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(050)-169/2023
09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver